AZ EN RU

Naxçıvan teleradiosu yeni uğurlar əldə edir

    Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurası tərəfindən 2023-cü ilin yanvar ayında muxtar respublikada fəaliyyət göstərən teleradioların monitorinqi aparılmış, fəaliyyətləri təhlil edilmiş, müəyyən nöqsanlar qeydə alınmışdır. Müşahidə edilən nöqsanlar operativ şəkildə teleradiolara bildirilmiş və aradan qaldırılmışdır.
    Hesabat dövründə Naxçıvan tele­viziyasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin iştirak etdiyi tədbirlərlə bağlı, ümumilikdə, 5 telematerial efirə verilmişdir. 
    Hesabat ayında televiziyada vətənpərvərlik mövzusu diqqətdə saxlanılmış, bəhs edilən dövrdə “Vətən uğrunda” verilişi yayımlanmışdır. Ay ərzində yayımlanan “Mövzu bizik” verilişində ölkə mediasında ilk dəfə olaraq Zəngəzur dəhlizinin Naxçıvandan başlanan nöqtəsindən xüsusi reportaj hazırlanmışdır. Yanvarın 27-də təqdim edilən “Aktual ekran” verilişində Qərbi Azərbaycandan deportasiya edilən soydaşlarımızın tarixi taleyinə toxunulmuş, mövzu ilə bağlı reportajlar hazırlanmışdır. Həmin gün Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinə qarşı həyata keçirilən terror aktı ilə əlaqədar verilişin xüsusi buraxılışı efirə təqdim edilmişdir.
    “Xəbərlər” redaksiyası tərəfindən ötən ay Naxçıvan mediasında ilk dəfə olaraq birbaşa bağlantı yaradılmış, Naxçıvan 5 saylı duz mədənindən canlı yayım vasitəsilə müsahibə alınmışdır. Eyni zamanda Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinə terror hücumu ilə bağlı “Xəbərlər” proqramında canlı yayım olmuşdur.
    Hesabat dövründə “Günaydın” səhər proqramı studiya formatı ilə tamaşaçı auditoriyası toplaya bilmişdir. Proqrama mütəmadi olaraq muxtar respublikanın seçilən müğənniləri dəvət edilmiş, onlar rəngarəng musiqi nömrələri ilə çıxış etmişlər. 
    Naxçıvan radiosu bəhs edilən dövrdə 488 saat efirdə olmuşdur. Ümumilikdə, ay ərzində 105 veriliş və canlı proqram, 344 konsert proqramı təqdim edilmişdir. 
    Yanvar ayında “Kanal 35” televiziyasının efirinə nəzarət gücləndirilmiş, müvafiq qanunvericiliyin tələblərinə uyğun monitorinqlər aparılmışdır. Şura tərəfindən televiziyada texniki baxış keçirilmiş, avadanlıqlara profilaktik qulluqla bağlı işlərlə tanış olunmuşdur. 
    Bəhs edilən dövrdə “Naxçıvanın səsi” radiosunda yanvar ayı ərzində müxtəlif proqramlar efirə yayımlanmışdır. Bundan başqa, radioda dinləyicilərin dünyagörüşünü və biliklərini daha da təkmilləşdirmək üçün bir sıra materiallar da  efirə təqdim olunmuşdur. 
    Yanvar ayında Naxçıvan Dövlət Universitetinin televiziyasında tələbələrin yaradıcı gücündən maksimum istifadə olunur. Müsbət cəhət tele­viziyanın yayımda əməyi keçən tələbələrin gələcəkdə peşəkar jurnalist kimi formalaşmasında xüsusi əhəmiyyətə malik olmasıdır.
    “Nuhçıxan” radiosunda yanvar ayında Naxçıvan Dövlət Universitetinin tələbə və müəllimlərinin “Sağlam ol” layihəsindən bəhs edən “Sağlam həyat” verilişi, tələbələrin müxtəlif mövzularda sərbəst işlərini işıqlandıran maraqlı layihələr efirə verilmişdir. 

Naxçıvan Muxtar Respublikası
Televiziya və Radio Şurası

Nəşr edilib : 14.02.2023 20:46