AZ EN RU

“Naxçıvan” Universiteti tələbə mübadiləsi proqramına start verir

”Naxçıvan” Universiteti Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və ADA Universiteti ilə imzaladığı əməkdaşlıq müqavilələri çərçivəsində 2023-2024-cü tədris ilinin ikinci yarımilində tələbə mübadiləsi proqramına start verir. Diqqətə çatdıraq ki,  hər iki ali təhsil müəssisəsi ilə həyata keçiriləcək tələbə mübadilə proqramları Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə töhfə olaraq davam etdiriləcəkdir.

Mübadilə proqramları çərçivəsində “Naxçıvan” Universitetinin tələbələri 2023-2024-cü tədris ilinin ikinci yarımilində bir semestr ərzində təhsillərini həm Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC), həm də ADA Universitetində davam edə biləcəklər. Həmçinin sözügedən universitetlərin tələbələri də bir semestr ərzində təhsillərini “Naxçıvan” Universitetində davam etdirə biləcəklər.

Namizədlərin seçimi müsabiqə yolu ilə həyata keçiriləcəkdir. Bu məqsədlə artıq “Naxçıvan” Universitetində müsabiqə komissiyası da yaradılıb. Son müraciət tarixi isə 14 yanvar 2023-cü il tarixidir.

Məlumat üçün bildirək ki, 26 aprel 2023-cü il tarixində Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və 2 sentyabr 2023-cü il tarixində isə ADA Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalanıb. ADA Universiteti ilə mövcud əməkdaşlıq müqaviləsi çərçivəsində artıq “Naxçıvan” Universitetinin Kompüter mühəndisliyi ixtisası üzrə III kurs tələbəsi Oğuz Məmmədov 2023-2024-cü tədris ilinin birinci yarımilində sözügedən universitetdə mübadilə proqramına cəlb olunub. 

“Naxçıvan” Universitetinin mətbuat xidməti

Nəşr edilib : 11.01.2024 17:51