AZ EN RU

“Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxsin yaradılması barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Fərmanı

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini və 30-cu maddəsini rəhbər tutaraq qərara alıram:

1. “Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxs (bundan sonra - Mərkəz) yaradılsın.

2. Müəyyən edilsin ki, Mərkəz muxtar respublikanın dövlət orqanlarında (qurumlarında) çalışan işçilərin peşəkar inkişafının dəstəklənməsi, gənclərin şəxsi və peşəkar inkişafı üçün müxtəlif mövzularda kursların təşkili və təlimlərin keçirilməsi, eyni zamanda peşə qabiliyyətlərinin yüksəldilməsi məqsədilə fəaliyyət göstərən publik hüquqi şəxsdir.

3. Mərkəzdə təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

3.1. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə:

3.1.1. Mərkəzin yenidən təşkili və ləğv edilməsi;

3.2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə:

3.2.1. Mərkəzin nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;

3.2.2. idarəetmə orqanlarının yaradılması;

3.2.3. idarəetmə orqanları rəhbərlərinin (üzvlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi;

3.3. Mərkəzə:

3.3.1. bu Fərmanın  3.1-ci və 3.2-ci bəndlərində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

4. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti iki ay müddətində:

4.1. Mərkəzin nizamnaməsini təsdiq etsin, habelə nizamnamə fondunun formalaşdırılmasını təmin etsin və bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə məlumat versin;

4.2. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə təqdim etsin;

4.3. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin edib Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə məlumat versin;

4.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Mərkəz:

5.1. strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etsin;

5.2. dövlət qeydiyyatına alınması üçün nizamnaməsi təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədbirlər görsün;

5.3. Bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisi sədrinin müavini

ANAR İBRAHİMOV

Naxçıvan şəhəri, 11 iyul 2024-cü il

Nəşr edilib : 11.07.2024 12:28