AZ EN RU

“Naxçıvan” Universitetində maarifləndirici tədbir keçirilib

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və “Naxçıvan”Universiteti ilə birgə 2023-cü il 22 fevral tarixdə “Naxçıvan” Universitetində “Gənc ailələrin sağlam olması gələcək nəsillərin sağlam olması deməkdir” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan “Naxçıvan” Universitetinin Tədris və tərbiyə işləri üzrə  prorektoru, dosent Nurlana Əliyeva qonaqları salamlamış, tədbirin mövzusu və mahiyyəti haqqında məlumat vermişdir.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının rəhbəri Eltun Həziyev “Ailə dəyərlərimiz milli dəyərlərimizin əsasıdır” mövzusunda çıxış edərək muxtar respublikada ailələrə və xüsusilə də gənc ailələrə göstərilən dövlət qayğısından ətraflı bəhs edərək bildirmişdir ki, ailələrə hərtərəfli qayğı göstərmək, gənc ailələrin milli-mənəvi dəyərlər üzərində inkşaf etməsini diqqət saxlamaq və onların sosial vəziyyətlərinin yaxşılaşdırılmasına xidmət etmək bütün cəmiyyətin və dövlətimizin ən prioritet sahələrindən biridir. Çünki ailə mənsub olduğu xalq, millət haqqında ilkin təsəvvürlər yaradır, həm də milli-mənəvi dəyərlərin təcəssümü, daşıyıcısı rolunda çıxış edir. Ailə uşaqlara təhsilin, tərbiyənin öyrədildiyi, milli dəyərlərin köçürüldüyü əhəmiyyətli bir müəssisə, şəxsiyyətin və xarakterin formalaşdığı başlanğıc mühit, nüvə təşkilatıdır. Ölkəmiz müstəqilliyini əldə etdikdən sonra milli fundamental dəyərləri saxlamaqla müasir dünyanın çağırışları ilə ayaqlaşan ailələrin formalaşması dövlətin başlıca siyasi xəttinə çevirilmişdir.

Aparat rəhbəri diqqətə çatdırmışdır ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə edilən dəyişiklik əsasında qızlar və oğlanlar üçün nikah yaşının 18-ə qaldırılması ailə üzvlərinin sağlamlığı, xüsusilə ana və uşaqların sağlamlığının mühafizəsi çox önəmli məsələlərdəndir. Tərəflərin nikahdan əvvəl məcburi tibbi müayinədən keçməsi ilə bağlı Azərbaycan Respublikasının Ailə Məcəlləsinə edilən dəyişiklik isə həm ailələrimizin, həm də gələcək nəsillərin sağlamlığına xidmət edən mühüm amildir.

Məlumat verilmişdir ki, muxtar respublikada ailələrin sağlamlıqlarının qorunması qarşıda duran əsas vəzifələrdəndir. Gənclərin sağlamlıqlarının qorunması, dünyaya gələn yeni nəslin sağlam doğulması və böyüməsi, körpə və ana ölümünün minimuma endirilməsinin daim nəzarətdə saxlanılmasının nəticəsidir ki, muxtar respublikada bu sahədə müsbət nəticələr əldə olunmuşdur.

Aparat rəhbəri ailə dəyərlərinin qorunub saxlanılması, ailə institutunun gənclər arasında möhkəmləndirilməsi, onların hüquqi biliklərinin artırılması və sağlamlıqlarıının qorunması istiqamətində ətraflı məlumat vermişdir.

Sonra Naxçıvan Dövlət Universitetinin Tibb fakultəsinin Ümumi təbabət klinik fənnlər kafedrasınınn müdiri, həkim-ginekoloq, dosent, tibb elmləri üzrə fəlsəfə doktoru Gültəkin Əliyeva “Nikahdan öncə gənclərin tibbi müayinələrdən keçməsi ailələrin sağlam olmasının əsas şərtlərindədir” mövzusunda çıxış etmiş, vizual vəsaitlərdən istifadə etməklə gənc ailələrin və dünyaya gələcək körpələrin sağlamlıqları üçün preventiv tədbirlər haqqında ətraflı məlumat vermişdir.

“Nikahın qeydə alınması” mövzusunda çıxış edən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti bölməsinin rəisi Həbibə Əliyeva mövzu ətrafında ətraflı məlumat vermiş, müvafiq sahə ilə bağlı sualları cavablandımışdır.

Daha sonra tədbir qarşılıqlı diskussiya şəklində davam etmişdir.

Tədbirin sonunda mövzu ilə bağlı hazırlanmış broşürlər paylanılmışdır.

Naxçıvan Muxtar Respublikası 
Ailə, Qadın və Uşaq Problemləri 
üzrə Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 22.02.2023 18:34