AZ EN RU

Naxçıvan teatrında Milli Teatr Günü qeyd olunub

Bu gün Milli Teatr Günüdür. Ölkəmizdə peşəkar milli teatrın yaranmasından  151 il ötür.
Bu münasibətlə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli  Dram Teatrında Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşası nümayiş olunub. Tamaşanın quruluşçu rejissoru  və musiqi tərtibatçısı Həcərxanım Məmmədova, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramovdur. Tamaşada Xalq artisti Həsən Ağasoy, əməkdar artistlər - Nazlı Hüseynquliyeva, Behruz Haxverdiyev, Əbülfəz İmanov və Əli Əliyevlə yanaşı Ələsgər Quliyev, Zəminə Məmmədova, Şölə Alışova, Səkinə Məmmədova, Saynur  Babayev, Səyyad Bayramov və digər aktyorlar rol alıb.  
Qeyd edək ki, “Sərgüzəşti-vəziri-xani-Lənkəran” əsəri Azərbaycan teatrı səhnəsində tamaşaya qoyulmuş ilk əsərdir. Hadisələr Lənkəran xanının vəziri Mirzə Həbibin evində və xanın sarayında cərəyan edir. Tamaşada səriştəsiz xan və vəzirinin yarıtmaz əməlləri gülüş hədəfinə çevrilib.

Nəşr edilib : 10.03.2024 10:54