AZ EN RU

Naxçıvan teleradiosunun yaradıcılıq peşəkarlığı yüksəldilir

    Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurası tərəfindən 2022-ci ilin oktyabr ayında muxtar respublikada fəaliyyət göstərən teleradioların monitorinqi aparılmış, fəaliyyətləri təhlil edilmiş, müəyyən  nöqsanlar qeydə alınmışdır. Müşahidə edilən nöqsanlar operativ şəkildə teleradiolara bildirilmiş və aradan qaldırılmışdır.
    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən imzalanmış fərman və sərəncamlardan, qəbul edilmiş Dövlət proqramlarından irəli gələn vəzifələrin icrası teleradioların efirində mütəmadi şəkildə işıqlandırılmışdır. 
    Oktyabrın 3-də şurada “Teleradiolarda ədəbi dil normalarının qorunması günün tələbidir” mövzusunda tədbir keçirilmişdir. Naxçıvan tele­viziyasının “Xəbərlər” redaksiyası əməkdaşlarına yaradıcı köməyin göstərilməsi məqsədilə şura tərəfindən təkliflər hazırlanmış, oktyabrın 14-də televiziyaya təqdim edilmişdir.
    Hesabat dövründə Naxçıvan tele­viziyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirak etdiyi tədbirlərə həsr olunmuş 13 telematerial hazırlanmışdır.
    Oktyabr ayında verilişlərin növbəti 97 sayı efirə təqdim olunmuşdur.
    Ötən ay televiziyada yayımlanan “Naxçıvanda şahmat”, “Şahmat gündəliyi” verilişlərində Ümumdünya Şahmat Olimpiadası haqqında geniş məlumatlar çatdırılmışdır. Televiziyada vətənpərvərlik mövzusunun daim diqqət mərkəzində olması yaxşı haldır. Hesabat dövründə yayımlanan “Vətən uğrunda” verilişində İkinci Qarabağ müharibəsində böyük şücaət göstərmiş Naxçıvanın igid oğulları – şəhidlərimiz Şükür Hacıyevin və Qurban İbrahimovun döyüş yolundan bəhs edilmişdir. Oktyabrın 27-də Naxçıvanın sərhəd bölgələrindən olan Havuş kəndindən hazırlanan və əsas xəbər buraxılışında yayımlanan xüsusi reportaj vətənpərvərliyin təbliği baxımından əhəmiyyətlidir. Burada müxbirin peşəkarlığı və fəallığı diqqəti cəlb etmişdir. 
    Naxçıvan radiosu ötən ay 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadası, Heydər Əliyev Sarayında məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Arıçılıq məhsulları-bal festivalı” kimi əhəmiyyətli tədbirləri geniş işıqlandırmışdır. Oktyabr ayında ədəbi-bədii profilli verilişlərin sayı artmışdır.
     “Kanal 35” televiziyasında oktyabr ayından etibarən tədris proqramlarının studiya şəraitində hazırlanaraq efirə yayımlanması tamaşaçılar və təhsil ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanmışdır. Tele­viziyanın yeni studiyasında çəkilən teledərslərdə orta təhsil müəssisələrinin müxtəlif ixtisaslardan olan müəllimləri tərəfindən dərslərin geniş izahı şagirdlərin bilik və bacarığının artırılmasına xidmət edir. Qeyd edək ki, bu teledərslərin 21 sayı hazırlanaraq efirə yayımlanmışdır. 
    “Naxçıvanın səsi” radiosu 488 saat efirdə olmuş və efir müddətinin 126 saatını canlı yayım proqramları təşkil etmişdir.
    Naxçıvan Dövlət Universiteti tele­viziyası ilə şura arasında yaradıcılıq əlaqələri genişləndirilmiş, tələbə jurnalistlərlə efirəqədərki prosesdə hazırlıqlar diqqətə çatdırılmışdır. Bu baxımdan universitetin “Nuhçıxan” radiosunun fəaliyyəti də diqqətdə saxlanılmışdır. 
    Oktyabr ayında şura tərəfindən Naxçıvanda  keçirilən  Ümumdünya Şahmat Olimpiadasının geniş sosial arenada yayılmasına nail olunmuşdur. Belə ki, olimpiada müddəti reportajlar hazırlanaraq Türkiyənin tanınmış kanalı “Haber Global” tele­vizyasına və Azərbaycanın “Xəzər” televiziyasına təqdim edilmiş, həmin reportajlar operativ olaraq adıçəkilən kanallarda yayımlanmışdır. Hazırlanan süjetlərə minlərlə baxış olmuş, yayımlanan süjetlər sosial şəbəkələrdə paylaşılmışdır.  Olimpiadadan 7 video, 1000-ə yaxın  foto  sosial hesablarda paylaşılmışdır. Həmin fotolar 23 ölkənin şahmat federasiyalarının rəsmi və şahmatçıların şəxsi sosial hesablarında paylaşılmışdır. Şura tərəfindən hazırlanan “Arıçılıq məhsulları-bal festivalı” ilə bağlı məqalə Türkiyənin “Son saat” qəzetində dərc olunmuşdur.

Naxçıvan Muxtar Respublikası 
Televiziya və Radio Şurası

Nəşr edilib : 10.11.2022 20:48