AZ EN RU

Naxçıvan teatrı Ulu Öndərə həsr olunmuş “Xilaskar” tamaşasını təqdim edib

    Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin “Heydər Əliyev İli” çərçivəsində təsdiq etdiyi Tədbirlər Planına əsasən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən tamaşanı teatrsevərlərə təqdim edib. 
    Milli Qurtuluş Günü ərəfəsində təqdim olunan tamaşa yazıçı-dramaturq Aqşin Babayevin “Xilaskar” əsəri əsasında səhnələşdirilib. Xalq artisti Kamran Quliyevin quruluş verdiyi səhnə əsərinin quruluşçu rəssamı, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramov, ikinci rejissoru Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşiyev, musiqi tərtibatçısı  Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədovdur.
    “Xilaskar” tamaşası 30 il əvvəl Azərbaycanda baş verən ictimai-siyasi hadisələrin səhnə həlli, qurtuluşa aparan yolda xalqımızın yaşadığı tarixi gerçəkliyin ifadəsidir. Sənədli-publisistik dram janrında ərsəyə gətirilən tamaşada 90-cı illərin acı reallıqları, azadlığını itirmək təhlükəsi ilə üz-üzə qalan Azərbaycanın xilas yolu tarixi  faktların işığında səhnələşdirilib. “Xilaskar” tamaşası Ümummilli Liderin xilaskarlıq missiyasının  səhnə həlli olduğu üçün xüsusi bir önəm daşıyır. 
    Tamaşada insanların  istefa tələbi ilə küçələrə axışdığı, Qarabağın erməni işğalına məruz qaldığı bir zamanda xalqı təmsil edən deputatların öz mənfəətlərini güdməsi, ölkənin hər gün bir daha dərinləşən uçurumun girdabına sürüklənməsi onların söz davasında ortaya çıxır. Məhz belə bir zamanda xalq tək nicat yolu, ümid mənbəyinin dahi şəxsiyyət Heydər Əliyev olduğunu dərk edib. “Xilaskar” tamaşasında Gəncə hadisələrindən sonra xalqın mövcud hakimiyyətə inamının itirməsi, təkidlə Ulu Öndərin Bakıya dəvət olunması mahir ustalıqla əks olunub. Səhnə əsərində Ədalət (Nəsimi Nəbizadə), şair, deputat (Səməd Canbaxşiyev) xalqın xilas yolunun  Ulu Öndərin yolu olduğunu bildirir, onu müdafiə etməkdən çəkinmirlər. 
    Səhnə əsərində Ulu Öndər Heydər Əliyevin obrazını Xalq artisti Rza Xudiyev canlandırır. Xalq artistinin səs tonu və özünəməxsus peşəkarlığı dahi liderin xarakterində olan müdrikliyi çox ustalıqla tamaşaçıya çatdırmağa kömək edir. 
    Tamaşa ölkə başçısı cənab İlham Əliyevin Vətən müharibəsi zamanı Qarabağın işğaldan azad olmasını, həm də ata vəsiyyəti olduğunu bildirən tarixi çıxışı ilə sona çatır.
    Tamaşa alqışlarla  müşayiət olunub.

Naxçıvan Muxtar Respublikası  Mədəniyyət Nazirliyinin 
mətbuat xidməti

Nəşr edilib : 13.06.2023 10:01