AZ EN RU

“Naxçıvan” Universitetində Məzunlar Assosiasiyası yaradılıb

Bu gün “Naxçıvan” Universitetində ötən illərin məzunları ilə görüş keçirilib.
 Görüşdə “Naxçıvan” Universitetinin rektoru, dosent Anar Kazımov qonaqları salamlayaraq bu ali təhsil ocağının adını hər zaman uca tutduqlarına görə məzunlara minnətdarlığını bildirib.
 Anar Kazımov son vaxtlarda universitetdə görülən işlərdən, yeni layihələrdən söz açaraq qeyd edib ki, elmi sahədə əldə olunan yeniliklər, təhsilin keyfiyyətinin daha da yüksəldilməsi, beynəlxalq əlaqələr, dövlət və özəl müəssisələri ilə əməkdaşlıq bundan sonra daha geniş platformada davam etdiriləcək.

Görüşdə, həmçinin “Naxçıvan” Universitetində Məzunlar Assosiasiyasının yaradılması da qərarlaşdırılıb. Assosiasiyanın sədri isə 2013-cü ilin məzunu Nargilə Nəsirova seçilib. Qeyd edilib ki, iyun ayının əvvəllərində ilk iclası keçiriləcək Assosiasiyanın yeni loqosu, fəaliyyət planı da həmin iclasda müəyyənləşdiriləcək.
Məlumat üçün bildirək ki, Assosiasiyanın yaradılmasında əsas məqsəd universitet və məzunlar arasında körpü yaradaraq əməkdaşlıq qurmaqdır. Bu, həm məzunlar, həm də tələbələr üçün faydalı olacaq. Məqsəd eyni zamanda , “Naxçıvan” Univeristeti brendini məzunlar vasitəsi ilə Azərbaycanda və ölkə sərhədlərindən kənarda yüksəltməkdən ibarətdir.
Görüşdə çıxış edən məzunlar öz tələbəlik illərini, müəllimlərini yad edib xoş xatirələrini bölüşüblər.
Keçmiş məzunlar Ali məktəbdə aparılan islahatları, buradakı uğurları hər zaman izlədiklərini qeyd edib, Məzunlar Assosiasiyasını yaratdığı üçün Anar Kazımova təşəkkür ediblər.

Nəşr edilib : 16.05.2023 13:51