AZ EN RU

Naxçıvan şirkətləri ixracı genişləndirir

    Sürətli iqtisadi inkişaf yolunda uğurla irəliləyən ölkəmizdə sahibkarlıq xüsusi diqqət yetirilən sahələrdən biridir. Dünyaya inteqrasiya olunduğumuz bir dövrdə artıq sahibkarlar daxili bazarla kifayətlənməyərək həm də rəqabətədavamlı, ixracyönümlü məhsul istehsalına da ciddi fikir verirlər.

    Bu cəhətdən xarici ölkələrdə təşkil olunan beynəlxalq tədbirlər mühüm əhəmiyyət daşıyır. Artıq neçə ildir ki, muxtar respublika sahibkarları da belə tədbirlərə qatılır, regionumuzda istehsal edilən məhsulları nümayiş etdirir, bununla xarici ölkələrdə də alıcı qüvvəsi toplayırlar.

    Bu gün Rusiya Federasiyasının paytaxtı Moskvada “Prodexpo 2022” beynəlxalq sərgisi öz işinə başlayıb. 11 fevral tarixinədək davam edəcək sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı Azərbaycan məhsulları “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirilir.

    Qida, içki və onların xammalının istehsalı üzrə hər il təşkil olunan sərgidə iştirak edən Naxçıvan şirkətləri də müxtəlif çeşidli məhsullarını sərgiləmək imkanı əldə ediblər. Sərgidə “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Badamlı Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyəti,  Babək “Sirab” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 94 çeşiddə vafli məhsulları, 40 çeşiddə qazlı və qazsız “Badamlı”, “Sirab” mineral suları olmaqla, cəmi 134 çeşiddə məhsul nümayiş olunur.

     Sərgilər çərçivəsində naxçıvanlı sahibkarlar istehsal etdikləri məhsulları nümayiş etdirməklə yanaşı, xarici iş adamları ilə yeni əməkdaşlıq əlaqələri qurmaq, məhsulların ixracına dair müzakirələr aparmaq imkanı da əldə edəcəklər.

    Qeyd edək ki, 13-17 fevral tarixlərində növbəti “Gulfood 2022” sərgisi keçiriləcəkdir. Sərgidə “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyəti,  “Badamlı Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyəti,  Babək “Sirab” Açıq Səhmdar Cəmiyyəti, “Savalan-S” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri təmsil olunacaq. Belə sərgilər istehsala və ixraca mühüm töhfələr verəcəkdir.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat

Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 07.02.2022 16:15