AZ EN RU

Naxçıvan Teatrında yeni yaradıcılıq studiyası fəaliyyət göstərəcək

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimovun əmri ilə Naxçıvan Dövlət Milli Dram Teatrı, Naxçıvan Dövlət Kukla Teatrı, Gəncə Dövlət Dram Teatrı, Şəki Dövlət Dram Teatrı və  Lənkəran  Dövlət Dram Teatrının nəzdnində teatr-studiyaları yaradılıb. Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Azərbaycan peşəkar teatrının yubileyi ilə bağlı teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi, yaradıcılıq potensialının inkişaf etdirilməsi  məqsədilə atılan bu addım, həmçinin regionlarda teatr sahəsində kadr probleminin aradan qaldırılmasını təmin edəcək.
 Bununla bağlı artıq Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında “Təməl” Teatr Studiyası yaradılıb. Studiyanın üzvü olacaq yeniyetmə və gənclər bir dərs ili müddətində burada “Aktyor sənəti”, “Səhnə danışığı”, “Plastika və ritmika” və “Teatr tarixi və nəzəriyyəsi” ixtisaslarından dərslər və təlimlər alacaqlar. Studiyanın rəhbəri  Naxçıvan teatrının baş rejissoru Mir Qabil Əkbərovdur. Təlim-dərsləri də  teatrın peşəkar və təcrübəli aktyorları tədris edəcəklər. Eyni zamanda Bakıdan və Türkiyədən ustad dərsləri keçmək üçün  mütəxəssislər də dəvət olunacaq.  
Təlim-dərslərin sonunda kursu uğurla bitirən müdavimlərə sertifikatlar veriləcək və onların iştirakı ilə hazırlanan tamaşa teatrın repertuarına salınacaq.   Dərslər sentyabrın 15-dən başlayacaq. Studiyanın təlimlərində iştirak etmək istəyənlər  Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrına müraciət edə bilərlər:
 Telefon:  +994 60 2301707
Whatsapp :   +994 60 2301707
Müraciətin son günü sentyabrın 7-dir.

Nəşr edilib : 23.08.2023 16:39