AZ EN RU

Naxçıvan teatrı 140-cı mövsümünü başa vurub

    İyunun 25-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının 140-cı mövsümünün bağlanış mərasimində əvvəlcə Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Həsən Kərimov çıxış edib.
    Uzun və şərəfli tarixi yol keçmiş Azərbaycan teatrının keçdiyi yola nəzər yetirən nazir müavini bildirib ki, teatrlarımızın yeni inkişaf yoluna çıxmasında Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri var. Mədəniyyətimizin himayədarı hakimiyyətinin bütün dövrlərində Azərbaycan teatrının inkişafı üçün əlindən gələni edib, bu sahədə çalışanların əməyini yüksək qiymətləndirib, bu istiqamətdə bir sıra əhəmiyyətli addımlar atılıb.
      Qeyd olunub ki, 2023-cü il 3 fevral tarixdə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. Bu il həm də Naxçıvan teatrının 140 illiyinin olması ilə əlamətdardır. Naxçıvan teatrı  yubileyə 4 yeni tamaşa ilə  öz töhfəsini verib. “Xilaskar”, “Lənkəran xanının vəzirinin sərgüzəştləri”, “Cibimizdəki dəlilik” və “Edama məhkumun son günü” tamaşaları ilə teatrsevərlərin  görüşünə gəlib.
    Həsən Kərimov 140-cı mövsümün bağlanış mərasimi münasibətilə teatrsevərləri təbrik edərək bildirib ki, yeni mövsümdə Naxçıvan teatrı müasir, zamanla səsləşən, xalqımızın estetik dünyagörüşünün formalaşmasına əhəmiyyətli təsir göstərən maraqlı tamaşalarla teatrsevərlərin qarşısına çıxacaq.
    Sonra Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin “Heydər Əliyev İli” çərçivəsində təsdiq etdiyi Tədbirlər Planına əsasən  yazıçı-dramaturq Aqşin Babayevin “Xilaskar” əsəri əsasında səhnələşdirilən tamaşa nümayiş olunub. Xalq artisti Kamran Quliyevin quruluş verdiyi səhnə əsərinin quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramov, ikinci rejissoru Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşiyev, musiqi tərtibatçısı  Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədovdur.
    Səhnə əsərində Xalq artistləri Rza Xudiyev, Həsən Ağasoy, Əməkdar artistlər – Əbülfəz İmanov, Behruz Haxverdiyev, Vidadi Rəcəbli, Nazlı Hüseynquliyeva, Səməd Canbaxşiyev, Günay Qurbanova və digər aktyorlar yer alıb.
    Tamaşa ölkə başçısı cənab İlham Əliyevin Vətən müharibəsi zamanı Qarabağın işğaldan azad olmasının həm də ata vəsiyyəti olduğunu bildirən tarixi çıxışı ilə sona çatır.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 25.06.2023 18:41