AZ EN RU

“Naxçıvan” Universitetində tələbələrlə maarifləndirici görüş keçirilmişdir

Bu gün Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Naxçıvan” Universitetində “ Gənc ailələrin sağlam olması gələcək nəsillərin sağlam olması deməkdir” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Universitetin pedaqogika və psixologiya kafedrasının müdiri Aytən Məmmədova qonaqları salamlamış, tədbirin mövzusu və mahiyyəti haqqında məlumat vermişdir.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının rəhbəri Eltun Həziyev “ Ailə dəyərlərimiz milli dəyərlərimizin əsasıdır” mövzusunda çıxış edərək muxtar respublikada ailələrə və xüsusilə də gənc ailələrə göstərilən dövlət qayğısından ətraflı bəhs edərək bildirmişdir ki, ailələrə hər tərəfli qayğı göstərmək, gənc ailələrin milli-mənəvi dəyərlər üzərində inkişaf etməsinə diqqət göstərmək və onların sosial vəziyyətlərinin yaxşılaşdırılmasına xidmət etmək bütün cəmiyyətin və dövlətimizin ən prioritet sahələrindən biridir. Çünki ailə mənsub olduğu xalq, millət haqqında ilkin təsəvvürlər yaradır, həm də milli-mənəvi dəyərlərin təcəssümü, daşıyıcısı rolunda çıxış edir. Ailə uşaqlara təhsilin, tərbiyənin öyrədildiyi, milli dəyərlərin köçürüldüyü əhəmiyyətli bir müəssisə, şəxsiyyətin  və xarakterin formalaşdığı başlanğıc mühit, nüvə təşkilatdır.  ölkəmiz müstəqilliyini əldə etdikdən sonra  milli fundamental dəyərləri saxlamaqla müasir dünyanın çağırışları ilə ayaqlaşan ailələrin formalaşması dövlətin başlıca siyasi xəttinə çevrilmişdir.

Aparat rəhbəri diqqətə çatdırılmışdır ki, Ailə Məcəlləsinə edilən dəyişiklik əsasında qızlar və oğlanlar üçün nikah yaşının 18-ə qaldırılması ailə üzvlərinin sağlamlığı, xüsusilə ana və uşaqların sağlamlığının mühafizəsi çox önəmli məsələlərdəndir. Tərəflərin nikahdan əvvəl məcburi tibbi müayinədən keçməsi ilə bağlı Ailə Məcəlləsinə edilən dəyişiklik isə həm ailələrimizin, həm də gələcək nəsillərin sağlamlığına xidmət edən mühüm amildir.

Məlumat verilmişdir ki, Muxtar respublikada ailələrin sağlamlıqlarının qorunması qarşıda duran əsas vəzifələrdəndir. Gənclərin sağlamlıqlarının qorunması, dünyaya gələn yeni nəslin sağlam doğulması və böyüməsi, körpə və ana ölümünün minimuma endirilməsinin daim nəzarətdə saxlanılmasının nəticəsidir ki, muxtar respublikada bu sahədə müsbət nəticələr əldə olunmuşdur.

Aparat rəhbəri ailə dəyərlərinin qorunub saxlanılması, ailə institutunun gənclər arasında möhkəmləndirilməsi, onların hüquqi biliklərinin artırılması və sağlamlıqlarının qorunması istiqamətində ətraflı məlumat vermişdir.

Sonra Naxçıvan Dövlət Universitetinin Tibb Fakültəsinin Ümumi təbabət klinik fənlər kafedrasının  müdiri, həkim-ginekoloq, dosent, tibb elmləri üzrə fəlsəfə doktoru Gültəkin Əliyeva “Nikahdan öncə gənclərin tibbi müayinələrdən keçməsi ailələrin sağlam olmasının əsas şərtlərindəndir” mövzusunda çıxış etmiş, vizual vəsaitlərdən istifadə etməklə gənc ailələrin və dünyaya gələcək körpələrin sağlamlıqları üçün preventiv tədbirlər haqqında ətraflı məlumat vermişdir.

“Nikah və nikah müqaviləsi ailələrin qorunma vasitələrindən biridir” mövzusunda çıxış edən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti bölməsinin rəisi Həbibə Əliyeva mövzu ətrafında ətraflı məlumat vermiş, müvafiq sahə ilə bağlı sualları cavablandırmışdır.

Daha sonra tədbir qarşılıqlı diskussiya şəklində davam etmişdir.

Tədbirin sonunda mövzuyla bağlı hazırlanmış broşürlər paylanılmışdır.

 

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq

Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 29.04.2022 11:41