AZ EN RU

“Naxçıvan” Universitetində Beynəlxalq Şərq Konfransı keçirilib

    Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Türkiyənin Orta Şərq Texniki Universitetinin birgə təşkilatçılığı ilə “Naxçıvan” Universitetində “İnsan-kompüter qarşılıqlı əlaqəsi” mövzusunda Beynəlxalq Şərq konfransı keçirilib.

    Hibrid şəkildə keçirilən konfransın plenar iclasında çıxış edən “Naxçıvan” Universitetinin rektoru, dosent Nurlana Əliyeva qonaqları salamlayıb. Qeyd edib ki, “Naxçıvan” Universiteti 2021-ci ilin dekabr ayından start götürmüş və 2022-ci ilin oktyabr ayında yekunlaşacaq “İnsan-kompüter interfeysləri” sahəsində təhsilverənlərin peşəkarlığının yüksəldilməsi və beynəlxalq təcrübənin öyrənilməsi” qrant layihəsinin qalibi olub. Bu münasibətlə sözügedən layihənin yekun konfransı keçirilir.
    Rektor məlumat verib ki, layihə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 5 oktyabr 2021-ci ildə elan etdiyi “Ali və orta ixtisas təhsilinin 2021-2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsi çərçivəsində dəstəklənən 9 layihədən biridir. Layihə çərçivəsində keçirilən nəzəri və praktik təlimlərdə fəallıq göstərən “Naxçıvan” Universitetinin müəllimləri Türkiyənin Orta Şərq Texniki Universitetində İnsan-kompüter qarşılıqlı əlaqələri laboratoriyasında olublar.
    Nurlana Əliyeva Beynəlxalq Şərq konfransını insan-kompüter əlaqələri çərçivəsində innovativ ideyaları və müxtəlif mövzuları müzakirə etmək üçün tədqiqatçıları, alimləri, proqram təminatı tərtibatçılarını, mütəxəssisləri birləşdirən bir forum kimi dəyərləndirib. Qeyd edib ki, tədqiqatçılar və təcrübəçilər bu forumdan istifadə edərək yeni texnologiyaya əsaslanan həllər haqqında öz baxışlarını mübadilə edə biləcəklər.
    Plenar iclasda “İnsan-kompüter interfeysləri” sahəsində təhsilverənlərin peşəkarlığının yüksəldilməsi və beynəlxalq təcrübənin öyrənilməsi” qrant layihəsinin rəhbəri Şamil Hümbətovun hesabat çıxışı olub. Sonra məruzələr dinlənilib.
    Yekun konfransda, həmçinin layihənin eksperti, sahə üzrə dünya şöhrətli alim – Türkiyənin Orta Şərq Texniki Universitetinin professoru Kürşat Çağıltayın Azərbaycan dilinə tərcümə olunmuş “Nəzəriyyədən təcrübəyə İnsan-kompüter qarşılıqlı əlaqəsi və istifadəyə yararlılıq mühəndisliyi” kitabının təqdimatı da keçirilib.
    Qeyd edək ki, “İnsan-kompüter qarşılıqlı əlaqəsi” mövzusunda keçirilən Beynəlxalq Şərq konfransına Azərbaycan, Türkiyə, Qırğızıstan, Malayziya, Tailand və İtaliyadan, ümumilikdə, 160 müəllifin 91 məqaləsi daxil olub. Konfransın elm komitəsi tərəfindən sadəcə 75 məqalə qəbul olunub.

“Naxçıvan” Universitetinin 
mətbuat xidməti

Nəşr edilib : 12.09.2022 19:44