AZ EN RU

“Naxçıvan” Universiteti səmərəli və keyfiyyətli təhsil təminatı ilə tələbələrin hədəflərinin reallaşmasına öz töhfələrini verməkdədir

    Son illər ölkəmizdə həyata keçirilən təhsil siyasəti innovasiyaları, Azərbaycanda dünya səviyyəli ali təhsil xidmətləri göstərə bilən universitetlərin formalaşmasını və ölkəmizin ən cəlbedici ali təhsil məkanlarından birinə çevrilməsinə hədəfləyib. İnformasiya texnologiyalarının inkişafı və qloballaşma ilə birlikdə, ali təhsildə beynəlmiləlləşmə əhəmiyyətli bir inkişaf strategiyası yaradıb. Beynəlxalq rəqabətə və əməkdaşlıq şəbəkələrinə aktiv şəkildə qoşulmanı tələb edən bu strategiya, elmi və texnoloji proseslərdə iştiraketmə, təhsil-araşdırma təcrübəsi və resurslarını birləşdirmə, maddi resurslara çıxış, institusional potensialı təkmilləşdirmə və keyfiyyətli insan resursu cəlbetmə baxımından mühüm əhəmiyyət kəsb edir. Bu strategiya “Naxçıvan” Universitetində də uğurla icra olunur. Universitetlə yaxından tanışlıq üçün ali təhsil müəssisəsinin Tədris hissə müdiri Anar Abuzərli ilə həmsöhbət olduq.

    Öyrəndik ki, 1999-cu ildə təsis edilən “Naxçıvan” Universiteti hazırda 2000-dən yuxarı tələbənin, eyni zamanda tədrislə əhatə oluna biləcəyi universitet şəhərciyidir. Tədris ocağında tədrisin təşkilində İnformasiya-kommunikasiya texnologiyalarından istifadəyə xüsusi fikir verilir. Bütün binalarda qabaqcıl dünya universitetlərindən geri qalmayan elektron nəzarət və idarəetmə sistemləri quraşdırılıb, elektron təhsil üçün tam infrastruktur yaradılıb. Bütün mühazirə otaqları ən müasir modifikasiyalı elektron lövhələrlə təchiz edilib. Anar Abuzərli deyir ki, hazırda universitetdə istifadə olunan 441 kompüterin hər biri internetə qoşulub, onlardan 343-ü tələbələrin ixtiyarına verilib. Bundan başqa, mühazirə otaqlarında quraşdırılmış 18 elektron lövhə tədrisin yüksək səviyyədə təşkilinə xidmət edir. 2015-ci ildən başlayaraq universitetdə 100 meqabit sürətində internetdən istifadə olunur.

    Dünyanın qabaqcıl ali təhsil müəssisələrində olduğu kimi, 2021-2022-ci tədris ilində “Naxçıvan” Universitetində də STEAM mərkəzi yaradılıb. Bu mərkəzin yaradılması – Kompüter mühəndisliyi və İnformasiya texnologiyaları ixtisaslarında təhsil alan tələbələrin nəzəri biliklərinin müasir təcrübi metodlarla daha da möhkəmləndirilməsinə, həmçinin müasir çağırışlara cavab verən yeni innovativ üsulların öyrənilməsinə xidmət edir. Görülən işlərin nəticəsidir ki, Naxçıvan şəhərində keçirilən “STEAM təhsil festivalı”nda “Naxçıvan” Universitetinin STEAM komandasının təqdim etdiyi layihələr festivalda “Yaşıl” texnologiyalar nominasiyası üzrə II, “Sosial texnologiyalar” nominasiyası üzrə isə III yerə layiq görülüb. Bundan başqa, qeyd edək ki, universitet Bakı şəhərində keçirilən “Teknofest Azərbaycan” tədbirində də iki layihə ilə iştirak edib və uğurlu təqdimatla yadda qalıb.
    Anar müəllimin sözlərinə görə, “Naxçıvan” Universitetində tədrisin təşkili ilə 92 nəfər professor-müəllim heyəti məşğul olur ki, onlardan 2-si professor, 2-si elmlər doktoru, 21-i dosent, 69 nəfəri isə müəllimdir. Əməkdaşlardan 1-i Azərbaycan Respublikasının, 1-i isə Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimidir. Burada təhsilin bakalavriat səviyyəsində 22 ixtisas üzrə 1361 tələbə, magistratura səviyyəsində 8 ixtisas üzrə 26 tələbə, doktorantura səviyyəsində 14 ixtisas üzrə 31 tələbə təhsil alır. 2022-2023-cü tədris ilindən başlayaraq bakalavriat səviyyəsində daha üç yeni ixtisasın – Filologiya – Azərbaycan dili və ədəbiyyat, Tarix, Ekologiya mühəndisliyi kimi ixtisasların açılması nəzərdə tutulur.

