AZ EN RU

“Naxçıvan” Universiteti: yeni çağırışlar və yeni hədəflər - FOTOLAR

    Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsi və yüksəldilməsi, Azərbaycan gənclərinə aparıcı ölkələrin ali təhsil standartları çərçivəsində keyfiyyətli təhsil almaq imkanlarının yaradılması günümüzün aktual və mühüm məsələlərindən biridir. Məhz bu nöqteyi-nəzərdən yanaşaraq Azərbaycan ali təhsil sisteminin bərabər və tamhüquqlu subyekti kimi “Naxçıvan” Universitetində də, xüsusilə 2022-2023-cü tədris ilinin II yarım ilindən etibarən tədris prosesinin təşkili, təlim prosesinin günün tələbləri səviyyəsində qurulması istiqamətində adekvat addımlar atılır. 

    Təhsil sisteminin inkişafı istiqamətində qarşıya qoyulan tələblərə uyğun olaraq son aylarda universitetdə təlim-tədris prosesinin gedişində şəffaflıq təmin edilmiş, əmək bazarının tələblərinə və dünya standartlarına uyğun kadrların yetişdirilməsi yönündə işlər görülməyə başlanmışdır. Belə ki, “Naxçıvan” Universitetində dünya ali təhsil ocaqlarının tətbiq etdiyi təcrübə və layihələrdən – müəllim və tələbə mübadiləsi, ikili diplom və MBA proqramlarından istifadə yönündə məqsədyönlü və ardıcıl tədbirlər həyata keçirilməkdədir. Bir faktı qeyd edək ki, yuxarıda vurğuladığımız hədəflərə nail olmaq üçün ölkə daxili və ölkə hüdudlarından kənarda fəaliyyət göstərən universitetlərlə birgə əməkdaşlıq protokolları imzalanmışdır. Bunun başlıca səbəblərindən biri “Naxçıvan” Universitetinin nəinki ölkə hüdudlarında, hətta onun ölkə hüdudlarından kənarda da tanınmasıdır. Başqa sözlə desək, “Naxçıvan” Universitetinin Türkiyə Ali Təhsil Şurası tərəfindən tanınması universitetimizin qardaş ölkə universitetləri ilə əməkdaşlığında geniş imkanlar və üfüqlər açmışdır. Türkiyənin Qars Qafqaz Universiteti, Eskişəhər Osman Qazi Universiteti, Sivas Cümhuriyyət Universiteti və bir sıra digər universitetləri ilə birgə əməkdaşlıq məsələlərinin müzakirəsi qeyd etdiklərimizin bariz nümunəsidir. Bütün bunlarla yanaşı, “Naxçıvan” Universitetinin İspaniya, Litva, Makedoniya, Özbəkistan və digər ölkələrin ali təhsil müəssisələri ilə qarşılıqlı əməkdaşlığı istiqamətində müzakirələr hazırda davam etməkdədir. 
    Bir sözlə, “Naxçıvan” Universitetində həyata keçirilən dəyişikliklərin başlıca qayəsi ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq ölkəmizdə, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında yeni nəsil mütəxəssislərin yetişdirilməsi, ali təhsil ocağında təhsilin məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsidir. Bu baxımdan “Naxçıvan” Universitetində müəllim və tələbə mübadiləsi, ikili diplom və MBA proqramlarının tətbiqinin təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir. 
    Tələbə mübadiləsi proqramı “Naxçıvan” Universitetinin öz tələbələrinə aparıcı yerli universitetlərin və inkişaf etmiş ölkələrin ali təhsil standartları çərçivəsində keyfiyyətli təhsil almaq imkanlarının yaradılması istiqamətində atdığı addımların təzahür formalarından biridir. Bu proqram universitetimizin tələbələrinə “Naxçıvan” Universitetində təhsillərini davam etdirməklə yanaşı, onlara yüksək təhsil haqqı ödəmədən aparıcı yerli və xarici ölkə universitetlərində bir və ya iki semestrlik təhsil almaq imkanı yaradır. Yeni təhsil metodikası və sistemi ilə qarşılaşmağa, yeni insanlarla tanış olmağa, ömürlük dostluqlar qurmağa, müstəqil addım atmağa, təhsilin növbəti pillələrinə yiyələnmək yönündə təcrübə toplamağa imkan verən tələbə mübadiləsi proqramı ölkəmizin və muxtar respublikanın keyfiyyətli insan resurslarına olan ehtiyacını ödəməyə imkan verir. 2022-2023-cü tədris ilinin II yarım ilindən etibarən universitetdə, dünya təhsil sisteminin nailiyyətlərinin tətbiqi prosesi geniş vüsət almaqdadır. Bu tədbirlər çərçivəsində bəhs olunan dövrdə Azərbaycanın aparıcı ali təhsil qurumlarından biri olan Azərbaycan Dövlət İqtisad Universiteti ilə imzalanan qarşılıqlı əməkdaşlıq protokolu çərçivəsində tələbə mübadiləsi proqramına start verilmişdir. 
