AZ EN RU

Naxçıvan teatrı – zövqoxşayan qədim sənət məbədimiz

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2023-cü il 3 fevral tarixdə Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 illiyi münasibətilə bağlı Sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, dramaturgiyamızın tarixinin hər bir inkişaf mərhələsində Azərbaycan teatrı orijinal aktyor məktəbi ilə əlamətdar olmuş, yüksək səhnə mədəniyyətinə malik sənətkarlar və istedadlı rejissorlar nəsli yetişdirmişdir. Ölkəmizdə bütünlüklə milli dəyərlər zəminində dolğun fəaliyyəti üçün geniş inkişaf perspektivləri açılan teatrlar şəbəkəsi vardır. Bu teatrların kollektivləri dünya təcrübəsindən uğurla bəhrələnərək davamlı yeniləşdirdikləri repertuarlarında mütərəqqi məzmunlu, humanist ideyalı əsərlərə xüsusi yer ayırmış, insanlarımıza milli dramaturji irsin dərin mənəviyyat aşılayan şah əsərləri və xarici ədəbiyyatın estetik zövq formalaşdıran qiymətli nümunələri ilə daha yaxından tanış olmaq imkanı qazandırmışlar. 

    Azərbaycan teatrı xalqımızın mədəni sərvətidir. Həmin sərvətin qorunması və inkişaf etdirilməsi Azərbaycan dövlətinin mədəniyyət siyasətinin əsas prioritetlərindən biridir. Respublikamıza rəhbərlik etməyə başladığı ilk illərdən milli-mənəvi dəyərləri ön planda tutmaqla tarixi-mədəni irsimizə münasibətdə dönüş yaradan Ulu Öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və iştirakı ilə Azərbaycan teatrının 100 illik yubileyinin təntənəli qeyd olunması diqqətəlayiq mədəniyyət hadisəsinə çevrilmiş və teatrımızın çiçəklənməsinə yeni stimul vermişdir. 
    Muxtar respublikamızda fəaliyyət göstərən teatrlar da mədəniyyətin və xalqın milli ruhunun inkişafında, ümumxalq mədəni səviyyəsinin yüksəlməsində mühüm əhəmiyyət kəsb edir.
    Ölkə başçısının Azərbaycan teatrının 150 illik yubileyinin keçirilməsi ilə əlaqədar imzaladığı Sərəncamla bağlı teatr tədqiqatçısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımovla həmsöhbət olduq. Naxçıvan Dövlət Milli Dram Teatrının incəsənətimizin, milli mədəniyyətimizin inkişafındakı xidmətləri haqqında danışmağı xahiş etdik. Ələkbər müəllim bildirdi ki, böyük tarixi olan ölkə teatrlarımızdan biri də Naxçıvan Dövlət Milli Dram Teatrıdır. Bu mədəniyyət ocağı 1883-cü ilin mart ayından başlayaraq böyük inkişaf yolu keçib. Naxçıvan teatrının adı görkəmli maarifpərvər, ziyalı, yazıçı, tərcüməçi Eynəlibəy Sultanovla bağlı olub. İlk dəfə Eynəlibəy Sultanovun rəhbərliyi ilə mütərəqqi Naxçıvan ziyalılarının yaratdığı “Müsəlman incəsənəti və dram cəmiyyəti” tərəfindən 1883-cü ildə Mirzə Fətəli Axundovun “Müsyö Jordan və dərviş Məstəli şah” əsəri tamaşaya qoyulub. Bu tamaşa ilə Azərbaycan teatrının digər bir qolu olan Naxçıvan teatrı pərvəriş tapıb. Ardınca Mirzə Fətəli Axundovun “Molla İbrahimxəlil kimyagər”, “Lənkəran xanının vəziri”, “Hacı Qara” komediyaları, Nəcəf bəy Vəzirovun “Müsibəti-Fəxrəddin”, Əbdürrəhim bəy Haqverdiyevin “Dağılan tifaq”, Nəriman Nərimanovun “Nadir şah”, həmçinin Eynəlibəy Sultanovun “Tatarka” (Azərbaycan qadını) pyesi əvvəl rus, sonra doğma dilimizdə tamaşaya qoyulub.
    Teatrın inkişafında görkəmli ziyalılarımız Cəlil Məmmədquluzadə, Məhəmməd Tağı Sidqi, Hüseyn Cavid, Rza Təhmasib və Bəhruz Kəngərli danılmaz xidmətlər göstəriblər. Teatr səhnəsinə qoyulan dünya klassiklərinin əsərləri, həmçinin musiqili əsərlər mühüm əhəmiyyət kəsb edirdi. Ötən əsrin 30-50-ci illərində dünya dramaturgiyası və milli, klassik və müasir dramaturgiyamızın ən gözəl nümunələri müxtəlif rejissorlar tərəfindən tamaşaya qoyulurdu. Müsahibimin sözlərinə görə, həmin dövrlərdə Naxçıvan teatrında Səməd Mövləvi, İsa Musayev, İbrahim Həmzəyev, Əyyub Haqverdiyev, Xədicə Qazıyeva, Firuzə Əlixanova, Zəroş Həmzəyeva, Roza Cəfərxanova kimi istedadlı aktyorlar çalışıblar. Teatra 1938-ci ildə Mirzə Fətəli Axundovun, 1965-ci ildə Cəlil Məmmədquluzadənin adı verilib.
    Ələkbər Qasımovun sözlərinə görə, məhz həmin il teatrın yeni binasında Kəmalə Ağayevanın mənzum pyesi “Məhsəti” səhnəyə qoyulub. Həmin vaxtdan Kəmalə xanım Azərbaycan dramaturgiyası və milli teatr tariximizə mənzum dramların ilk qadın müəllifi kimi daxil olub. “Məhsəti” tamaşasının quruluşçu rejissoru Baxşı Qələndərli, quruluşçu rəssamı Məmməd Qasımov, bəstəkarı Məmməd Ələkbərov idi. 
