AZ EN RU

Naxçıvan teatrının 141-ci mövsümünün açılış mərasimi keçirilib

Oktyabrın 5-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli  Dram Teatrında Naxçıvan teatrının 141-ci mövsümünün açılış mərasimi keçirilib. Mədəniyyət və incəsənət xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini Həsən Seyidov Naxçıvan teatrının keçdiyi inkişaf yolundan, ölkəmizdə teatrın inkişafına göstərilən dövlət qayğısında danışıb. Qeyd olunub ki, yüksək ehtiram və dərin minnətdarlıq hissi ilə qeyd olunan “Heydər Əliyev İli” çərcivəsində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Tədbirlər Planına uyğun olaraq Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı ulu öndərə həsr edilmiş Aqşin Babayevin “Xilaskar” əsəri əsasında eyniadlı tamaşa hazırlayıb. Ümumilikdə, ötən mövsüm Naxçıvan teatrı  4 yeni tamaşa ilə  140 illik  yubileyə öz töhfəsini verib.

Ölkə baçşısının  “Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamının icrası ilə bağlı Naxçıvan Dövlət Milli Dram Teatrında “Təməl”, Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında “Sınaq” teatr-studiyasının yaradıldığını diqqətə çatdıran Həsən Seyidov yeni mövsümdə qarşıya qoyulan məqsədlərdən də danışıb. Diqqətə çatdırılıb ki, Naxçıvan teatrı yeni yaradıcılıq mövsümüdə Elçin Əfəndiyevin “Şekspir”, Jan Batist Molyerin “Skapenin kələyi” əsərləri əsasında səhnələşdirilən tamaşalarla  izləyici qarşısına çıxacaq.

Sonra səhnəyə çıxan Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşiyev məddah libasında səhnəyə çıxaraq nağılvari dillə Naxçıvan Teatrının yaranmasından, milli ziyalıların teatrın inkişafında gördüyü işlərdən danışıb. Sonra Naxçıvan Teatrının inkişafında böyük xidmətləri olan görkəmli şəxsiyyətlərin-Hüseyn Cavidin, Cəlil Məmmədquluzadənin, Eynəli bəy Sultanovun obrazları izləyiciləri salamlayıb, tamaşanı izləməyə dəvət edib.

Tədbirin bədii hissəsində Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyası əsasında səhnələşdirilən tamaşa nümayiş olunub. Tamaşanın quruluşçu rejissoru  və musiqi tərtibatçısı Həcərxanım Məmmədova, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramovdur. Tamaşada Xalq artisti Həsən Ağasoy, əməkdar artistlər – Nazlı Hüseynquliyeva, Behruz Haxverdiyev, Əbülfəz İmanov və Əli Əliyevlə yanaşı Zakir Fətəliyev, Nəsimi Məmmədzadə, Anar Eyvazov, Səyyad Məmmədov, Məməd Mehdiyev, Uğur Nəsirli, Ələsgər Quliyev, Zəminə Məmmədova, Nurgül Məmmədova, Səkinə Məmmədova, Saynur Babayev və digər aktyorlar rol alıb. 

Qeyd edək ki, “Sərgüzəşti-vəziri-xani-Lənkəran” əsəri Azərbaycan teatrı səhnəsində tamaşaya qoyulmuş ilk əsərdir. Hadisələr Lənkəran xanının vəziri Mirzə Həbibin evində və xanın sarayında cərəyan edir. Tamaşada səriştəsiz xan və vəzirinin yarıtmaz əməlləri gülüş hədəfinə çevrilib.

          Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 05.10.2023 19:00