    Öyrəndik ki, təkcə bu il “Naxçıvan” Universiteti bir beynəlxalq konfransa ev sahibliyi edib, əməkdaşlar 30 beynəlxalq, 2 respublika konfransında iştirakçı olublar. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2022-ci il 17 yanvar tarixli Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikasında 2022-ci ilin “Sənaye ili” elan edilməsi ilə bağlı universitetdə 29 aprel 2022-ci il tarixdə elmin istehsalatda tətbiqinə, elmi araşdırma və tədqiqatlara həsr olunmuş “Naxçıvan Muxtar Respublikasında sənayenin diversifikasiyası beynəlxalq iqtisadi inteqrasiya amili kimi” mövzusunda beynəlxalq konfrans keçirilib.
    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamı ilə muxtar respublikanın təhsil tarixində yeni bir dövrün başlanğıcı qoyulduğunu qeyd edən Tədris hissə müdiri deyir ki, bu sərəncamla, universitetdə 15-ə yaxın ixtisas 10-a yaxın təşkilata hamiliyə verilib. Bu mühüm qərar kadr potensialının inkişafı ilə yanaşı, gənclərin istedadlarının üzə çıxarılması, ideyaların reallaşdırılması və startap təşəbbüslərinin dəstəklənməsi sahəsində mühüm addımdır. “Naxçıvan” Universiteti də elmi yeniliklər və innovasiyaların dəstəklənməsi təşəbbüsünə qoşularaq bu sahədə addımlarını atmaqdadır. 
    Anar Abuzərli deyir ki, muxtar respublikamızda ali təhsilin beynəlmiləlləşməsi və ali təhsil sahəsində beynəlxalq əlaqələrin inkişafı diqqət mərkəzində saxlanılır. Bu diqqətin nəticəsidir ki, “Naxçıvan” Universiteti dünyanın 52 universiteti ilə tədris və elmi sahədə əlaqə saxlayır, Beynəlxalq əlaqələr şöbəsi universitetin beynəlxalq mühitə inteqrasiyasına, müxtəlif universitetlərlə əlaqələrin yaradılmasına, beynəlxalq təlim və proqramlarda iştirakına şərait yaradır. Erasmus+ proqramı çərçivəsində layihələrin icrası uğurla davam etdirilməkdədir. Belə ki, cari tədris ilində EQAC layihəsinin icrası uğurla tamamlanıb və layihənin davamlılığının təminatı üçün universitetdə Keyfiyyət Təminatı Mərkəzi yaradılıb. Cari ildən “Naxçıvan” Universiteti ECAR – Azərbaycanda Rektorlar Konfransının yaradılması adlanan növbəti irimiqyaslı beynəlxalq layihənin tərəfdaşı olub. Bu layihə bu ildən başlayaraq aktiv şəkildə icra edilməkdədir. Layihə çərçivəsində Bakı şəhərində müxtəlif təlimlər olub. Onu da qeyd edək ki, bu il Erasmus+ proqramı çərçivəsində Rumıniyanın Piteşti Universiteti ilə olan müqavilə yenilənib və növbəti ildən bu istiqamətdə işlərin icrası davam etdiriləcək. Eləcə də Erasmus+ KA 107 çərçivəsində Litvanın Mikolos Romerius Universiteti ilə tələbə və müəllim heyətinin mobilliyini təmin etmək məqsədilə müqavilə imzalanıb, növbəti tədris ilindən