AZ EN RU

“Naxçıvan: tarixi, mədəniyyəti, təbii sərvətləri və müasir inkişafı” mövzusunda II beynəlxalq konfrans keçirilib

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu və Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin təşkilatçılığı ilə keçirilən konfransı giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb. Bildirib ki, konfransın keçirilməsində məqsəd Naxçıvanın tarixi keçmişi, mədəniyyəti, təbii ehtiyatları və müasir inkişafının ən aktual problemləri ilə bağlı aparılan əsaslı tədqiqatların beynəlxalq səviyyədə təqdim edilməsi, yeni araşdırmaların təhlil və müzakirə olunmasıdır. “Naxçıvan: tarixi, mədəniyyəti, təbii sərvətləri və müasir inkişafı” mövzusunda II beynəlxalq konfransda Amerika Birləşmiş Ştatlarından, qardaş Türkiyə Cümhuriyyətindən, Azərbaycan Milli Elmlər Akademiyasının müxtəlif elmi-tədqiqat institutlarından, AMEA-nın Gəncə və Naxçıvan bölmələrindən, həmçinin ölkənin müxtəlif ali təhsil, elm və mədəniyyət müəssisələrində çalışan elm adamlarının onlayn iştirakı ilə keçirilir.
    Naxçıvanın müxtəlif dövrlərdə Azərbaycanın dövlətçilik tarixində daşıdığı mühüm rolundan bəhs edən İsmayıl Hacıyev qədim zamanlardan günümüzədək burada mövcud olmuş dövlətçilik ənənələrimizin qorunub saxlanılmasından danışıb. Akademik arxeoloji araşdırmalar nəticəsində öyrənilmiş şəhər-dövlətlərdən başlayaraq müxtəlif dövrlərdə mövcud olan Naxçıvanşahlıq, Atabəylər dövləti, Naxçıvan tüməni, Naxçıvan xanlığı, Naxçıvan qəzası, Araz-Türk Cümhuriyyəti və Naxçıvan Muxtar Respublikası haqqında konfrans iştirakçılarını məlumatlandırıb.
    Akademik İsmayıl Hacıyev Azərbaycanın bugünkü inkişafının ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyinin nəticəsi olduğunu vurğulayıb, bu siyasətin Prezident cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirildiyini, muxtar respublikada da uğurla həyata keçirildiyini bildirib. AMEA Naxçıvan Bölməsinin sədri elmin inkişafına göstərilən qayğıya, elm adamlarının fəaliyyətlərinə göstərilən dəstəyə, yaradılan şəraitə görə dövlətimizə minnətdarlığını bildirib.
    Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı “Atabəy Şəmsəddin Eldənizin Azərbaycanın cənub-qərb bölgəsində siyasi vəziyyəti dəyişdirən fəaliyyətinə dair” mövzusunda çıxış edərək 1136-cı ildə əsası qoyulan Eldənizlər dövlətinin Azərbaycanda dövlətçilik tarixinin formalaşmasında mühüm rol oynamasından danışıb. Bildirib ki, Naxçıvan şəhərinin paytaxt kimi ilk dəfə seçilməsi də məhz həmin dövrə aid edilməkdədir. Eldənizin hakimiyyətinin sonlarına yaxın bütün dövlət quruluşu sisteminin nizama salınması, hər şeydən əvvəl vassalların mərkəzi hakimiyyətlə bağlılığının möhkəmləndirilməsi, sözsüz ki, hərbi qüdrətinin gücləndirilməsi ilə bağlı idi.
    Ərzurum Atatürk Universitetinin professoru, tarix elmləri doktoru Hüseyn Yurttaş “Naxçıvan abidələrinin türk-islam mədəniyyətindəki rolu” mövzusunda çıxış edərək bildirib ki, Azərbaycanın Naxçıvan diyarında türk-islam mədəniyyəti on ikinci əsrdə özünün intibah mərhələsinə çatıb. Bu dövrdə yaşayıb-yaradan memar Əcəmi Əbubəkr oğlu Naxçıvaninin sənəti nəinki Azərbaycan, ümumilikdə, Yaxın Şərq və İslam memarlığında yeni bir məktəbin əsasını qoyub. Son illər qədim türk diyarı olan Naxçıvanda qeydə alınan dünya, ölkə və yerli əhəmiyyətli tarixi abidələrin bir çoxu  ilkin görünüşü qorunmaqla bərpa edilib. Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da maddi mədəniyyət nümunələrinə, tarixi abidələrə, bir sözlə, milli dəyərlərimizə hörmətlə yanaşılır, müasir şəhərsalma işlərində türk-islam mədəniyyəti elementlərindən məqsədyönlü şəkildə istifadə olunur. 
    “Kür-Araz mədəniyyəti problemləri Azərbaycanda son arxeoloji tədqiqatlar işığında” mövzusunda çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, tarix elmləri doktoru, professor Abbas Seyidov vurğulayıb ki, Kür-Araz mədəniyyətinin erkən mərhələsində aşkar olunmuş yaşayış binaları tikinti texnikası və konstruksiyasına görə Eneolit dövrünün eynitipli evlərini xatırladır. Naxçıvanda yer alan I Kültəpə və II Kültəpədən aşkar olunan arxeoloji materiallar Eneolit dövrünə aid öz prototiplərini təkrar edir. 
    Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru Eltun İbrahimov “Naxçıvan Muxtar Respublikasında sənayenin inkişafında müasir imkanlar” mövzusunda çıxış edərək bildirib ki, müasir dövr Naxçıvanda iqtisadiyyatın aparıcı sahəsi olan sənayenin inkişaf etdirilməsi dövrü kimi xarakterizə olunur. Ölkəmizdə iqtisadiyyatın çoxşaxəliliyinin təmin olunması və qeyri-neft sektorunun inkişafı istiqamətində müəyyən edilmiş strategiyaya uyğun olaraq Naxçıvan Muxtar Respublikasında həm yerli xammala əsaslanan, həm də yüksək texnologiya bazalı sənaye müəssisələrinin yaradılması işi uğurla davam etdirilir. 
    Sonda akademik İsmayıl Hacıyev konfransın təşkil olunmasında əməyi keçənlərə və iştirakçılara təşəkkürünü bildirib.
    İkigünlük konfrans günün ikinci yarısında keçirilən bölmə iclasları ilə davam etdirəcək. 

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 07.07.2022 21:47