AZ EN RU

"Naxçıvan" Universiteti Beynəlxalq Əlaqələri yeni və daha nəticəyönümlü səviyyəyə keçir

    “Naxçıvan” Universitetinin Beynəlxalq əlaqələr və strateji inkişaf üzrə prorektoru Rza Məmmədov və İqtisadiyyat fakültəsinin dekanı Ceyhun Mahmudov əməkdaşlıq imkanlarının müzakirəsi və əldə edilmiş təcrübələrin bölüşülməsi üçün Türkiyə Respublikasının Qars şəhərində fəaliyyət göstərən Qafqaz Universitetinə ezam olunublar.
    2-4 avqust 2023-cü il tarixləri arasında ezamiyyətdə olan heyət Qafqaz Universitetinin rektoru, professor Hüsnü Kapu, prorektorlardan professor Engin Kılıç və professor Selçuk Ural, Xarici əlaqələr şöbəsinin müdiri, professor Hacalı Necefoğlu, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, professor Erkan Tokucu və heyəti, Mühəndislik-memarlıq fakültəsinin dekanı, professor Fikret Akdeniz və heyəti ilə görüşlər keçirmiş, birgə fəaliyyət istiqamətləri üzrə müzakirə etmişdir.
    Heyət Qars Qafqaz Universitetinin rektoru Hüsnü Kapuya “Naxçıvan” Universitetinin rektoru Anar Kazımovun salamını çatdırmış və universitetin müəyyən etdiyi inkişaf strategiyası haqqında məlumat vermişdir. 
    Beynəlxalq əlaqələr və strateji inkişaf üzrə prorektor Rza Məmmədov və İqtisadiyyat fakültəsinin dekanı Ceyhun Mahmudov Qars Qafqaz Universitetinin idarə heyəti ilə təhsilin yeni standartlar əsasında birgə təşkili və bu çərçivədə tələbə-müəllim mübadiləsinin genişləndirilməsi, hər iki universitetdə tətbiq olunan mövcud təcrübələrin öyrənilməsi və bölüşülməsi, Qars Qafqaz Universitetinin təcrübəsi əsasında laboratoriya yönümlü fənlərin tətbiqi, bakalavr və magistratura pilləsində ikili diplom imkanları, elmi dərəcəli kadrların yetişdirilməsi perspektivləri və bu aspektdə görüləcək işlər haqqında danışıqlar aparmışlar.
    Danışıqların davamı olaraq “Naxçıvan” Universitetinin heyəti Qars Qafqaz Universitetinin İqtisadiyyat və idarəetmə, Mühəndislik-memarlıq fakültələrinin maddi-texniki bazası ilə tanış olmuşlar. Aparılan danışıqların reallaşdırılması çərçivəsində Qars Qafqaz Universitetinin rəhbərliyi “Naxçıvan” Universitetinə dəvət edilmişdir.

“Naxçıvan” Universitetinin 
mətbuat xidməti

Nəşr edilib : 04.08.2023 11:28