AZ EN RU

Naxçıvan şəhərində reyd keçirilib

    Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Naxçıvan şəhərinin müxtəlif küçə və prospektlərində reydlər keçirilib. Məqsəd dayanma və durma qaydalarına riayət etməyən, həmçinin təhlükəsizlik kəmərindən düzgün qaydada istifadə etməyən sürücüləri aşkarlamaq olub.

    Hərəkətin intensiv olduğu küçə və prospektlərdə keçirilən reyd zamanı 100-ə yaxın sürücü saxlanılıb. Onların 14-ü barədə inzibati protokol tərtib edilib.
    Bununla yanaşı, reyd zamanı polis əməkdaşları tərəfindən sürücülər arasında maarifləndirmə və təbliğat işləri də aparılıb.
    Naxçıvan DİN-in DYPİ-nin əməkdaşı, polis kapitanı Ayaz İsmayılov deyib ki, bu gün keçirilən reyd sürücülərin təhlükəsizlik kəmərindən düzgün istifadə etməməsi, dayanma və durma qaydalarının pozulması ilə bağlıdır. Təəssüflər olsun ki, araşdırmamız zamanı məlum olur ki, şəhərimizdə bəzi sürücülər hələ də təhlükəsizlik kəmərindən düzgün istifadə etmir, onları başı üzərindən keçirirlər. Bu da onun mahiyyətini tamamilə sıfıra endirir. Sürücü və sərnişinlərimiz kəməri 3 nöqtə prinsipinə əsaslanaraq sinə və qarın boşluğundan keçirməlidir ki, onun etibarı tam təmin olunsun. Eyni zamanda dayanma və durma qaydalarının pozulması ilə bağlı bəzi sürücülərə iradlarımız oldu, onlarla maarifləndirici söhbətlər apardıq. Bəzilərinə isə müvafiq qaydada inzibati protokol tərtib edildi. 
    Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən bildirilib ki, Dövlət Yol Polisi İdarəsi tərəfindən reydlər davam etdiriləcək.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 06.12.2023 18:12