AZ EN RU

Naxçıvan səhiyyəsində daha bir yenilik

Azərbaycanda səhiyyənin inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən biridir. Son illərdə ölkə başçısı cənab İlham Əliyevin səhiyyənin inkişafı ilə bağlı həyata keçirdiyi məqsədyönlü siyasət bu sahənin keyfiyyət və kəmiyyət göstəriciləri ilə zənginləşməsinə səbəb olub. Səhiyyə ilə bağlı mühüm dövlət proqramlarının hazırlanaraq həyata keçirilməsi, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması bu istiqamətdə aparılan siyasətin əsas prioritetləridir. Səhiyyə müəssisələrinin təmir və bərpası, ən modern avadanlıqla təchiz olunması, regionlarda yeni diaqnostika mərkəzlərinin istifadəyə verilməsi və digər tədbirlər səhiyyə sahəsində aparılan islahatların əsasını təşkil edir. Bu sırada Naxçıvan Muxtar Respublika Xəstəxanası da mühüm yer tutur.

Qeyd etmək yerinə düşər ki, son dövrlər ərzində muxtar respublikamızın səhiyyə sahəsi sürətli inkişaf yoluna qədəm qoyub. Bu müasirliyin fonunda əhaliyə tibbi xidmətin göstərilməsi, həmçinin onların problemləri ilə daha yaxından maraqlanmaq tibb işçilərinin daim diqqət mərkəzindədir.

Məlumat üçün diqqətə çatdıraq ki, Naxçıvan Muxtar Respublikasının səhiyyə sistemində həyata keçirilən islahatların başlıca istiqamətlərindən biri keyfiyyətli tibbi xidmətə əlçanlığın təmin edilməsidir. Bu istiqamətdə növbəti yenilik Naxçıvan Muxtar Respublikası Xəstəxanasında icra olunacaq. Belə ki, əhalinin tibb xidmətlərinə olan təlabatlarının tam ödənilməsi, insanların günün istənilən saatında instrumental müayinələrə yaranan ehtiyacının qarşılanması və günün ilk yarısında yaranan sıxlığı aradan qaldırmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Xəstəxanasında USM (ultrasəslə müalicə) və rentgen muayinələri 24 saatlıq iş rejiminə keçirilib. Qeyd edək ki, bu problem səhiyyə sistemində əvvəlki dövlərdən günümuzə qalan ciddi çatışmazlıqlardan biri idi və təcili, təxirəsalınmaz yardım hallarında ehtiyac yarandıqda vətəndaşlar müayinələrini həmin anda ala bilmir, gözləmək məcburiyyətində qalırdılar. İş rejimində edilən belə bir dəyişiklik əhalinin həm vaxtında, həm də keyfiyyətli tibbi xidmət görməsini təmin edəcək.

Mövzuyla bağlı ətraflı məlumat verən Naxçıvan Muxtar Respublika Mərkəzi Xəstəxanasının USM həkim Araz Musayev deyir ki, respublikamızın sosial-iqtisadi inkişafı cəmiyyət həyatının bütün sahələrində olduğu kimi səhiyyə sistemində də öz müsbət nəticələrini vermişdir. Müasir dövrümüzdə səhiyyənin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və digər irimiqyaslı tədbirlər həyata keçirilib. Bütün bu uğurlar səhiyyənin dünya standartları üzrə inkişafına, onun dünyanın qabaqcıl ölkələrinin səhiyyə sisteminə ardıcıllıqla inteqrasiya edilməsinə zəmin yaradan amillərdir. Bununla yanaşı peşəkar həkimlərimiz tərəfindən pasiyentlərimizə nümunəvi tibbi xidmətin göstərilməsi, onların düzgün müayinə və müalicəsinin təmin olunması əsas məsələlərdəndir. Muxtar respublikamızın Mərkəzi Xəstəxanasında USM və rentgen müayinələrinin 24 saatlıq iş rejminə keçməsi, hesab edirik ki, xəstələrimizin razılığına səbəb olacaq. Bununla sözügedən müayinələrdən keçmək istəyən pasiyentlərin rahatlığı təmin olunacaqdır.

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 02.09.2023 12:00