AZ EN RU

Naxçıvan şəhərində təşkil edilən kənd təsərrüfatı məhsullarının satış yarmarkasından söhbətlər

    Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, o cümlədən çeşidini artırmaqla seçmək və əlverişli qiymətə almaq, eləcə də satmaq imkanının yaradılması məqsədilə həftədə iki gün olmaqla kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunur. Mövsümlə əlaqədar olaraq satış və alıcılıq qabiliyyətinin artdığı nəzərə alınaraq yarmarkaların fəaliyyətinə diqqət artırılır, ciddi nəzarət olunur, əhatə dairəsi genişləndirilir. Belə yarmarkaların keçirilməsi fərdi təsərrüfatçılara, ailə təsərrüfatlarına, sahibkarlara istehsal olunmuş məhsullarının satışına kömək etməklə yanaşı, bazarlarda süni qiymət artımının qarşısının alınmasına, fermerlərlə emal müəssisələri və alıcılar arasında əlaqə  qurulmasına şərait yaratmaqla istehsalçıların məhsullarının qısa zamanda və bazar qiymətlərindən ucuz qiymətə  satılmasına təkan verir. 

    Bütün bunların davamı olaraq iyulun 23-ü və 24-ü Naxçıvan şəhərinin Xətai küçəsindəki Mərkəzi Bazarda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkası keçirilib. Yarmarkada mövsümi əkinçiliklə və meyvə məhsulları ilə bərabər ət, ağartı məhsullarının satışı da təşkil edilib. Muxtar respublikanın rayonlarından onlarla ailə təsərrüfatçısı, sahibkar yarmarkada öz məhsullarını mövsümə uyğun qiymətə satışa çıxarıblar. Naxçıvan şəhərində təşkil edilən yarmarkaya gələnlərin ardı-arası kəsilmirdi. Hiss olunurdu ki, sakinlər neçə illərdir, mütəmadi olaraq keçirilən belə tədbirlərdən xeyli razıdırlar. Bunu yarmarkaya üz tutanların çöhrələrindən də duymaq çətin deyildi. Çünki insanlar keyfiyyəti ilə seçilən yerli məhsulları buradan  ucuz qiymətə ala bilirdilər. Yarmarkaya gəlişimiz səhər saatlarına təsadüf etsə də, burada  sıxlıq müşahidə olunurdu. Biz də həm ziyarət, həm ticarət, – deyib satıcı və alıcılarla söhbətləşdik.
    Muxtar respublikanın ən böyük rayonu olan Şərur rayonunun Çəmənli kənd sakini İlkin İsmayılovun dedikləri: – Yarmarkaya məhsul gətirən torpaq mülkiyyətçilərinə hərtərəfli şərait yaradılıb. Buradakı səliqə-sahman da  satıcı və alıcıların ürəyincədir. Yarmarkada məhsullar bazar qiymətindən 15-20 faiz ucuz təklif olunur. Alıcılar mövsümi meyvələrə daha çox maraq göstərirlər. Mən də həyətyanı sahəmdəki və pay torpağımdakı meyvə bağlarının məhsullarını yarmarkaya gətirmişəm. Alma, almaxara, gilas, alçanın bu mövsümdə alıcısı başının üstündədir. Səhərdən indiyə kimi gətirdiyim məhsulun, demək olar ki, yarısından çoxunu satmışam. Bizim üçün yaradılan şəraitə, göstərilən qayğıya görə bir daha minnətdarlığımı bildirirəm.
    Yarmarkada yerli tərəvəz məhsulları ilə yanaşı, şəfalı otlar, gündəlik istifadə etdiyimiz göyərtilər də çoxluq təşkil edirdi.
    Ordubad rayon Dəstə kənd sakini Əli Qənbərov dedi ki, bu cür yarmarkaların təşkili həm şəhər sakinlərinin, həm də bizim üçün əlverişlidir. İstehsal etdiyimiz məhsulların alıcılarının sayı artır ki, bu da zəhmət adamlarının doğma torpağa daha çox bağlanmağa ruhlandırır. Təşkilatçılara minnətdarıq.  
     Babək şəhər sakini Tural Əliyev  dedi ki,  alıcılar  daha çox məzrə, nanə, reyhan, şüyüd, keşniş alıb qurudaraq qış üçün tədarük edirlər. Onu da qeyd etdi  ki, diyarımızda təsərrüfatçılar üçün hər cür şərait yaradılıb, kim istəyir həyətində, pay torpağında istixana yaradır, qış fəslində də bazar və mağazalarda təzə göyərti bol olur. Amma elə yeməklər var ki, onlara quru göyərti qatanda daha dadlı olur. Bəzən bazara gedə bilməyəndə də qurudulmuş göyərtiyə ehtiyac yaranır. Ona görə də  xanımlarımız öz mətbəxində cürbəcür göyərti qurusu saxlamağa üstünlük verir. Alıcıların çoxu yurdumuzun səfalı havasında, təmiz torpağında bitən bu məhsulları alıb uzaqda yaşayan qohum-əqrəbasına da sovqat göndərirlər.
    Yarmarkada alıcılarla da görüşdük. Naxçıvan şəhər sakini Validə Səfərovanın dediklərindən: – Bu günlərdə biz qadınları qayğılandıran əsas məsələ qış üçün hazırlıq görmək, yetişən meyvə-tərəvəzlərdən müxtəlif yeməklər, mürəbbələr, kompotlar hazırlayıb qablaşdırmaq, fəslə uyğun göyərtilər alıb qurutmaqdır. Axı atalar əbəs yerə deməyib “Yayın yayxantısı qışın yavanlığıdı”. Kəndli öz həyət-bacasında əkdiyi meyvə-tərəvəzdən özünə lazım olanını qış azuqəsi edir, qalanını da gətirib yarmarkada satır. Bu da həm onların ailə büdcəsinə kömək edir, həm də biz şəhər sakinlərinin ehtiyacını ödəyir. Dövlətimiz süfrələrimizin daha zəngin, daha rəngarəng olması üçün məqsədyönlü tədbirlər həyata keçirir. Belə tədbirlərdən biri də bu cür yarmarkaların  təşkil edilməsidir. Bu, çox gözəl haldır. 
    Ruzi-bərəkətli əkin sahələrində artıq digər məhsullar da yetişməkdədir. Önümüzdəki həftələrdə keçiriləcək satış yarmarkalarında şəhər sakinlərinə həmin məhsullar da təqdim olunacaqdır. Alıcıların və satıcıların da qeyd etdikləri kimi, belə tədbirlər torpaq mülkiyyətçilərinin min bir zəhmətlə yetişdirdikləri məhsulları rahatlıqla satmalarına və ailə büdcələrinin gəlirlərini artırmalarına şərait yaratmaqla yanaşı, daxili bazarı yerli məhsullarla da təmin edir. Yerli məhsullarımız isə həm dad-tamı, həm keyfiyyəti, həm də qiyməti ilə sakinləri daim cəlb edir.

Sürəyya QƏDİMƏLİYEVA

Nəşr edilib : 24.07.2023 20:24