AZ EN RU

“Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxsi əkinçiliyin inkişafına öz töhfəsini verir

    Ölkəmizdə kənd təsərrüfatı məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi və ixrac imkanlarının artırılması sahəsində ardıcıl tədbirlər görülür. Müasir meliorasiya və irriqasiya sistemləri qurulur, yeni torpaqlar əkin dövriyyəsinə qatılır, torpaq mülkiyyətçiləri texnika və gübrə ilə təmin edilirlər. Xüsusilə kənd təsərrüfatının strateji əhəmiyyətli sahələrdən biri olan toxumçuluğun inkişafı diqqətdə saxlanılır. Əkinçilikdə toxuma olan tələbatı ödəmək və toxumluq məhsulların istehsalını artırmaq üçün yeni toxumçuluq təsərrüfatları yaradılır, iqlim və torpaq xüsusiyyətlərinə uyğun məhsuldar toxum sortları yetişdirilir.

    Ölkəmizin dilbər guşəsi Naxçıvanda da bu sahədə ardıcıl işlər görülür. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tabeliyində “Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxsin yaradılmasında da məqsəd bu sahənin inkişaf etdirilməsidir. Mərkəzin əsas fəaliyyəti kənd təsərrüfatı ilə məşğul olan şəxslərin, ailə təsərrüfatçılarının yüksək keyfiyyətli toxuma olan tələbatını ödəməkdir. Bu barədə həmsöhbətimiz “Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxsin direktoru Əbülfət Əhmədovdur. Onun sözlərinə görə, mərkəz toxumçuluq sahəsində dövlət siyasətini həyata keçirir, muxtar respublikada toxumun istehsalını, tədarükünü, saxlanmasını və satışını yerinə yetirir. Həmçinin kənd təsərrüfatı məhsulları istehsalçılarının yüksək məhsuldar bitki sortlarının toxumları ilə təchiz olunması istiqamətində tədbirlər görür, daxili bazarda toxum çatışmazlığının və qiymət artımının qarşısının alınmasında da iştirak edir. Naxçıvanın əlverişli təbii coğrafi şəraitinə görə bütün rayonlarımızda taxılçılıqla məşğul olan iri təsərrüfatçılar var. Mərkəzin yaxşı fəaliyyət göstərməsi üçün hərtərəfli şərait yaradılıb və bu da imkanlarımızı artırır. Belə ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2022-ci il 11 oktyabr tarixli Qərarı ilə Kəngərli rayonu Böyükdüz ərazisinin qış-otlaq sahəsində “Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxsin istifadəsinə 2069 hektar (o cümlədən suvarma şəbəkəsi tikilmiş ərazi 1960 hektar) sahə ayrılmışdır. Eyni zamanda müəssisənin balansında taxıl anbarı, qarışıq yem sexi, toxumların satış mərkəzi, tutumu 500 ton olan hazır məhsul anbarı, texnika və avadanlıqların saxlanılması üçün qaraj, eləcə də təmiri sexi daxildir. Burada ümumi tutumu 24 min ton olan 48 bunker vardır. Hər birinin tutumu 500 ton olan bunkerlər taxılın keyfiyyətlə və uzun müddətə saxlanılmasına imkan verir. 
    Müsahibim qeyd edir ki, üçmərtəbəli toxum satış mərkəzində 9 iş otağı, laboratoriya, mətbəx, qazanxana və satış zalı yerləşir. Laboratoriyada quraşdırılan elektro-termostatik inkubator, isitmə və qurutma sobası, mikroskop və digər avadanlıqlar hesabına yüksək məhsuldarlığa malik, xəstəliyə, ziyanvericilərə və yerli iqlim şəraitinə dözümlü toxum sortlarının genofonduna və seleksiyasına nəzarət olunur. Satış mərkəzində taxılla yanaşı, digər kənd təsərrüfatı bitkiləri toxumlarının, eləcə də dekorativ güllərin, meyvə tinglərinin, gübrələrin, dərman preparatlarının, qarışıq və qüvvəli yemin, kənd təsərrüfatında istifadə olunan alət və avadanlıqların da satışı həyata keçirilməkdədir.
