AZ EN RU

“Naxçıvan” Universiteti Özbəkistan Universitetləri İlə Əməkdaşlığı Genişləndirir

    “Naxçıvan” Universiteti və Özbəkistanın Jurnalistika və Kütləvi Kommunikasiya Vasitələri Universiteti arasında qarşılıqlı dəstək və  əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə olunub. Görüşdə universitetin Beynəlxalq əlaqələr və strateji inkişaf üzrə prorektoru Rza Məmmədov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruqiyyə Kərimova, Elm və innovasiyalar şöbəsinin müdiri Zamin Babazadə, universitetin müvafiq fakültələr üzrə dekanları və Özbəkistanın Jurnalistika və Kütləvi Kommunikasiya Universitetinin Tədqiqat və innovasiyalar üzrə prorektoru Nozima Fakhriddinovna və professor Nazira Taşpo’latova iştirak ediblər.
    Hər iki universitet arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi məqsədilə keçirilən görüşdə, media sahəsində əlaqələrin daha da genişləndirilməsi, birgə layihələrin icrası, ikili diplom proqramlarının reallaşdırılması, beynəlxalq təhsil proqramlarında birgə fəaliyyəti, müəllim- tələbə və təcrübə mübadiləsinin aparılması, qarşılıqlı səfərlərin təşkili, birgə təlimlərin keçirilməsi və digər məsələlər müzakirə olunub.
    “Naxçıvan” Universitetinin beynəlxalq əlaqələrində türkdilli ölkələrin ali təhsil müəssisələri ilə münasibətlərin qurulmasına xüsusi önəm verildiyini vurğulayan universitetin Beynəlxalq əlaqələr və strateji inkişaf üzrə prorektoru Rza Məmmədov bildirib ki, türkdilli ölkələr arasında münasibətlərin daha da inkişafında, xalqların yaxınlaşmasında elm, təhsil müəssisələri xüsusi rola malikdir. Rza Məmmədov Azərbaycan və Özbəkistan arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini bildirib və qeyd edib ki, eyni zamanda Şuşada Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratovla görüşdə iqtisadi tərəfdaşlığın müxtəlif istiqamətlər üzrə gücləndirilməsi barədə  birgə hökumətlərarası komissiyanın 12-ci iclası çərçivəsində bir sıra sənədlər də imzalanıb. Məhz bu baxımdan iki ali təhsil müəssisəsi arasında qarşılıqlı dəstək və əməkdaşlığın gücləndirilməsi ilə bağlı razılıq əldə olunması da labüddür.
    Özbəkistanın Jurnalistika və Kütləvi Kommunikasiya Universitetinin Tədqiqat və  innovasiyalar üzrə prorektoru Nozima Fakhriddinovna və professor Nazira Taşpo’latova maraqlı fikir mübadiləsinə görə görüşün iştirakçılarına təşəkkür ediblər.

“Naxçıvan” Universitetinin mətbuat xidməti

Nəşr edilib : 20.07.2023 18:22