AZ EN RU

“Naxçıvan” Universiteti ilə Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşlıq əlaqələri inkişaf etməkdədir

Azərbaycan Dövlət İqtisad Universiteti ilə “Naxçıvan” Universiteti arasında əməkdaşlığa əsaslanan əlaqələrin uğurlu inkişafı məmnunluq doğurur

Bu gün Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tədris üzrə prorektoru Gəray Musayev və rəhbərlik etdiyi  heyəti- Beynəlxalq əməkdaşlıq departamentinin direktoru Nərmin İbrahimova, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Ömərova, Kitabxana-İnformasiya Mərkəzinin direktoru Adilə Abdullayeva, UNEC Biznes Məktəbinin direktor müavini Dünya Mustafayeva və UNEC Extern tədris mərkəzinin direktoru Zaur Əziz “Naxçıvan” Universitetində olub.
İlk öncə universitetin maddi-texniki bazası və infrastrukturu ilə tanışlıq üçün infotur təşkil olunub. Ali təhsil ocağında yaradılmış şəraitlə, universitetin təhsil modeli və texniki infrastrukturu ilə yaxından tanış olan nümayəndə heyəti kitabxanada, imtahan otaqlarında, fakültələr üzrə auditoriyalarda olub, eləcə də STEAM komandası ilə görüşüb. STEAM mərkəzində baş tutan görüşdə komandanın startap layihələri ilə tanış olan qonaqlar komandanın yeni layihələrini və gələcək hədəflərini dinləyib. 
Qonaqlar daha sonra universitetin rektoru, dos. Anar Kazımov və inzibati heyət ilə görüşüblər. Görüşdə qonaqlara universitetin  missiyası, gündəlik tədris prosesi, təhsil bazası, fəaliyyət istiqamətləri, eləcə də xarici ölkələrin universitetləri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən proqramlarla bağlı brifinq təqdim edilib.
Görüş zamanı universitetin rektoru, dos. Anar Kazımov universitetin strukturu, professor-müəllim heyəti, tələbə kontingenti və son dövrlərdə ali təhsil ocağında gedən dəyişikliklər barəsində ətraflı məlumat verib. Görüşdə universitetlər arasında 26 aprel 2023-cü il tarixində imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində görülən işlər, digər istiqamətlər üzrə mövcud imkanlar və gələcək perspektivlər də müzakirə olunub. Bildirib ki, müqavilə çərçivəsində artıq bir çox işlərə start verilib. Belə ki, hibrid və onlayn dərslərinin təşkili, universitet müəllimlərinin UNEC-də təşkil olunmuş təlimlərdə iştirakı, Elmi Kitabxananın fəaliyyətinin təkminləşdirilməsinə dair görülən işlər bu silsilədəndir. Bununla yanaşı, Anar Kazımov yaxın günlərdə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə “Naxçıvan” Universiteti arasında reallaşacaq mübadilə proqramından da söz açaraq universitetimizdə seçim prosesinin təşkil olunmasından bəhs edib. Anar Kazımov universitetimizə göstərilən diqqətə görə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradova və UNEC əməkdaşlarına  “Naxçıvan” Universiteti kollektivi adından təşəkkür edib. 
Eyni zamanda rektor qeyd edib ki, “Naxçıvan” Universitetinin 2023-2024-cü tədris ilinin ikinci yarımilində həm ADA Universiteti, həm də Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasındakı mübadilə proqramlarının icrası  Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə töhfə olaraq davam etdiriləcəkdir.
Daha sonra isə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nümayəndə heyəti “Naxçıvan” Universitetinin müxtəlif şöbələrinin əməkdaşları ilə görüşüb, müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparıblar.

Nəşr edilib : 16.01.2024 21:32