AZ EN RU

“Naxçıvan” Universiteti Avropa təhsil məkanına inteqrasiya yolunda - FOTOLAR

    Cəmiyyətin inkişaf yolu təhsildən keçdiyindən təhsilin gücü cəmiyyətin bütün sahələrinin inkişafına təsir göstərir. Bu gün Azərbaycan cəmiyyətində bütün sahələrdə olduğu kimi, təhsil sektorunda da keyfiyyətli dəyişikliklər baş verir və özünün ictimai, iqtisadi, mədəni xarakteri ilə daha dərin köklərə malik olduğunu göstərir. Hazırda Azərbaycan təhsil sistemini dünyanın ən mütərəqqi ölkələrinin təhsil prinsiplərindən istifadə etməklə təkmilləşdirir, məzmun və struktur dəyişiklikləri aparır. Ən başlıcası, dünyanın əşrəfi sayılan insanın həyati bacarıqlara malik bir şəxsiyyət kimi formalaşması istiqamətində səmərəli fəaliyyət göstərir.

    Dünyada baş verən qloballaşma prosesləri təhsilin də qloballaşmasına səbəb olmuşdur. Hazırda dünyada təhsil inkişaf edir və kadr hazırlığı işi böyük strateji əhəmiyyət daşıyır. Təhsil sisteminin və kadr hazırlığının qarşısında xüsusi vəzifələr, tələb-lər yaranır. 
    Ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələri dünyanın aparıcı ali məktəbləri ilə işgüzar əlaqələr qurur, müxtəlif layihələrdə birgə fəaliyyət göstərir, tələbə-müəllim mübadiləsi həyata keçirir. 
    Naxçıvan Muxtar Respublikasında yeganə özəl ali təhsil ocağı olan “Naxçıvan” Universiteti ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələri sırasında xüsusi yer tutur.
    “Naxçıvan” Universiteti 4 hektara yaxın özəlləşdirilmiş sahədə yerləşir. 2000-dən yuxarı tələbənin eyni zamanda təhsil ala biləcəyi universitet şəhərciyinə rektorluq binası, tədris korpusları, kitabxana binası, sosial-xidmət mərkəzi, yataqxana binası, idman və mədəniyyət kompleksi daxildir.
    Universitetdə fəaliyyət göstərən 4 fakültədə bakalavr səviyyəsində 16 ixtisas və magistratura səviyyəsində 7 ixtisas üzrə kadr hazırlığı yerinə yetirilir. Fakültələrdə kredit təhsil sistemi əsasında kadr hazırlığı ilə 8 kafedra məşğul olur. 
    2022-2023-cü tədris ilinin II yarısından “Naxçıvan” Universitetinin fəaliyyətində əsaslı dəyişikliklər müşahidə edilməkdədir. Son aylarda aparılan islahatlar, tədris prosesindəki yeniliklər sayəsində ali təhsil ocağının fəaliyyətində dinamik inkişaf müşahidə olunmaqdadır. Universitetin inzibati strukturunda dəyişikliklərin həyata keçirilməsi ali təhsilin bakalavr, magistratura və doktorantura səviyyələrinin və eləcə də professor-müəllim heyətinin elmi-pedaqoji fəaliyyətinin müasir dövrün tələbləri səviyyəsində qurulmasını təmin edəcəkdir. Qarşıya qoyulmuş vəzifələrin operativlik və şəffaflıq prinsipləri əsasında həyata keçirilməsi “Naxçıvan” Universitetinin əsas məqsədlərindən biridir.
    Universitetdə həyata keçirilən yeni struktur və inzibati kadr dəyişikliyi beynəlxalq arenaya sürətlə inteqrasiya etmək məqsədilə müasir ali təhsil müəssisələri qarşısında qoyulmuş vəzifələri həyata keçirməyi hədəfləyir.