bu ali təhsil müəssisəsi ilə mübadilə davam edəcəkdir. İspaniyanın Valladolid Universiteti ilə ikili müqavilə imzalanıb, xarici dillər fakültəsinin iki tələbəsi Allahverdi Muradov və İlqar Novruzov bir semestrlik mübadilə proqramının qalibi kimi Valladolid Universitetində təhsil almaq hüququ əldə edib. Həmçinin universitetin doktorantlarından olan Dilarə Əsgərova və Selcan Abdullayeva İspaniyanın Valladolid Universitetində sentyabr ayından etibarən bir semestr tədqiqat aparmaq üçün seçiliblər. “Naxçıvan” Universitetində beynəlxalq əlaqələri genişləndirməklə yanaşı, universitetə əcnəbi tələbələrin cəlbi də diqqət mərkəzində saxlanılır. 2021-2022-ci tədris ilində universitetdə 86 əcnəbi tələbə təhsilini davam etdirib. Onlardan 66-sı Türkiyə, 7-si Nigeriya, 13-ü İran İslam respublikası vətəndaşıdır.
    Anar müəllim deyir ki, bu il may ayının 13-də “Naxçıvan” Universitetinin Xarici dillər fakültəsində Alman dili Tədrisi Mərkəzinin açılışı olub. Bu məqsədlə Almanya Federativ Respublikasında fəaliyyət göstərən Würzburg Universitetinin professoru Sieglinde Hartmann, Maurer nəşriyyat evinin direktoru Hans Jürgen Maurer, Alman Dili Tədris Mərkəzinin əməkdaşları, Bakı Slavyan Universitetinin professorları Sevinc Rzayeva, professor Leyla Bəylərova və Azərbaycan Dillər Universitetinin professoru Əfqan Abdullayev universitetdə keçirilən açılış mərasimində iştirak edərək təlim-məşğələlər təşkil ediblər. Həmçinin bu il may ayının 24-də universitetdə “Türk Dünyası Digital Vətəndaşlığı” layihəsinin məlumatlandırma günü təşkil olunub. Layihənin məqsədi Türk dünyası haqqında koqnitiv maarifləndirmə aparmaq, eyni soydan gələn gənclərin ortaq mədəniyyətə aid əsas dəyərlərin qazanmasını təmin etmək, bacarıqlarının inkişafına nail olmaqdır. Layihə çərçivəsində dünyanın 9 ölkəsindən 67 universitet ilə əməkdaşlıq protokolları imzalanıb.
    Anar müəllim qeyd edir ki, ölkəmizdə təhsilin inkişafına göstərilən qayğının nəticəsi olaraq hazırda 196 tələbə dövlət hesabına təqaüd alır ki, bunlardan 54-ü dövlət sifarişi, 100-ü isə əlavə təqaüd əsasında, 8-i valideyn himayəsindən məhrum, 24-ü müharibə veteranı olan, 10 nəfər tələbəmiz isə sağlamlıq imkanları məhdud tələbələrdir.
     Anar müəllimlə söhbət zamanı bir daha əmin olduq ki, qısa zaman kəsiyində mühüm və əhatəli perspektivlərə istiqamətlənərək böyük inkişaf yolu keçən “Naxçıvan” Universitetinin qazandığı müvəffəqiyyətlər davamlı olacaq, aparılan məqsədyönlü təhsil siyasəti nəticəsində universitet daha böyük nailiyyətlər əldə edərək ardıcıl uğurlara imza atacaq.

 Gülcamal TAHİROVA

Nəşr edilib : 09.08.2022 19:36