AZ EN RU

Naxçıvan şəhərində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib

Mayın 8-də Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirlinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Filarmoniyası və Naxçıvan Şəhər Mədəniyyət İdarəsinin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konserti keçirilib. Heydər Əliyev Muzeyinin qarşısında təşkil olunan konsert proqramının aparıcıları bildiriblər ki,bu il Azərbaycanın memarı və qurucusu, dünya şöhrətli siyasətçi, xalqımızın müdrik oğlu, ulu öndər Heydər Əliyevin anadan olmasından 100 il ötür. Dahi liderin yubileyi ölkəmizin hər yerində böyük coşqu və təntənə ilə qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli”elan olunub.
        Naxçıvan Dövlət Filarmoniyasının Simfonik Orkestri, Naxçıvan Dövlət Filarmoniyası və Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin birləşmiş xor kollektivlərinin ifasında Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan konsertdə məşhur bəstəkarların  Ulu Öndərə həsr etdikləri, dahi rəhbərin sevdiyi əsərlər, həmçinin  vətənpərvərlik ruhu aşılayan mahnılar ifa edilib, xalq mahnıları, rəngarəng rəqs nömrələri təqdim edilib. Konsert zamanı  təqdim olunan “Koroğlu” operasından “Üvertüra”, “Azərbaycan”, “Vətən yaxşıdır”, “El yolunda”, “Sənə də qalmaz”, “Qarabağ”, “Doğma diyarım”, “Yaşa, mənim xalqım”, “Xalq Heydər deyəcək”, “Nə gözəldir Azərbaycan”, “Ey Vətən oğlu”, “Mənim Azərbaycanım”  və digər mahnılar Əməkdar artistlər-Tural Nəcəfov, Mübariz Əsgərov, Naxçıvan Muxtar Respublikasının əməkdar artistləri Zülfiqar Mahmudov, Ruhiyyə Hüseynova, Hünər Əliyev və Filarmoniyanın solistləri tərəfindən səsləndirilib. Filarmoniyanın və Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin rəqs qrupunun təqdim etdiklər rəqs nömrələri tamaşaçılarda xoş əhval-ruhiyyə yaradıb. Alqışlarla  müşayiət olunan konsert proqramı Naxçıvan Dövlət Filarmoniyası və Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin birləşmiş xor kollektivinin təqdimatında “Ürəklərdə yaşayacaqsan” əsəri ilə sona çatıb. 
    Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Ulu Öndərin 100 illik yubileyi ilə bağlı Tədbirlər Planına əsasən muxtar respublikanın rayonlarında konsert proqramları təşkil olunur. 10 may tarixdə Ulu Öndərin doğum günündə  rayon mədəniyyət idarə və şöbələri tərəfindən  konsert proqramının keçirilməsi nəzərdə tutulub.

Naxçıvan Muxtar Respublikası
 Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 08.05.2023 21:08