AZ EN RU

Naxçıvan təbii və mədəni görməli yerləri, əfsanəvi dağları ilə zəngin alpinizm və kamp turizm potensialına malikdir - FOTOLAR

19-21 may tarixlərində Araz Doğa  və Azərbaycan Kültür Dərnəyi, “Zirvə” Dağçılıq və Təbiət İdman Klubunun İqdır şöbəsinin birgə təşkilatçılığı, Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin dəstəyi və yaxından iştirakı ilə 20 nəfərdən ibarət heyətin Haçadağa “Xocalı soyqırımını anmanın 7-ci dırmanışı” adlı yürüşü təşkil edilib. Heyət Naxçıvanda təşkil olunan 19 May – Atatürkü anma, Gənclik və İdman günü tədbirində iştirak edib, Naxçıvanın tarixi və turistik yerlərini gəziblər.

Mayın 20-də səhər saat 07:00 radələrində Culfa rayonu Gal kəndindən Haçadağa dırmanma yürüşünə başlayan və dağa dırmanmanı müvəffəqiyyətlə başa çatdıran Türkiyəli dağçıların bir neçəsi “Şərq qapısı” qəzetinə müsahibə verib.

Bülent Mavzər – “Zirvə” Dağçılıq və Təbiət İdman Klubunun İqdır şöbəsinin müdiri – Mən həm alpinist bələdçisi, həm də təşkilatçıyam. Hər il Xocalı şəhidlərini anmaq üçün Haçadağına yürüş edirik. Bu il yedincisini təşkil etdik. Türkiyədə baş verən zəlzələdən ötrü dağçılıq fəaliyyətlərini bir müddət dayandırmaq məcburiyyətində qalmışdıq.

Bu çətin vaxtda Azərbaycandan, eləcə də Naxçıvandan olan dəstək bizi çox duyğulandırdı, sevindirdi. Biz də bu proqramı ləğv etmədik, Haçadağına çıxdıq. Zirvədə həm Xocalı şəhidlərini andıq, həm də 19 May-Atatürkü Anma, Gənclik və İdman gününü qeyd etdik.

Çətin hava şəraitinə görə Türkiyənin fərqli bölgələrindən gələn alpinistlərdən 11-i zirvəyə qalxa bildi. Burada azərbaycanlı qardaşlarımızdan dörd dağçı bizə qoşuldu. Mənəviyyat hər çətinliyin önünə keçir. İnsanın niyyəti mənəvi cəhətdən təmizsə bütün zirvələri aşmaq olar. Türkiyənin qurucusu Atatürkün dediyi kimi Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir. “Zirvə” Dağçılıq və Təbiət İdman Klubu olaraq həmişə belə fəaliyyət proqramları təşkil edirik. Azərbaycanın Bayraq günündə, Ümummilli Lider Heydər Əliyevin doğum günündə Azərbaycan və Türkiyə bayraqlarını birlikdə dalğalandırırıq. “Qarabağ Azərbaycandır!” – biz bu inam və güclə yola çıxırıq. Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!.

