AZ EN RU

Naxçıvan şəhərində radio dalğalarının monitorinqi aparılıb

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi və Naxçıvan Muxtar Respublikası Radio-Televiziya Ötürücü Mərkəzinin əməkdaşlarının birgə iştirakı ilə Naxçıvan şəhərində yayımlanan radio FM dalğalara kənar müdaxilələrin müəyyən edilməsi məqsədilə monitorinqlər keçirilib. Monitorinqlər zamanı Naxçıvan şəhərində bir sıra yerlərdə ölçmələr aparılıb. 
Monitorinqlərin nəticəsi göstərib ki, bir çox istiqamətlərdə Naxçıvan radiosunun yayımlandığı 104.1 FM tezliyində qırılmalar baş verir. Buna səbəb isə kənar radiovericilərin də fəaliyyət göstərməsidir və bu nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. 
Qeyd edək ki, monitorinqlər zamanı radiotezliklər sahəsində ən müasir texnoloji avadanlıq “Rohde & Schwarz Spectrum” analizator avadanlığından istifadə olunub. Bu cihaz  vasitəsilə  spektr analizi, o cümlədən muxtar respublika ərazisində televiziya və radio proqramlarının yayım vəziyyəti həyata keçirilir, TV və FM vericilərinin əhatə dairəsi, radiotezlik zolaqları təyin edilir, eləcə də sərhədyanı ərazilərdən qəbul edilən və  GSM (Global System for Mobile Communications- Mobil rabitə üçün qlobal sistem), UMTS (Universal Mobile Telecommunications System-Universal Mobil Telekommunikasiya sistemi) və LTE (Long-Term Evolution-Uzun müddətli inkişaf) mobil rabitə siqnallarının radiomonitorinqi aparılır.

 

Nəşr edilib : 30.01.2023 19:51