AZ EN RU

“Naxçıvan” Universitetində Müstəqilliyin Bərpası Günü qeyd olunub

    “Naxçıvan” Universitetində 18 oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə öncə Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
    Azərbaycanın Şərqdə və İslam dünyasında öz müstəqilliyini elan edən ilk demokratik və dünyəvi dövlət olduğunu qeyd edən “Naxçıvan” Universitetinin rektoru, dosent Anar Kazımov bildirib ki, 1918-ci ildə öz dövlət müstəqilliyini elan edən müasir Azərbaycan Respublikası 1991-ci il 18 oktyabr tarixli Konstitusiya aktı ilə müstəqilliyini yenidən bərpa edib.
    Ulu Öndərin xalqın istəyi ilə Azərbaycana qayıdışı və müstəqilliyimizin təhlükə altına düşməsinin qarşısını alması, xalqımız üçün misilsiz xidmət göstərməsi barədə auditoriyaya geniş məlumat verən Anar Kazımov vurğulayıb ki, Ulu Öndər tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Prezident   cənab İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir.
    Qeyd olunub ki, “Heydər Əliyev İli”ndə Azərbaycan Bayrağını Xankəndidə, Xocalıda ucaldan dövlətimizin başçısı Ümummilli Liderin 20 il bundan öncə ona olan inamını, etimadını doğrultdu, verdiyi bütün vədləri yerinə yetirdi. Artıq biz qalib xalqın nümayəndələri, qalib dövlətin vətəndaşlarıyıq!
    Daha sonra “Naxçıvan” Universitetinin Ümumi tarix və beynəlxalq münasibətlər kafedrasının dosenti Emin Şıxəliyev və universitetin Tarix ixtisası üzrə II kurs tələbəsi Uğur Bağırovun çıxışları dinlənilib. Çıxışlarda Azərbaycan Xalq Cümhuriyyəti, Sovet işğalı və Azərbaycanın müasir dövr tarixlərinə ekskurs edilib, müstəqilliyin ilk illərində ölkəmizin üzləşdiyi təhlükələrə nəzər salınıb. Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri, 2003-cü ildən başlayaraq Prezident cənab İlham Əliyevin rəhbərliyində ölkəmizin əldə etdiyi uğurlar haqqında məlumat verilib. 
    Tədbirdə Müstəqilliyin Bərpası Gününə həsr olunan videoçarx nümayiş olunub. Tələbələr tərəfindən vətənpərvərlik mövzusunda mahnılar ifa edilib, şeirlər səsləndirilib.

“Naxçıvan” Universitetinin mətbuat xidməti

Nəşr edilib : 18.10.2023 16:55