Serpil Önal – Araz Doğa Sporları və Kültür Klubu Dərnəyinin rəhbəri, turizmçi – Dərnək olaraq məqsədimiz Azərbaycan-Türkiyə dostluğunu möhkəmləndirmək, onu gələcəyə daha möhkəm təməllər üzərində qurmaq, bundan başqa bir turizimçi kimi insanların ətrafı görməsini, otelindən, restoranından, alış-veriş yerlərindən, hər şeydən faydalanmasını təmin etməkdir. Mən 2016-cı ildə Naxçıvana gələndə Haçadağı gördüm. Həmin il fevralın 26-da Türkiyənin 26 şəhərindən 26 alpinist kimi Haçadağa dırmanma yürüşü təşkil etmək istədik .Tələbat artdı, 38 nəfər heyətlə gəldik. Sonra dedik ki, bunu ənənəvi hala gətirək. Həmin il Naxçıvanda ekologiya və təbii sərvətlər nazirliyi ilə bu məsələni görüşdük, Türkiyənin Naxçıvandakı Baş Konsulluğu bu təklifi çox gözəl qarşıladı, media bizə maraq göstərdi. O gündən bu günə gəlməyə davam etdik. Bu il Naxçıvana üçüncü gəlişimizdir. Mən çox istərdim ki, Naxçıvanda dağçlıqla əlaqədar təlimlər keçirilsin. Xüsusilə də gənclərimiz bu sahədə bilgiləndirilsinlər. Biz bu işə öz töhfəmizi verməyə hazırıq. Həmçinin alpinizm və dırmanma avadanlıqları kifayət edəcək qədər olsa dağçılığa marağı olanlar üçün dırmanma daha tez və asan başa gələr. Haçadağ turizmə qazandırılıb, insanlar Türkiyənin ayrı-ayrı bölgələrindən gəlirlər, bəzi ölkələrdən, Bakıdan gələnlər var. Naxçıvan həm də kamp turizmi üçün olduqca əlverişli yerdir. Mənə qalsa hər həftə bura gələrəm, çox sevirəm Naxçıvanı. Buranın tarixi, sənəti, mədəniyyəti, təbiəti, memarlığı, insanları, kəndi, ağacı hər şeyi diqqəti çəkir. Naxçıvan həm insanı, həm təbiəti ilə tərtəmiz bir yerdir. Bura gələn insanlar geri döndüyündə çox gözəl təəssüratları olur və gələn səfər 3-5 insan artıq göndərirlər. Burada dərnək olaraq xüsusi günlərdə bir çox mədəni tədbirlər təşkil edirik. İstəyirk ki, Naxçıvanla-İqdır və Naxçıvanla Türkiyənin müxtəlif bölgələri arasında daha sıx birlik, yaxınlıq olsun.

Haticə Sərtaş – 23 yaşındayam, Kocaelidən gəlirəm. Kocaeli Şəhər Xəstəxanasında tibb bacısıyam. Dağçılığa yeni başladım və ilk yürüşümü Haçadağa etdim, zirvəni görmək çox gözəl idi. Biraz hava şərtlərinə görə çətinlik çəkdim, amma dəydi. Mən əslən Trabzonluyam. Günümüzün çox hissəsi dağlarda keçirdi. Kocaeliyə gəldikdən sonra dağlardan uzaq qalınca dağçılıqla maraqlandım və bir dağçılıq klubuna baş vurdum. Naxçıvana ilk dəfə gəldim, Möminə Xatın türbəsinə, Naxçıvan Dövlət Universitetinə getdik. Naxçıvanın memarlıq quruluşu çox gözəldir, ümumiyyətlə düzənli, sakin və hüzurlu şəhərdir. Yenidən gəlməyi düşünürəm.

Levent Koç – Burada Niğde Demirkazık Dağçılıq Birliyi olaraq iştirak etdik. Beş ildir, dağçılıqla məşğulam. Türkiyədəki ən qiymətli dağlar Niğdedədir. Buranın Aladağları məşhurdur. Biz də dağçı kimi tez-tez Aladağlarda dırmanış edirik. Naxçıvanda fərqli bir təcrübə qazandıq. Haçadağa ilk dəfədir, yürüş etdim. Bütün dağ, təbiət sevərləri Haçadağı görməyə dəvət edirik. Naxçıvanda bizə dəstək verən, köməklik göstərən hər kəsə təşəkkür edirik. Türkiyənin Naxçıvandakı Baş Konsulluğu bizə çox yardımçı oldu, sağolsunlar. Qardaş ölkədə, onun bir parçası Naxçıvanda Azərbaycan və Türkiyə bayraqlarını birlikdə qaldırmaq, Ulu Öndər Atatürkün gənclərə ərməğan etdiyi günü Naxçıvanda qeyd etmək bizim üçün olduqca gözəl, qiymətli idi.

Qeyd edək ki, mayın 21-də qonaqlar Naxçıvanın gəzməli yerlərində olub və günün sonunda dağçılar Türkiyəyə yola düşüblər.

Güntac ŞAHMƏMMƏDLİ

 

 

Nəşr edilib : 21.05.2023 18:14