AZ EN RU

Naxçıvan Teatrının 140 illik yubileyi qeyd olunub

    Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini, mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Həsən Kərimov çıxış edərək Naxçıvan teatrının yaranma tarixi və inkişaf mərhələləri, teatrın təşəkkül tapmasında xidməti olan şəxsiyyətlər barəsində məlumat verib.

    Vurğulanıb ki, ötən dövrdə teatrın səhnəsində həm Azərbaycan, həm də dünya klassiklərinin əsərləri uğurla səhnələşdirilib, böyük tamaşaçı rəğbəti qazanıb. Naxçıvan teatrı, həm də bir məktəb missiyasını ləyaqətlə yerinə yetirərək istedadlı aktyor və rejissorlar nəsli yetişdirib.
    Qeyd olunub ki, uzun və şərəfli tarixi yol keçmiş Azərbaycan teatrının inkişafı ötən əsrin 70-ci illərinə təsadüf edir. Məhz bu dövrdə Ümummilli Lider Heydər Əliyev milli teatrın, o cümlədən Naxçıvan teatrının inkişafına, yeni yaradıcılıq uğurları əldə etməsinə böyük qayğı ilə yanaşıb, Naxçıvan teatrı da uğurla bəhrələnib.
    Teatr fəaliyyətinə göstərilən diqqət və qayğının bu gün də davam etdiyini bildirən Həsən Kərimov diqqətə çatdırıb ki, dövlət başçısı cənab İlham Əliyevin “Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illik yubileyi haqqında” Sərəncamı, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrına “Milli” status verilməsi haqqında Qərarı bu qədim sənət ocağının milli teatrın inkişafında, o cümlədən mədəni və ictimai sahədə fəaliyyətinə verilən qiymətin bariz ifadəsidir. Ölkə başçısının imzaladığı “İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında” Sərəncamda Naxçıvan Muxtar Respublikasında yaşayıb fəaliyyət göstərən incəsənət xadimlərinin də olması bu sahədə çalışanların fəaliyyətinə verilən böyük qiymətin ifadəsi olmaqla yanaşı, həm də muxtar diyarımızda mədəniyyətin inkişafına hesablanmış növbəti addımdır. 
    Vurğulanıb ki, “Heydər Əliyev İli” çərçivəsində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Tədbirlər Planına uyğun olaraq Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı Azərbaycan mədəniyyətinin böyük hamisi, Ulu Öndər Heydər Əliyevə həsr edilmiş Aqşin Babayevin “Xilaskar” əsəri əsasında hazırladığı tamaşa ilə öz sənətsevərləri sevindirməyə hazırlaşır.
    Həsən Kərimov Naxçıvan teatrının yaranmasının 140 illik yubileyi münasibətilə teatrın kollektivini, bu sahədə çalışan əməkdaşları və teatrsevərləri təbrik edib, kollektivə yeni yaradıcılıq uğurları arzulayıb.
    Sonra Naxçıvan teatrının yaranmasının 140 illik yubileyi münasibətilə Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun “Sərgüzəşti-vəziri-xani-Lənkəran” əsəri əsasında səhnələşdirilən eyniadlı yeni tamaşa nümayiş olunub. Prezident mükafatçısı, gənc rejissor Həcərxanım Məmmədovanın quruluş verdiyi tamaşanın quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramovdur. 
    Qeyd edək ki, səriştəsiz xan və vəzirinin yarıtmaz əməllərinin gülüş hədəfinə çevrildiyi “Sərgüzəşti-vəziri-xani-Lənkəran” əsəri 1894-cü ildən başlayaraq müxtəlif illərdə Naxçıvan teatrının səhnəsində tamaşaya qoyulub.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 11.05.2023 22:19