    Müsahibim qeyd edir ki, mən balaca olanda “Məhsəti”nin köhnə binada gedən bütün məşqlərinə evdə tək qalmayım deyə iştirak etmək məcburiyyətində olurdum. Yeni binada, demək olar ki, bütün yeni tamaşaların premyeralarına baxırdım. Elə bu mühit də məni rejissorluq sənətinə həvəsləndirdi. 
    1965-ci ildə Naxçıvan teatrı ilk dəfə olaraq paytaxt Bakıda üç tamaşa ilə yaradıcılıq hesabatı verdi. O dövrün mərkəzi mətbuatının yazdıqlarından aydın olunur ki, həmin tamaşalar, xüsusən də “Məhsəti” rəğbətlə qarşılanıb, baş rolun ifaçısı Zəroş Həmzəyevanın, eləcə də digər aktyorların oyunları yüksək qiymətləndirilib. Ötən əsrin 60-70-ci illərində teatrda ali ixtisas təhsilli gənclərin sayı artmağa başladı. Belə gənclərdən biri də gənc rejissor Vəli Babayev idi. O, Naxçıvan səhnəsində bir-birindən maraqlı tamaşalara quruluş verib. 1970-ci ildə Naxçıvan teatrı ikinci dəfə Bakıya səfər edərək K.Qoldoninin “Mehmanxana sahibəsi” tamaşasını nümayiş etdirib və həmin tamaşa birbaşa yayımla bütün respublikaya göstərilib. 1987-ci ildə Tbilisidə keçirilən Ümumittifaq Teatr Festivalında Naxçıvan teatrı Sofoklun “Elektra” tamaşasını təqdim edərək yüksək qiymət alıb. Həmin tamaşa Moskvadan Mərkəzi Televiziya vasitəsilə bütün sovet tamaşaçıları üçün nümayiş etdirilib. 1989-cu ilin əvvəllərində məlum ictimai-siyasi hadisələr burulğanında bağlanmaq təhlükəsi ilə üzləşmiş Naxçıvan teatrı 1991-ci ilin sonlarında muxtar respublika Ali Məclisinin Sədri vəzifəsində işləyən Ulu Öndər Heydər Əliyevin sayəsində himayə olunaraq yenidən dirçəlib. Məhz dahi şəxsiyyət Heydər Əliyevin qonşu ölkələrlə bağladığı müqavilələr əsasında 1992-1994-cü illər arasında bu qədim sənət ocağının qardaş Türkiyəyə və İran İslam Respublikasına səmərəli qastrol səfərləri təşkil olunub. Müstəqillik illərində muxtar respublikada bütün sahələrlə yanaşı, mədəniyyət sahəsi də, o cümlədən teatr da inkişaf yoluna qədəm qoyub. 2008-ci ildə Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Naxçıvan Teatrının 125 illiyi təntənəli surətdə qeyd olunub, bir qrup aktyor və texniki işçi Azərbaycanın və muxtar respublikanın fəxri adları ilə təltif edilib, digər dövlət mükafatlarına layiq görülüblər. Bu il 140-cı teatr mövsümünün açılışı İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” tamaşası ilə başlayıb. 
    Digər müsahibimiz Naxçıvan Dövlət Milli Dram Teatrının direktoru, Azərbaycan Respublikasının Xalq artisti, Prezident mükafatçısı Rza Xudiyev bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 26 aprel tarixli Qərarı ilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrına “Milli” status verilməsi dövlətimizin bu sahəyə olan qayğısının ifadəsi, özünəməxsus ənənələri ilə seçilən Azərbaycan mədəniyyətinə  verilən dəyərin bariz nümunəsidir. Teatrın kollektivi belə qayğıya öz əməli işi ilə cavab verməyə çalışır. Rza Xudiyevin sözlərinə görə, teatr ötən il Türkiyə Respublikasının Ərzurum şəhərində Karel Çapekin “Ana” tamaşasını təqdim edib. Eləcə də yaz və payız mövsümlərində muxtar respublikanın bütün rayonlarına qastrollar təşkil olunub. Həmin qastrol səfərlərində Karel Çapekin “Ana”,  Elçinin “Teleskop”, Nikolay Vasilyeviç Qoqolun “Müfəttiş”, Hüseyn Cavidin “Topal Teymur”, İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” əsərləri uğurlu səhnə həlli ilə tamaşaçılara yüksək ovqat bəxş edib. Teatrın direktoru milli teatrımızın 150 illik yubiliyini dövlət səviyyəsində qeyd olunması ilə bağlı tarixi sərəncamın milli mədəniyyətimizə verilən yüksək dəyər kimi qiymətləndirildi. O, kollektivin bu sənət bayramını yaddaqalan sənət uğurları ilə qeyd edəcəyini söylədi.
    Müsahiblərin sözlərindən bir daha belə qənaətə gəldik ki, bundan sonra da teatrı yeni uğurlar gözləyir. Naxçıvan teatrı bir-birindən maraqlı tamaşalarla daha böyük auditoriya toplayaraq mədəniyyətimizin inkişafına yeni töhfələr verəcək. 

Bülbül QULİYEVA

Nəşr edilib : 06.02.2023 20:01