AZ EN RU

Naxçıvan teatrında “Edama məhkumun son günü” tamaşasının premyerası keçirilib

İyunun 17-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında böyük fransız yazıçısı Viktor Hüqonun “Edam məhkumunun son günü”əsərinin motivləri əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş olunub. Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Mir Qabil Əkbərov, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramov, xoreoqrafı Lamiyə Əliyevadır. Səhnə əsərində rolları  Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşiyev, Mehri Nəbiyeva və Məmməd Mehdiyev  ifa edir. Psixoloji dram janrında olan tamaşa səhnə tərtibatı, musiqiləri, rəqsləri, aktyorların peşəkar təqdimatı  ilə bütünlük təşkil edirdi.

Tamaşada ölüm hökmünə məhkum olunmuş yoxsul bir atanın öz edam olunacağı ana qədər yaşadığı iztirablar, keçirdiyi sarsıntılar öz dili ilə ifadə olunur. Xəstə qızına çörək oğurlamaq istəyən ata bilmədən kiminsə ölümünə səbəb olur və ölüm hökmünə məhkum edilir. Edama məkhum olunmuş adam gah ( Səməd Canbaxşiyev) həbsxana divarları arasından  qaçmaq üçün çabalayır, gah hakimlərə hökmün ləğv olunması üçün yalvarır. Keçmiş xoşbəxt günlərini xatırlayan ata ölümü gözləməyin ölməkdən daha ağır və daha dəhşətli olduğunu dilə gətirir-“yaşamaq ölməkdən daha çətindi”. Əməkdar artistin sərgilədiyi peşəkar aktyorluq məharəti tamaşaçıların ölümü gözləyən insanın hiss və duyğularını ən incə məqamlarına qədər  duymağa, hətta kövrəlmələrinə səbəb  oldu. Edamının, həm də ailəsi-anası və qızları üçün  bir faciə olduğunu anlayan məhkumun qızı ilə danışdığı məqamlar, heç şübhəsiz izləyənləri uzun müddət öz təsirində  saxlayacaq.

Dünyada ölüm hökmünə etiraz olaraq yazılan və Naxçıvan teatrında ilk dəfə səhnələşdirilən  əsərin uğurlu səhnə həlli muxtar diyarın teatrı üçün yeni bir mərhələnin başlamasından xəbər verirdi.

“Edama məhkumun son günü” gur alqışlarla  sona çatdı.

Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 19.06.2023 11:22