AZ EN RU

“Naxçıvan” Universitetində fərdi inkişaf forumu keçirilir

“Naxçıvan” Universitetində  Ulu Önder Heyder Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə “Gələcəyə doğru”  fərdi inkişaf formuna start verilib. Forumun proqramına başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb, Dövlət Himni ifa olunub.

Üç gün davam edəcək formun ilk günündə “Code Academy” təhsil müəssisəsi və Naxtel şirkətindən olan qonaqları salamlayan rektor Anar Kazımov “Naxçıvan” Universitetinin belə bir mötəbər tədbirə ev sahibliyi etdiyindən məmnunluğunu ifadə edib. Ümummilli Liderin əsasını qoyduğu dövlət gənclər siyasətindən danışan A. Kazımov müasir Azərbaycan gəncliyinin innovativ, yenilikçi, yaradıcı ideyaları ilə seçildiyini, onların modern layihələrinə dövlətimiz tərəfindən yüksək qiymət verildiyini vurğulayıb.

Anar Kazımov bildirib ki, Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Naxtel şirkəti və “Code Academy” mütəxəssisləri öz karyera təcrübələrini və müxtəlif sahələr üzrə ümumi biliklərini tələbələrlə bölüşəcəklər.
Forum açılışında çıxış edən Naxtel şirkətinin müdiri Kamil Yusifov və “Code Academi” təhsil müəssisəsinin  Marketinq Departamentinin müdiri Gülşən Cumayeva müstəqil Azərbaycanda uğurlu gənclər siyasətinin əsaslarının formalaşmasında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müstəsna xidmətlərindən bəhs ediblər.

Məlumat üçün bildirək ki, 19-21 may tarixlərində keçiriləcək və 600-ə yaxın iştirakçının qeydiyyatdan keçdiyi forumun bu gün “Rəqamsal marketinq” adlı ilk təlimi baş tutur.  Növbəti günlərdə isə “Qrafik dizayn” və “Proqramlaşdırma” təlimləri baş tutacaq. Təlimlərdə qeydiyyatdan keçərək iştirak edən şəxslərə iştirak sertifikatları, Naxtel şirkəti və “Code Academy” təhsil müəssisəsi tərəfindən hədiyyələr təqdim olunacaq.

Nəşr edilib : 19.05.2023 16:23