AZ EN RU

“Naxçıvan” Universitetində 2 Fevral- Azərbaycan Gəncləri Günü qeyd olunub

Bu gün ali təhsil ocağında “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi” çərçivəsində “Gənclər gələcəyimizdir!” adlı tədbir keçirilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycanda həyata keçirilən gənclər siyasətinə dair videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən “ Naxçıvan” Universitetinin rektoru, dosent Anar Kazımov Azərbaycan Gəncləri Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib, gənclərin hər bir dövlətin gələcəyi, cəmiyyətin aparıcı qüvvəsi olduğunu bildirib. Qeyd edib ki, bu əlamətdar günün məqsədi gənclərə diqqət və qayğı göstərməklə yanaşı, onların problemlərinin həlli istiqamətində mühüm işlərin görülməsidir.

Rektor Anar Kazımov əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxdığını bildirib. Əlavə edib ki, Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib, həmin vaxtdan etibarən Azərbaycan gəncliyinin yeni erası başlayıb və gənclərin fəaliyyəti daim dövlətin diqqət mərkəzində olub.

“Universitetdə gənclərin peşəkar mütəxəssis kimi yetişmələri üçün əlverişli mühit formalaşdırılmışdır” - deyə qeyd edən Anar Kazımov gənclərin hərtərəfli inkişafı üçün ali təhsil ocağında tələbəyönümlü təhsil sisteminin yaradıldığını da diqqətə çatdırıb. Bildirib ki, “Naxçıvan” Universitetində gənclərin fəaliyyətinin stimullaşdırılması üçün il ərzində əhəmiyyətli tədbirlər görülüb. Belə ki, tələbələrin yerli və xarici universitetlərlə aparılan tələbə mübadiləsi proqramlarına cəlbi universitetdə gənclərə göstərilən diqqətin bariz nümunələrindən biridir.

Daha sonra Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev çıxış edərək ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətindən danışıb. O, XXI əsrdə Azərbaycanın firavan gələcəyinin təmin olunmasında gənclərimizin üzərinə böyük vəzifələrin düşdüyünü bildirib.

Gənclərin millətin inkişafının təməl daşı, müstəqilliyimizin qorunub-saxlanılmasında gələcəyimizin qarantı olduğunu deyən Cəbi Quliyev Azərbaycanda gəncliyin inkişafı istiqamətində mühüm tədbirlərin həyata keçirilməsinin ölkə siyasətinin prioritetlərindən olduğunu qeyd edib.

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri səlahiyyətlərini icra edən nazir müavini Məcid Seyidov Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasətinin bu gün uğurla davam etdirildiyini bildirib: “Bu siyasətin sayəsində Azərbaycan idmanı və gənclər sektoru böyük tərəqqiyə nail olub. Azərbaycanda gənclər sahəsində tədbirlər kompleks şəkildə hazırlanır və həyata keçirilir. Bunun nəticəsində ölkədə gənclərlə iş sahəsində ciddi keyfiyyət dəyişiklikləri əldə edilib, gənclərin ictimai həyatda rolu önəmli dərəcədə artıb”-deyə Məcid Seyidov vurğulayıb.

“Naxçıvan” Universiteti üzrə Tələbə Elmi Cəmiyyətinin sədri, “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisası üzrə II kurs tələbəsi Murad Qənbərov qeyd edib ki, bu gün biz gənclər Müzəffər Ali Baş Komandanın qətiyyət və iradəsi sayəsində qalib xalqın nümayəndələri olmaq qürurunu yaşayırıq.  

Daha sonra tədbir musiqili kompozisiya ilə davam edib.

Sonda muxtar respublikanın ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən bir qrup istedadlı tələbəsi diplomla təltif olunub.

Nəşr edilib : 02.02.2024 17:57