AZ EN RU

Naxçıvan teatrına “Milli” statusu verilib

    Aprelin 28-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında bu münasibətlə tədbir keçirilmişdir.
    Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli çıxış edərək demişdir ki, Naxçıvan teatrı milli teatrımızın inkişafında mühüm rol oynamış, ictimai fikrə və ədəbi mühitə güclü təsir göstərmiş, görkəmli dramaturq, rəssam, aktyor və teatr təşkilatçıları yetirmişdir. Müstəqillik illərində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə muxtar respublikada teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi və yaradıcılıq imkanlarının genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmiş, teatr binaları yenidən qurulmuş və ya əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının binasında da yenidənqurma işləri aparılaraq 2012-ci ildə istifadəyə verilmişdir.

    Qeyd olunmuşdur ki, Naxçıvan teatrı fəaliyyət göstərdiyi bütün dövrlərdə mütərəqqi ideyalara söykənmiş, günün aktual məsələlərinə nüfuz etmiş, xalqın milli oyanışına çalışmışdır. Bu sənət ocağı Azərbaycan, Avropa, eləcə də dünya ədəbiyyatının və incəsənətinin qabaqcıl ənənələrindən və nailiyyətlərindən bacarıqla faydalanmışdır. Naxçıvan Dövlət Musiqili Dram Teatrı bu gün də klassik və müasir teatr ənənələrini davam və inkişaf etdirir, ictimai əhəmiyyəti ilə seçilən uzunömürlü səhnə əsərləri yaradır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 29 oktyabr tarixli Sərəncamı ilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrına “Aparıcı teatr” statusu verilmişdir.
    Ülvi Hüseynli bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə Naxçıvan Dövlət Musiqili Dram Teatrının “Milli teatr” statusunun verilməsi məsələsinə baxılmışdır. Teatrlara “milli” status milli mədəniyyətin təbliği sahəsində müstəsna xidmətlərinə görə, onların uzun illər səmərəli fəaliyyətinə, ölkə daxilində və xaricdə əldə etdiyi nailiyyətləri nəzərə alınmaqla verilir. Naxçıvan Dövlət Musiqili Dram Teatrı “Milli” statusun alınması məqsədilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinə təşəbbüslə müraciət etmişdir. Mədəniyyət Nazirliyi tərəfindən müvafiq komissiya yaradılaraq təşəbbüsə baxılmış, komissiyanın müvafiq təqdimatın verilməsi barədə rəyi nazirliyin kollegiyasında müzakirə olunmuş, müvafiq sənədlər toplanaraq təqdimat məktubu ilə birlikdə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə göndərilmişdir. Bundan sonra Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Azərbaycan Respublikası Nazirlər Kabinetinə məsələ ilə bağlı təqdimat vermişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 26 aprel tarixli Qərarı ilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrına “Milli” status verilmişdir.
    Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin aparat rəhbəri Aləm Bağırov bildirmişdir ki, “Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən teatrların “Akademik” və “Milli” statuslarına təqdim olunması Qaydası”nın təsdiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli 69 nömrəli Qərarı olmuşdur. Qərarda muxtar respublikada fəaliyyət göstərən teatrlara “Akademik” və “Milli” statusların təqdim olunması üçün tələblər, statuslarının verilməsinə dair təqdimat və həmin statusları almış teatrların maliyyələşdirilməsi Qaydaları təsdiq edilmişdir. Həmin Qərarın Qaydalarında göstərilən tələblərə uyğun olaraq “Milli” statusun verilməsi məsələsinə baxılmışdır. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrına “Milli” status verildiyi üçün qanunvericiliyə əsasən teatrın işçilərinin əməkhaqqına 2022-ci il mayın 1-dən 50 faiz məbləğində əlavə ödəniləcəkdir.
    Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova demişdir ki, Azərbaycan teatrı salnaməsinə parlaq səhifələr yazan Naxçıvan Dövlət Musiqili Dram Teatrı zəngin sənət ənənələrinə malikdir. 1883-cü ildə fəaliyyətə başlamış teatrın təşəkkülü və inkişafında ölkəmizin görkəmli ədəbiyyat və incəsənət xadimləri yaxından iştirak etmişlər. XX əsrin 20-ci illərində Naxçıvan teatrı yeni inkişaf mərhələsinə qədəm qoymuş, Naxçıvan aktyorları vahid truppada birləşmiş və 1922-ci ildə Dövlət Dram Teatrı yaradılmışdır. Müstəqillik illərində Naxçıvan Dövlət Musiqili Dram Teatrının yaradıcılıq axtarışları, qastrol səfərləri genişlənmiş, kollektiv milli dəyərlərimizin peşəkar təbliğatçısına çevrilmişdir. Bu illərdə Naxçıvan Dövlət Musiqili Dram Teatrı Azərbaycanda və müxtəlif xarici səfərlərdə öz tamaşaları ilə teatrsevərlərin rəğbətini qazanmışdır. Müstəqillik illərində teatrın tamaşaya qoyduğu dramlar üslub, struktur və janr müxtəlifliyi ilə seçilir və bu da teatrın axtarışlarının düzgün istiqamətdə inkişaf etdiyinin göstəricisidir. Natəvan Qədimova Naxçıvan teatrına “Milli” statusun verilməsinə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə mədəniyyət ictimaiyyəti adından minnətdarlıq etmişdir.
    Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru, xalq artisti Rza Xudiyev bildirmişdir ki, bu gün teatrın tarixində çox əlamətdar bir gündür. 139 yaşlı Naxçıvan Dövlət Musiqili Dram Teatrına “Milli” statusunun verilməsi dövlətimizin mədəniyyətimizə göstərdiyi böyük qayğının göstəricisidir. Hərtərəfli qayğı ilə əhatə olunmuş Naxçıvan teatrında 3 xalq artisti, 5 Azərbaycan Respublikasının “Əməkdar artist” i, 3 Naxçıvan Muxtar Respublikasının “Əməkdar artist”i, 1 Naxçıvan Muxtar Respublikasının “Əməkdar mədəniyyət işçisi”, 1 Naxçıvan Muxtar Respublikasının “Əməkdar rəssamı”, 2 “Tərəqqi” medallı aktyor, bir nəfər isə Prezident mükafatçısı var. Teatrımıza yeni statusun verilməsi isə üzərimizə daha böyük məsuliyyət qoyur. Göstərilən etimada görə dövlətimizə minnətdarlığımızı bildirir, teatrımızın inkişafı üçün bundan sonra da səylə çalışacağımıza söz veririk.
    Sonra Azərbaycan Respublikasının “Xalq artisti” Kamran Quliyev, Naxçıvan Muxtar Respublikasının “Əməkdar artist”i Səməd Canbaxşıyev, gənc aktyor Mehri Nəbiyeva çıxış edərək göstərilən qayğıya görə minnətdarlıq etmişlər.

“Şərq qapısı”

Nəşr edilib : 28.04.2022 18:07