    Mərkəzdə müxtəlif toxum sortlarının yetişdirildiyindən bəhs edən direktor onu da diqqətimizə çatdırır ki, “Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxsin əkinəyararlı torpaq sahələrində muxtar respublikamızın torpaq, iqlim şəraitinə uyğunlaşdırılmış payızlıq buğda və arpa sortları əkilib becərilir. Həmin sortlardan “Qılçıqsız-1”, “Fatimə”, “Qobustan”, “Ceyhan-99”, “Sönməz”, “Konya”, “Bayraktar” buğda sortlarını və “Qarabağ” arpa sortlarını göstərmək olar. 2022-ci ilin payızında “Naxçıvan Toxumçuluq Mərkəzi”nə məxsus olan Böyükdüz kəndi ərazisindəki əkin sahələrində 930,9 hektar sahədə əkin aparılmışdır. Ondan 53 hektar arpa, qalan 877,9 hektarında isə müxtəlif buğda sortları əkilmişdir. Yetişdirilmiş məhsul biçilib “Naxçıvan Toxumçuluq Mərkəzi”nin anbarlarına yığılır və toxum təmizləyən aqreqat vasitəsilə hər bir sort ayrı-ayrılıqda mütəxəssis nəzarəti altında təmizlənir, dərmanlanır, toxumçuluq mərkəzinə məxsus olan laboratoriyada cücərmə faizi, cücərmə enerjisi, sort təmizliyi analizləri aparılır. Bundan sonra hazırlanmış yüksək kondisiyalı toxum materialı sertifikatlaşdırılır və sahibkarlara təqdim olunur.
    Əbülfət Əhmədov onu da qeyd edir ki, əkinciliklə məşğul olan sahibkarlarla əlaqələri çox geniş və əhatəlidir. Belə ki, muxtar respublikada bu sahə ilə məşğul olan fermer və torpaq mülkiyyətçilərinə yaşadıqları ərazinin torpaq, iqlim xüsusiyyətləri nəzərə alınaraq ona uyğun sortların əkilməsi məsləhət görülür. Sahənin əkinə hazırlanması, şum altına üzvi və mineral gübrələrin verilməsi, səpinin aparılması, səpinlə birlikdə gübrələrin verilməsi, torpaq suyu, yemləmə gübrəsinin verilməsi, vegetasiya suvarmaları, alaq otlarına, sürmə və pas xəstəliklərinə qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi, herbisid və funqusidlərlə dərmanlanması haqqında ətraflı məsləhətlər verilir. 
    Müsahibim bu günlərdə hamını narahat edən qlobal su problemindən də danışdı və əkinçilərə bəzi məsləhətlər verdi: – İqlim dəyişikliyi ilə əlaqədar olaraq dünyada, o cümlədən muxtar respublikada su hövzələrində suyun səviyyəsi azalmaqda davam edir. Bu azalmanın qarşısını almaq üçün meşə və yaşıllıqların artırılması, həmişəyaşıl ağacların əkininin artırılmasına çox böyük ehtiyac vardır. Bu problemin qarşısının alınmasında hər bir vətəndaşın üzərinə çox böyük məsuliyyət düşür. İçməli və təsərrüfat sularının istifadəsi zamanı itkiyə yol verilməməli, daha qənaətlə istifadə olunmalıdır. Əkinçilər əkdikləri sahələrin suvarılmasında şırım üsulunu tətbiq etməklə və suya nəzarət etməklə su sərfini minimuma endirə və su itkisinin qarşısını ala bilərlər. 
    Burada gördüklərimiz belə qənaətə gəlməyə imkan verir ki, muxtar respublikada toxumçuluq sahəsində işlər uğurla yerinə yetirilir. Əkinçilərimiz bu mərkəzlə sıx əlaqə saxlamaqla öz əkin sahələrinin torpağına uyğun toxum sortları əkir və bol ruzi əldə edir. 

Ramiyyə ƏKBƏROVA 

Nəşr edilib : 04.07.2023 20:52