    Ali təhsil ocağının Elmi Kitabxanası dünya kitabxana təcrübəsindən bəhrələnərək oxuculara yüksək səviyyədə xidmət göstərir. Kitabxananın fondunda müxtəlif dillərdə 21.000-dən artıq ədəbiyyat saxlanılır. Kitabxana həm respublika, həm də xarici ölkələrin universitet və kitabxanaları ilə beynəlxalq informasiya mübadiləsi aparır. 27 aprel 2023-cü il tarixdə “Naxçıvan” Universiteti ilə Azərbaycanın ən inkişaf etmiş universitetlərindən olan Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır. Bir çox sahələri əhatə edən müqavilənin əsas hədəflərindən biri də Azərbaycan Dövlət İqtisad Universitetinin Kitabxana İnformasiya Mərkəzinin (UNEC KİM) elektron kitabxanasının “Naxçıvan” Universiteti Elmi Kitabxanası daxilində professor-müəllim və tələbə heyətinin istifadəsinə verilməsi olmuşdur. Universitet heyəti və tələbələr UNEC KİM-in açıq girişi olan və abunə olduqları elektron bazalarındakı 1 milyona yaxın resursdan istifadə edə biləcəklər.
    “Naxçıvan” Universiteti Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə birgə tələbə mübadiləsinə də start vermişdir. Belə ki, İqtisadiyyat, Biznesin idarə olunması, Maliyyə, Mühasibat, Marketinq, Turizm işinin təşkili ixtisaslarında təhsil alan ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 71-100 bal arası olan II və III kurs tələbələri bir semestr müddətində mübadilə proqramında iştirak edə bilərlər.
    Bununla yanaşı, universitetdə həyata keçirilən yeniliklərdən biri də regionda fəaliyyət göstərən ali məktəblər sırasında ilk dəfə MBA (Biznes işinin təşkili ixtisası) proqramı üzrə magistr hazırlığının təşkil edilməsidir. Bununla bağlı aparılmış məqsədyönlü tədbirlər nəticəsində MBA proqramı üzrə qəbul göstəricisi 100 faiz olmuşdur.
    Artıq universitetin beynəlxalq mühitə inteqrasiyasına, müxtəlif universitetlərlə əlaqələrin yaradılmasına, beynəlxalq təlim və proqramlarda iştirakına daha çox diqqət ayrılmasına başlanılmışdır. Universitetin beynəlmiləlləşmədəki əsas missiyası yeni beynəlxalq əlaqələrin qurulması və universitetin dünya standartlarına uyğun beynəlxalq profilinin yaradılmasıdır. Milli və beynəlxalq rəqabətliliyin artırılması üzrə müxtəlif istiqamətlərdə əlaqələrin yaradılmasına, müqavilələrin imzalanmasına xüsusi diqqət ayrılmışdır. Bu baxımdan prioritet istiqamət qlobal təsirin gücləndirilməsi ilə yanaşı, universitetin güclü lokal şəbəkə və birliklər ətrafında birləşməsi, eləcə də biliklərin, qabaqcıl təcrübələrin və strategiyaların mübadiləsinin təmin edilməsidir. 
    Həyata keçirilən yeniliklərdən biri də ali təhsil müəssisəsinə əcnəbi tələbələrin qəbul prosesinin sadələşdirilməsi, universitetin onlar üçün əlçatan hala gətirilməsi olmuşdur. Belə ki, 2022-2023-cü tədris ilinin yaz semestrindən etibarən müraciətlərə birbaşa baxılması və operativliyin təmin edilməsi, Beynəlxalq əlaqələr şöbəsində əcnəbi tələbələrin təhsil almaq üçün müraciətlərinə baxılması, sənədləşdirmə və portal üzərindən müraciətlərin edilməsinə dəstək məqsədilə xidmət nümayəndələri təyin edilmişdir.
