AZ EN RU

Naxçıvan, Şərur və Culfa Regional Dövlət Aqrar İnkişaf Mərkəzləri, o cümlədən “Naxçıvan Aqrar Xidmətlər Mərkəzi” fəaliyyətə başlayıb

Naxçıvan, Şərur və Culfa Regional Dövlət Aqrar İnkişaf Mərkəzləri, o cümlədən “Naxçıvan Aqrar Xidmətlər Mərkəzi” fəaliyyətə başlayıb.

Bu münasibətlə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində keçirilən tədbirdə kənd təsərrüfatı naziri vəzifəsini müvəqqəti icra edən, nazir müavini Xəyalə Dadaşova bildirib ki, 2023-cü ilin ötən dövründə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində bir sıra struktur islahatları aparılıb, vahid idarəçilik altında yeni təşkilatlar formalaşdırılıb. Bu təşkilatlardan olan Naxçıvan, Şərur və Culfa Regional Dövlət Aqrar İnkişaf Mərkəzləri və “Naxçıvan Aqrar Xidmətlər Mərkəzi” artıq fəaliyyətə başlayıb.

Mərkəzlər barədə məlumat verən nazir müavini qeyd edib ki, Naxçıvan Regional Dövlət Aqrar İnkişaf Mərkəzi Naxçıvan şəhəri, Babək və Şahbuz rayonlarını, Şərur Regional Dövlət Aqrar İnkişaf Mərkəzi Şərur, Kəngərli və Sədərək rayonlarını, Culfa Regional Dövlət Aqrar İnkişaf Mərkəzi isə Ordubad və Culfa rayonlarını əhatə edir. Yeni fəaliyyətə başlayan bu təşkilatlar nazirliklə fermerlərin, ailə təsərrüfatçılarının, aqrar sektorda fəaliyyət göstərən sahibkarların əlaqəli işinin təşkilini həyata keçirir. Mərkəzlərdə bitkiçiliyin və heyvandarlığın təşkili, meliorasiya və irriqasiya məsələləri, örüş və otlaqlara nəzarət və s. bu kimi məsələlər tənzimlənəcək 

“Naxçıvan Aqrar Xidmətlər Mərkəzi”ndə isə inzibati idarəetmə, heyvan xəstəlikləri və baytarlıq xidmətləri, bitki mühafizəsi və fumiqasiya (zərərsizləşdirmə), ekspertiza və sertifikatlaşdırma və başqa bir sıra məsələlər tənzimlənəcək, həmçinin aqrar təlimlər keçiriləcək. Mərkəz aqrar sahədə göstərilən dövlət xidmətlərini optimallaşdıracaq, səmərəliliyi, o cümlədən vətəndaş məmnunluğunu artıracaq. Aparılacaq peyvəndləmə tədbirləri də bu mərkəz tərəfindən təmin ediləcək. Qeyd olunanlarla yanaşı istehsalçı və digər sahibkarlıq subyektlərinə fəaliyyətlərinin tənzimlənməsi üçün də köməklik göstəriləcək.

Nazir müavini Regional Dövlət Aqrar İnkişaf Mərkəzlərinə, eləcə də “Naxçıvan Aqrar Xidmətlər Mərkəzi”nə təyin olunan direktorları kollektivə təqdim edib.  

Görüşdə Nazirliyin və aidiyyəti qurumların əməkdaşları ilə birgə fərdi baytarlıqla məşğul olan şəxslər də iştirak edib.

Görüş zamanı muxtar respublikanın fitosanitar və epizootik vəziyyətinin diqqətdə saxlanılması, bitki mühafizəsi, o cümlədən heyvanların xüsusi təhlükəli xəstəliklərə qarşı peyvəndləmə məsələlərinin vaxtında və düzgün aparılmasına dair tövsiyələr verilib.

Qeyd edək ki, “Naxçıvan Aqrar Xidmətlər Mərkəzi”nin direktoru vəzifəsinə Əbil Əbilov təyin edilib. O, daha öncə Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin rəisi vəzifəsində və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində müxtəlif vəzifələrdə çalışıb.

Naxçıvan Regional Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru vəzifəsinə Fariz Şıxəliyev təyin olunub. O, bundan öncə Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətində çalışıb.

Şərur Regional Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru vəzifəsinə Həbib İbrahimov təyin edilib. O, bundan öncə Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Culfa Regional Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru vəzifəsinə isə Vəli Novruzov təyin edilib. O, bundan öncə Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin rəisi vəzifəsində çalışıb.

Nəşr edilib : 26.08.2023 21:51