AZ EN RU

“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin sədri Mayis Gülməmmədov Prezidentə məktub ünvanlayıb

Məktubda deyilir:

Cənab Prezident!

Sizi Azərbaycan Respublikasında 7 fevral 2024-cü il tarixdə keçirilmiş növbədənkənar prezident seçkilərində qazandığınız qələbə münasibətilə muxtar respublikamızın şəhid ailələri adından səmimi-qəlbdən təbrik edirəm.

Bu qələbə ölkəmizdə təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş daxili və xarici siyasətin uğurla həyata keçirilməsinin, xalqın Sizə olan hədsiz sevgisinin, böyük hörmət və ehtiramının nəticəsidir.

Siz 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilərkən hər bir vətəndaşın Prezidenti olacağınızı, torpaqlarımızı işğaldan azad edəcəyinizi, ölkəmizin sosial-iqtisadi sahədə inkişafını, insanların hüquq və azadlıqlarının qorunmasını təmin edəcəyinizi, Azərbaycan vətəndaşına xoş-firavan həyat bəxş edəcəyinizi bildirmişdiniz və sözünüzün imzanız olduğunu son 20 ildə əməli işinizlə təsdiq etdiniz.

2020-ci ilin sentyabrın 27-də Sizin “dəmir yumruğ”unuz ətrafında sıx birləşən xalq və ordu 30 illik torpaq həsrətinə 44 gün ərzində son qoydu. 2023-cü ilin sentyabrın 20-də Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi tam təmin edildi. Övladlarımız Vətən uğrunda şəhid olsalar da torpaqlarımızın işğaldan azad edilməsi, Zəfər seçkisi olan növbədənkənar Prezident seçkilərinin işğaldan azad olunmuş torpaqlarda keçirilməsi bizə böyük təsəllidir.

Cənab Prezident!

Biz - şəhid ailələri hər zaman Sizin diqqət və qayğınızı hiss edirik. Şəhid övladlarımızın Sizə olan sevgisini biz valideynlər Sizin ətrafınızda sıx birləşməklə davam etdirəcək, şəhidlərimizin əmanət etdiyi torpaqlarımızı canımızla, qanımızla qoruyacaq, hər zaman yerində olan “dəmir yumruğ”a sarılaraq qalib xalqın qalib Lideri olan cənab Prezidentimizlə fəxr edəcəyik. 

Sizə prezidentlik fəaliyyətinizdə möhkəm cansağlığı, uğurlar arzulayıram. Naxçıvan Muxtar Respublikasının şəhid ailələri daim Sizinlədir.

Yaşasın müstəqil Azərbaycan!

Yaşasın qalib ölkənin Prezidenti cənab İlham Əliyev!

Nəşr edilib : 20.02.2024 10:22