AZ EN RU

“Naxçıvan təhsili: dünən və bu gün” I yaradıcılıq müsabiqəsinə yekun vurulub

    Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Naxçıvan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən “Naxçıvan təhsili: dünən və bu gün” I yaradıcılıq müsabiqəsinin yekunu ilə bağlı tədbir keçirilib. 
    Təhsil naziri Rəhman Məmmədov tədbirdə çıxış edərək bildirib ki, muxtar respublikada aparılan böyük quruculuq və abadlıq işləri, bütün sahələrdə, o cümlədən təhsil sahəsində əldə olunan inkişaf Naxçıvanın muxtariyyət tarixində yeni bir səhifə açıb. 
    Qeyd edilib ki, muxtar respublikada bütün sahələr kimi, təhsil də dövlət qayğısı ilə əhatə olunub, müasir təhsil modeli formalaşdırılıb. Məktəblərdə tədrisin müasirləşdirilməsi diqqətdə saxlanılıb, qabaqcıl tədris metodlarının, o cümlədən STEAM təlim metodunun tətbiqinə başlanılıb. Laboratoriyalar və fənn kabinələri şagirdlərin istifadəsinə verilib, kitabxana fondları dərslik və bədii ədəbiyyatla zənginləşdirilib. 2014-cü ildən interaktiv, 2015-ci ildən isə elm, ali və orta ixtisas təhsili müəssisələrinin elmi dərəcəli müəllimləri tərəfindən ümumtəhsil məktəblərində nümunəvi dərslər keçilməyə başlanılıb, görmə və eşitmə qabiliyyəti məhdud uşaqlar üçün distant audio və elektron kitabxana yaradılıb.   
    Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə müəllimlərin əməkhaqqının artırılması muxtar respublikada müəllim peşəsinə və əməyinə verilən yüksək qiymətin, müəllimlərin maddi rifahlarının yaxşılaşdırılmasına göstərilən dövlət qayğısının bariz nümunəsidir. Bu qayğının nəticəsidir ki, muxtar respublikada öz fəaliyyəti ilə seçilən 400-dən çox müəllim Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllimi” fəxri adlarına layiq görülüb, “Tərəqqi” medalı ilə təltif edilib.
    Təhsil naziri gənc müəllimlər arasında keçirilən “Naxçıvan təhsili: dünən və bu gün” I yaradıcılıq müsabiqəsinin gənclərdə tədqiqatçılıq bacarıqlarının inkişaf etdirilməsi, fəaliyyət göstərdikləri təhsil müəssisələrinin dünən və bu gününə nəzər salmaları baxımından xüsusi əhəmiyyət kəsb etdiyini bildirib, müsabiqə qaliblərini təbrik edib.
    Tədbirdə Naxçıvan Gənc Müəllimlər Assosiasiyasının sədri Gülxanım Orucova müsabiqənin nəticələri haqqında məlumat verib. Bildirilib ki, “Naxçıvan təhsili: dünən və bu gün” I yaradıcılıq müsabiqəsinə ümumtəhsil məktəblərinin gənc müəllimləri tərəfindən 87 məqalə və 13 film olmaqla, ümumilikdə, 100 iş təqdim edilib. Münsiflər heyətinin rəyinə əsasən məqalə kateqoriyası üzrə Nüsnüs kənd tam orta məktəbinin tarix müəllimi Aydan Hüseynlinin məqaləsi və Naxçıvan şəhər          3 nömrəli tam orta məktəbinin alman dili müəllimi Dilarə Əliyevanın hazırladığı “Dünəndən bu günə” filmi I yerə, Şərur rayon Aşağı Yaycı kənd tam orta məktəbinin fizika müəllimi Zinyət Əhmədovanın məqaləsi II yerə, Kəngərli rayon Böyükdüz kənd tam orta məktəbinin ibtidai sinif müəllimi Aygül Məmmədovanın məqaləsi isə III yerə layiq görülüb.
    Sonra müsabiqə qaliblərinin məqalələri dinlənilib,  filmə baxış olub, qaliblər təhsil naziri tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıblar.
    Sonda “Kanal 35” televiziyası tərəfindən hazırlanmış “Naxçıvan təhsilinin inkişaf yolu-26 il” filmi tədbir iştirakçıları tərəfindən izlənilib.

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 09.02.2022 21:40