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nı əldə rəhbər tutaraq “Naxçıvan” Universitetində son aylarda təhsilin məzmun və keyfiyyət göstəricilərinin ikili diplom proqramları ilə müasirləşdirilməsi istiqamətində məqsədyönlü işlər görülməyə başlanmışdır. “Naxçıvan” Universitetində ikili diplom proqramlarının təsisi və tətbiqi istiqamətində görülməkdə olan işlərin başlıca hədəfi ali təhsil ocağında tədrisin dünyanın qabaqcıl ali təhsil müəssisələrinin tədris proqramlarına uyğun olaraq təşkil edilməsidir. Burada başlıca hədəf universitetin rəqabət qabiliyyətini artırmaq, araşdırma fəaliyyətinin keyfiyyətini yüksəltmək, tədris proqramlarını beynəlmiləlləşdirmək, “Naxçıvan” Universitetinin dünya təhsil məkanında yer tutmasına nail olmaqdır. Məhz bu baxımdan ikili diplom proqramı çərçivəsində Türkiyənin Qars Qafqaz və Eskişəhər Osman Qazi Universitetləri ilə ilkin razılığa gəlinmiş, tədris proqramlarının birgə hazırlanması istiqamətində işlər davam etdirilməkdədir.
    Növbəti tədris ilindən tətbiqi nəzərdə tutulan ikili diplom proqramı tələbələrə əmək bazarının tələblərinə uyğun bilik və bacarıqlara yiyələnmək, proqram çərçivəsində əməkdaş olan universitetlərin hər ikisi tərəfindən diplom almaq, əldə etdikləri diplomun hər iki universitetin təmsil etdiyi dövlət və dövlət qurumları tərəfindən tanınmaq şansı verəcəkdir ki, bu da universitetin marka dəyərinin yüksəlməsinə və onun məhsulu olan tələbələrin əmək bazarında iş tapma imkanlarının yüksəlməsinə səbəb olacaqdır.
    “Naxçıvan” Universitetinin ali təhsil müəssisələri arasında rəqabət qabiliyyətliliyinin artırılması istiqamətində atdığı addımlardan biri universitetdə artıq həyata keçirilməkdə olan MBA (Master Business Administration – Biznesin İdarə Olunması) proqramıdır. 2022-2023-cü tədris ilinin II yarım ilindən universitetimizdə reallaşdırılmaqda olan MBA proqramı üzrə uğurlar əldə edilmişdir. Universitetin 2023-2024-cü tədris ilində MBA proqramı üzrə elan etdiyi sənəd qəbulu uğurla yekunlaşmış və plan üzrə müəyyən olunmuş 20 yer artıq dolmuşdur. Universitetdə təşkil olunmuş MBA proqramı çərçivəsində istənilən ixtisasın bakalavr pilləsini bitirmiş tələbələrə iqtisad elminin incəlikləri, idarəetmə və liderlik bacarıqları, əməliyyatların idarə edilməsi və şirkətlərdə idarəetmə prosesinə rəhbərlik etmə üzrə 2023-2024-cü tədris ilindən başlayaraq elmi və akademik təlimlər veriləcəkdir. Bu təlimlər sayəsində MBA proqramında iştirak edən şəxslər təkmil idarəetmə bacarıqları əldə edə və tutduqları vəzifələrdə daha yaxşı idarəçilik nümayiş etdirə bilərlər. Başqa sözlə desək, MBA proqramı bu proqrama yiyələnmək istəyənlərə iş və şəxsi həyatında üstünlük və imtiyaz əldə etməyi vəd edir. Marketinq və reklamdan biznes idarəçiliyinə, insan resurslarından elektron ticarətə qədər geniş perspektivdə bilik verməyi hədəfləyən MBA proqramı tələbələrə iş dünyasında və əmək bazarında çox aspektli imkanlar təklif edir. 
    Qeyd edək ki, “Naxçıvan” Universitetində ali təhsilin keyfiyyət parametrlərinin artırılması və bu ali təhsil ocağının marka dəyərinin yüksəldilməsi istiqamətində yeni çağırışlar edilmiş, yeni hədəflər müəyyənləşdirilmiş və universitet rəhbərliyi professor-müəllim heyəti ilə birlikdə bu istiqamətdə yaxın və uzaq perspektivə hesablanmış işləri səylə davam etdirməkdədir. 

Ceyhun MAHMUDOV 
“Naxçıvan” Universitetinin İqtisadiyyat fakültəsinin dekanı, 
İqtisad üzrə fəlsəfə doktoru, dosent

Nəşr edilib : 31.08.2023 19:01