    Beynəlxalq əlaqələr, eyni zamanda universitetin daxili keyfiyyətinə də birbaşa töhfə verən sahədir. Buna uyğun olaraq “Naxçıvan” Universitetinin də tərəfdaş olduğu “Azərbaycan Rektorlar Konfransının yaradılması” adlı “Erasmus+” layihəsi çərçivəsində İsveç krallığının Stokholm şəhərində KTH Kral Texnologiya İnstitutunda təlim keçirilmişdir. Keçirilən təlimlərin əsas məqsədi universitetlərdə elmi-tədqiqat və innovasiya fəaliyyətlərinin inkişaf etdirilməsi olmuşdur. Eyni şəkildə 13 mart tarixdə Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və Bakı Biznes Universitetinin koordinatorluğu ilə həyata keçirilən “Azərbaycan Rektorlar Konfransının yaradılması” adlı “Erasmus+” layihəsi çərçivəsində Litvanın Vilnüs şəhərində Mykolas Romeris Universitetində keçirilən işgüzar görüşdə “Naxçıvan” Universitetinin rektoru, dosent Anar Kazımov iştirak etmişdir. Avropa təhsil sisteminin təcrübəsinə dair məlumatlar əldə edilmiş, tədrisin keyfiyyəti və inkişafı üzrə bir sıra məsələlər müzakirə olunmuş və yaxın gələcəkdə hər iki universitet arasında əməkdaşlıq müqaviləsinin bağlanmasına dair danışıqlar aparılmışdır. 
    Universitetin beynəlxalq əlaqələrinin genişləndirilməsi məqsədilə dünyanın ən iri elmi informasiya, analitik təhlil və nəşr şirkətlərindən biri olan tanınmış “ELSEVIER” şirkəti ilə əməkdaşlıq yaradılmışdır. Şirkətlə qurulmuş əlaqə nəticəsində beynəlxalq nəşrlərin tədris prosesində istifadəsini təmin etmək imkanı yaranacaqdır. 21 iyul 2023-cü il tarixdə “Naxçıvan” Universiteti ilə 113 milyon istifadəçisi olan “Coursera” onlayn təhsil şirkəti arasında əməkdaşlıq qurulmuş, “Naxçıvan” Universiteti Dördüncü Sənaye İnqilabının beynəlxalq təhsil imkanları və tələbələrin məşğulluğu sahəsində regional lider olma yolunda irəliləmək naminə addımlar atmağı hədəfləmişdir. 
    “Naxçıvan” Universitetində akademik mobilliyin inkişafı və potensialın gücləndirilməsi istiqamətində layihələrin icrasına başlanılmışdır. Belə ki, universitetimiz Erasmus+ KA171 proqramı çərçivəsində İspaniyanın Valladolid Universiteti ilə əməkdaşlıq müqaviləsi üzrə stuffweek, doktorant və dissertantlar üçün tədqiqat imkanları təklif etməkdədir. Bundan başqa, “Naxçıvan” Universiteti və Özbəkistanın Jurnalistika və Kütləvi Kommunikasiya Universiteti arasında qarşılıqlı dəstək və əməkdaşlıq əlaqələrinin perspektivləri ilə bağlı müzakirələr aparılmışdır. Eyni zamanda Türkiyə Respublikasının Qars şəhərində yerləşən Qafqaz Universiteti ilə səmərəli danışıqlar aparılmışdır. Nəticədə, təhsilin yeni standartlar əsasında birgə təşkili, tələbə-müəllim mübadiləsinin genişləndirilməsi, hər iki universitetdə tətbiq olunan mövcud təcrübələrin öyrənilməsi və bölüşdürülməsi, birgə lokal və beynəlxalq layihələrin hazırlanması, laboratoriya yönümlü fənlərin tətbiqi, birgə elmi konfrans və simpoziumların həyata keçirilməsi, elmi-tədqiqat imkanlarının artırılması istiqamətində fəaliyyətin təşkili, ikili diplom imkanları, elmi dərəcəli kadrların yetişdirilməsi perspektivləri ilə bağlı razılığa gəlinmişdir.
    Beynəlxalq reytinq göstəriciləri də universitetlər üçün aktual mövzulardan biridir. Bu sahədə “Naxçıvan” Universiteti ilə Times Higher Education arasında əməkdaşlıqla bağlı görüş keçirilmişdir. Həm strateji yol xəritəsi, həm də beynəlmiləlləşmə istiqamətində işlər görülmüşdür.
    Universitetin beynəlxalq imicinin yüksəldilməsi və modernləşməsi istiqamətində görülən işlər sırasına mübadilə proqramlarının artırılması, əcnəbi təhsil alanların cəlb olunmasının təşviqi, universitetin beynəlxalq səviyyəli təşkilatlara üzvlüyü, ikili diplom proqramlarının icrası və sayının artırılması da daxil edilmişdir.
