AZ EN RU

“Naxçıvan” Universitetində “Zəfərdən-zəfərə 20 il” mövzusunda elmi konfrans keçirilib

Bu gün “Naxçıvan” Universitetində “Zəfərdən-zəfərə 20 il” mövzusunda elmi konfrans keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə fəaliyyətinə həsr edilən konfransda son iyirmi ildə ölkəmizin qazandığı nailiyyətlər və tarixi qələbələrə dair məruzələr dinlənililb.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.

Çıxış edən “Naxçıvan” Universitetinin rektoru, dosent Anar Kazımov 2023-cü ilin ölkəmizin tarixində ən şanlı illərdən biri olduğunu vurğulayaraq qeyd edib ki, Prezident İlham Əliyevin 2023-cü ili ölkəmizdə “Heydər Əliyev İli” elan etməsi xalqımız tərəfindən böyük sevinclə qarşılanıb. Məhz bu ildə Prezident İlham Əliyevin ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümünün qeyd edilməsi də xoş bir təsadüfdür.

Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 2003-2023-cü illər çoxəsrlik dövlətçilik tariximizin ən möhtəşəm və şanlı illəri kimi xüsusi əhəmiyyət daşıyır – deyə bildirən rektor Anar Kazımov deyib ki, müasir tariximizə möhtəşəm 20 il kimi yazılan ötən dövrdə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin inkişaf etdirərək yeni geosiyasi şərtlərə uyğunlaşdırdığı siyasət nəticəsində Azərbaycan Respublikası misilsiz inkişaf yolu keçib. Azərbaycanın müstəqilliyini Prezident İlham Əliyev genişmiqyaslı islahatlar həyata keçirməklə gücləndirdiyini, böyük çətinliklərindən çıxararaq dünyada söz sahibinə malik güclü dövlətə çevirdiyini deyən rektor Anar Kazımov ötən 20 il ərzində ölkəmizdə bütün sahələrdə inkişafa nail olunduğunu bildirib. Diqqətə çatdırıb ki, əsrə bərabər 20 ilin zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə əbədi yazılıb. Otuz ilə yaxın işğal altında qalmış torpaqlarımız 44 gün ərzində azad olunub. Qarabağın tacı, döyünən ürəyi olan Şuşanın fəthi tariximizə Zəfər Günü kimi yazılıb. Beləliklə də BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış qətnamələrini Azərbaycan özü icra edib. Eyni zamanda, bu il sentyabrın 19-da rəşadətli Ordumuzun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirlərinin qısa müddətdə öz müsbət nəticəsini verməsi, qarşıya qoyulan hədəflərə cəmi 24 saatda nail olunması Azərbaycanın növbəti tarixi Qələbəsidir.

 “Beləliklə, ötən 20 il bu gün bizə onu deməyə əsas verir ki, Şuşada, Xankəndidə – bütün Qarabağda Azərbaycan Bayrağını ucaldan, “Qarabağ Azərbaycandır!” formulunu dünyaya qəbul etdirən Prezident İlham Əliyev xalqı bundan sonra da öz arxasınca zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparacaq, mədəniyyətimizin, elmimizin əsas hamisi olaraq xalqın yanında olacaq. Hələ qarşıda Azərbaycan adına görüləcək çox işlər var. Biz bunları bacarmaq yolunda “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deyən və olan hörmətli Prezidentimizin Azərbaycan xalqı olaraq daima yanındayıq.

Daha sonra “Naxçıvan” Universitetinin İqtisadiyyat fakültəsinin dekanı, dosent Ceyhun Mahmudov, Pedaqoji fakültənin dekanı, dosent Lalə Allahverdiyeva çıxış edərək bildiriblər ki, İlham Əliyev Prezident seçildiyi 20 il ərzində xalqa verdiyi bütün vədləri yerinə yetirib. Diqqətə çatdırılıb ki, Ali Baş Komandan İlham Əliyevin siyasəti, Müzəffər Ordumuzun rəşadətli əsgər və zabitlərinin qəhrəmanlığı ilə 2020-ci il sentyabrın 27-də 30 illik Qarabağ həsrətinə cəmi 44 gün ərzində son qoyuldu. Bu Qələbəmizlə bir daha dünyaya sübut etdik ki, Azərbaycan xalqı qəhrəman, məğrur xalqdır və həmişə qalib xalq olaraq Müzəffər Ali Baş Komandan, qalib Lider İlham Əliyevə inanır, onun daha xoşbəxt gələcək vəd edən daxili və xarici siyasətini dəstəkləyir.

Gənclər adından çıxış edən, “Naxçıvan” Universitetinin Kompüter mühəndisliyi ixtisası üzrə IV kurs tələbəsi Bəşir Bəşirli Heydər Əliyev adına təqaüd almağını, öz fəaliyyətində ən böyük uğur olaraq qeyd edib.  

Sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin Prezident kimi fəaliyyətinin 20 illiyinə həsr olunan videoçarx nümayiş olunub.

Konfransın bədii hissəsində tələbələr tərəfindən Vətənə, qəhrəmanlığa, vətənpərvərliyə, Ulu Öndərə həsr olunan şeirlər oxunub, musiqilər səsləndirilib.

“Naxçıvan” Universitetinin mətbuat xidməti

Nəşr edilib : 22.12.2023 17:23