AZ EN RU

Naxçıvan şəhərinin 48-ci məhəlləsində rabitə infrastrukturu yenilənir

    Muxtar respublikanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi bütün sahələrdə olduğu kimi, rabitə infrastrukturunun da gələcək inkişafına, hər bir vətəndaşın müasir texnologiyalardan bəhrələnməsinə geniş imkanlar açıb. 
    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə rabitə və yeni texnologiyalar sahələrinin müasir tələblər səviyyəsində qurulması istiqamətində məqsədyönlü layihələr həyata keçirilir.
    Ötən il ərzində muxtar respublikanın bir sıra yaşayış məntəqələrində əhalinin keyfiyyətli rabitə xidmətlərindən istifadə etmələri üçün yeni nəsil NGN tipli avtomat telefon stansiyaları quraşdırılıb, habelə bir sıra yerlərdə aztutumlu avtomat telefon stansiyaları yüksək montaj tutumuna malik yeni nəsil avtomat telefon stansiyaları ilə əvəz olunub. Ümumilikdə, muxtar respublika üzrə 2441 yeni sabit şəbəkə telefon nömrəsi abonentlərin istifadəsinə verilib.

    Naxçıvan şəhərinin Cəlil Məmmədquluzadə və “İstiqlal” küçələrində, Heydər Əliyev prospektində, Xətai məhəlləsində və digər yerlərdə müxtəlif tutumlu yeni avtomat telefon stansiyaları quraşdırılıb. Həmçinin, kabel-kanalizasiya qurğuları inşa edilib, hava rabitə xətləri yeraltı xətlərlə əvəz olunub. Bir sıra yerlərdə uzun müddət istismar olunan və müxtəlif səbəbdən yararsız vəziyyətə düşən taxta rabitə dirəkləri dəmir dirəklərlə, müxtəlif tutumlu yararsız kabellər yeni kabellərlə əvəzlənib, yeni abonent qutuları və paylayıcı şkaflar əlavə olunmaqla  rabitə xətlərindəki nasazlıqlar aradan qaldırılıb. 
    Rabitə sistemində yeni texnologiyaların tətbiqi, internet şəbəkəsinin genişlənməsi günümüzün tələbləri sırasındadır. Ona görə də avtomat telefon stansiyalarında genişzolaqlı internet avadanlıqlarının və telefon şəbəkəsinin montaj tutumları tələbata uyğun olaraq artırılır. Belə ki, cari ildə  Şərur və Babək rayonlarının bir sıra kəndlərində fəaliyyət göstərən  avtomat telefon stansiyalarının internet tutumu artırılıb. Ümumilikdə, 672 nəfərin internetə olan tələbatının ödənilməsinə şərait yaranıb.
    Muxtar respublikanın digər rayonlarında da əhalinin internetə olan tələbatının ödənilməsi istiqamətində zəruri işlərin görülməsi nəzərdə tutulur.
    Həyata keçirilən kompleks tədbirlərin məntiqi davamı olaraq hazırda Naxçıvan şəhərinin 48-ci məhəlləsində rabitə xətlərində təmir işləri aparılır. İnternet verilişində qırılmaların qarşısının alınması və həmin ərazidə yeni telefon xətləri üçün yeni kabellər çəkilməklə montaj tutumu artırılır. İstismarda olan kabellər iritutumlu kabellərlə dəyişdirilir. Yeni çəkilmiş kabellərin montaj tutumunun artırılması üçün zəruri texniki tədbirlər görülür. 
    Qeyd edək ki, bu istiqamətdə Əlincə məhəlləsində görülən işlər artıq yekunlaşıb. 
    Rabitə və internet xidmətlərinin keyfiyyətinin daha da yüksəldilməsi, internet verilişində qırılmaların qarşısının alınması məqsədilə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən “Argus 156” test markalı avadanlıqlar alınaraq aidiyyəti üzrə rayon rabitə idarələrinə verilib. 
    Həyata keçirilən məqsədyönlü tədbirlər internet xətlərində yaranmış nasazlıqların operativ olaraq aradan qaldırılmasına,  yeni sabit şəbəkə telefon çəkilişlərinin həyata keçirilməsinə şərait yaradacaq.

Naxçıvan Muxtar Respublikası 
Rabitə və Yeni Texnologiyalar 
Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 04.02.2022 21:37