    Bu müddət ərzində “Naxçıvan” Universiteti bir çox nüfuzlu tədbirlərə ev sahibliyi etmiş, gənc nəslin təlim-tərbiyəsində mühüm əhəmiyyət kəsb edən layihələrin icrasını uğurla həyata keçirmişdir. Məlumdur ki, ölkə başçısı cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Heydər Əliyev İli” elan edilmişdir. Bununla bağlı 25-26 may tarixlərdə “Naxçıvan” Universitetində “Heydər Əliyev və milli dövlətçilik məsələləri” mövzusunda respublika konfransı keçirilmişdir. Konfransda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, ADA Universitetinin rektoru, professor Hafiz Paşayev, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov, Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Asip Kaya, AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Mingəçevir Dövlət Universitetinin rektoru, dosent Şahin Bayramov, Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev, Naxçıvan Müəllimlər İnstitutunun rektoru, dosent Azad Novruzov, ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova və digər qonaqlar iştirak etdilər.     Bu konfrans Ulu Öndərimizin müstəqil dövlətimizin yaradıcısı və əbədiliyinin təminatçısı kimi misilsiz xidmətlərinin öyrənilməsi, universitetin ideoloji-strateji inkişafı, baxımından yüksək qiymətləndirilir. Konfrans respublikamızın digər nüfuzlu ali təhsil müəssisələri ilə daha sıx əlaqələrin yaradılmasına, əməkdaşlıq təşəbbüslərinin artmasına səbəb olmuşdur.
    Bu gün Azərbaycan təhsil sistemində fundamental işlərin həyata keçirilməsi müşahidə olunur. Avropa yönümlü təhsil məkanının formalaşması, Avropaya inteqrasiya kontekstində ali təhsilin inkişafı və əmək bazarına istiqamətlənmə, ali təhsilin keyfiyyətinin təmin olunması universitetin qarşısında duran vəzifələrdəndir. Ali təhsil müəssisələri getdikcə daha çox təhsil verməklə yanaşı, regionun iqtisadi, sosial və mədəni inkişafında aktiv rol oynayır, əmək bazarı, məşğulluq sahəsinə töhfə verirlər. 
    Qlobal dünyanın informasiya bolluğu şəraitində təhsilin vəzifələri dəyişir. Ağılın, intellektin inkişaf etdirilməsi ön plana keçir. Dünyanın təhsil məkanında, sadəcə, bilik və bacarıqlar deyil, dəyərlər, kompetensiyalar şəxsiyyətin inkişafında mühüm atributlar kimi qiymətləndirilir.
    Müstəqil Azərbaycan dövləti qloballaşan dünyanın bərabərhüquqlu subyekti kimi öz inkişafını, sadəcə, təbii sərvətlərin gətirdiyi dividentlərə bağlamır və mövcud resurslarını sırf insan faktorunun prioritetə çevrilməsi yönündə qurur.

    Yaradıcı, konstruktiv qərarlar qəbul etməyə, Vətənin və bütövlükdə, dünyanın taleyi üçün məsuliyyəti dərk etməyə qadir insan yetişdirməyi, peşə bacarıqlarına malik kadrlar hazırlamağı qarşıya məqsəd qoyan “Naxçıvan” Universiteti öz fəaliyyətini innovativ yanaşmalar fonunda qurmaqla sürətli inkişaf yoluna qədəm qoymuşdur. Universitetin həyatında müşahidə olunan yeniliklər, aparılan yeni quruculuq tədbirləri yüksəkixtisaslı, milli və bəşəri dəyərləri vəhdətdə daşıyan, geniş dünyagörüşünə malik, intellektual və rəqabətədavamlı mütəxəssislərin formalaşmasına ciddi təkan verəcəkdir.

Lalə ALLAHVERDİYEVA
Pedaqogika üzrə fəlsəfə doktoru, 
dosent, “Naxçıvan” Universitetinin Pedaqoji fakültəsinin dekanı

Nəşr edilib : 23.08.2023 19:19