AZ EN RU

“Naxçıvan” Universiteti ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

    “Naxçıvan” Universiteti ilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında əməkdaşlıq müqaviləsi imzalanıb. 
    Bu münasibətlə UNEC-in rektoru professor Ədalət Muradov, universitetin Tədris üzrə prorektoru dosent Gəray Musayev və Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru dosent Neman Muradlı “Naxçıvan” Universitetində olublar.
    “Naxçıvan” Universitetinin mövcud infrastrukturu ilə tanış olan rektor, professor Ədalət Muradov universitetin təhsil modelini yüksək qiymətləndirib.
    Tanışlıqdan sonra ali təhsil ocaqları arasında əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib. 
    Tədbirdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
    “Naxçıvan” Universitetinin rektoru, dosent Anar Kazımov bildirib ki, bağlanan müqavilə hər iki ali təhsil müəssisəsi arasında əlaqələrin möhkəmlənməsinə əlverişli şərait yaradacaq və elmi layihələrin həyata keçirilməsinə təkan verəcək.  Rektor rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti, buradakı təhsil, tədris prosesi, kadr hazırlığı istiqamətləri və mövcud ixtisaslar barədə məlumat verərək tədrisin keyfiyyətinin artırılması, elmi fəaliyyətin səmərəliliyinin yüksəldilməsi və universitet idarəçiliyində innovativ metodların tətbiq edilməsi istiqamətində islahatların aparıldığını bildirib. Dünya səviyyəli universitet olmaq yolunda sürətlə irəliləyən UNEC-lə əməkdaşlığın “Naxçıvan” Universiteti üçün mühüm faydalar verəcəyinə əminliyini bildirən Anar Kazımov tərəfdaş kimi hərtərəfli qarşılıqlı əməkdaşlığın reallaşdırılması üçün bütün imkanlardan istifadə ediləcəyini vurğulayıb.
    Rektor, professor Ədalət Muradov UNEC-in beynəlxalq əlaqələri, ikili diplom proqramları, beynəlxalq reytinqlərdəki mövqeyi barədə ətraflı məlumat verib. UNEC müəllimlərinin elmi fəaliyyətinin stimullaşdırılması, Diferensial Əməkhaqqı Sistemi, müəllimlərin pedaqoq və müəllim-tədqiqatçı kimi fərqləndirilməsi, elmi fəaliyyətin təşviqi istiqamətində tətbiq olunan digər yeniliklər iştirakçıların diqqətinə çatdırılıb, bu təcrübənin “Naxçıvan” Universiteti üçün də faydalı olacağı bildirilib.
    UNEC-in fəaliyyət istiqamətlərində regional universitetlərlə əməkdaşlığın prioritet olaraq müəyyənləşdirildiyini qeyd edən Ədalət Muradov universitetin regional universitetlərlə əməkdaşlıqda dünya praktikasında qəbul olunan yeni yanaşma ilə çıxış etdiyini, ikili diplom proqramının bu əməkdaşlığın əsas hədəfi olduğunu bildirib. UNEC ilə “Naxçıvan” Universiteti arasında əməkdaşlığın uğurlu olacağını bildirən professor Ədalət Muradov, bu ali təhsil müəssisəsinin ölkənin təhsil sistemində və regional universitetlər arasında qısa müddətdə qabaqcıl universitetə çevriləcəyindən əminliyini ifadə edib.
    İmzalanan əməkdaşlıq müqaviləsində universitetlər arasında müəllim və tələbə mübadiləsinin aparılması, birgə ikili diplom proqramlarının reallaşdırılması, elmi-tədqiqat işlərinin görülməsi və elmi konfransların təşkili nəzərdə tutulur. Distant təhsil, elektron universitet modeli, informasiya texnologiyaları sahəsində əməkdaşlığın genişləndirilməsi, universitetlər arasında antiplagiat sahəsində təcrübə mübadiləsinin aparılması da müqavilədə öz əksini tapıb. Danışıqların nəticəsi olaraq qeyd edilən layihələrin reallaşdırılması məqsədilə mütəmadi işgüzar görüşlər keçiriləcək. Belə görüşlərin keçirilməsinin əsas məqsədi “Naxçıvan” Universitetinin UNEC kimi digər universitetlərlə də əlaqələrinin təkmilləşdirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.
    İmza mərasimindən sonra qonaqlar tələbələrin ifasında maraqlı şeir və musiqi nömrələrini izləyiblər.  
 

                          
“Naxçıvan” Universitetinin
mətbuat xidməti

Nəşr edilib : 26.04.2023 14:32