AZ EN RU

Naxçıvan şəhərində piyada səkiləri yenidən qurulur

    Son günlərdə Naxçıvan şəhərində insanların rahatlığı və təhlükəsizliyi  üçün sosial-mədəni infrastrukturun yenidən qurulması istiqamətində işlər aparılmaqdadır. Yol verilmiş nöqsanlar ucbatından qəzalı vəziyyətə düşmüş binaların, yol və piyada səkilərinin  yenidən inşası, müasir tələblərə uyğun şəkildə qurulması yerli əhalinin və şəhərimizə gələn qonaqların razılığına səbəb olur. Belə ki, təxminən, 15-20 il əvvəl şəhərimizdə  piyada yollarına, meydanlara və istirahət parklarına döşənən sal dağ daşları insanların rahat hərəkətinə əngəl törədir, yağışdan sonra kiçik gölməçələrin yaranmasına səbəb olur, olduqca baxımsız mənzərə yaradırdı. Daimi oxucularımız da xatırlayırlar ki, hələ qəzetimizin 15 fevral 2023-cü il sayındakı “Tikintidə əsas məqsəd insan həyatı və təhlükəsizliyi olmalıdır” başlıqlı yazıda da bu yöndəmsiz daşların insanların rahat hərəkəti üçün çətinliklər yaratdığını qeyd etmişdik. Artıq şəhərimizdə piyadaların hərəkəti üçün nəzərdə tutulmuş yollara döşənmiş bu dağ daşlarının sökülərək yenidən qurulmasına başlanılıb. 
    Aparılan abadlıq tədbirləri ilə tanışlıq zamanı iş icraçısı Orxan İsmayılov qeyd etdi ki, ilk mərhələdə Heydər Əliyev prospekti boyunca, Əcəmi seyrəngahı ərazisində və yolun qarşı tərəfindəki piyada səkilərinə döşənmiş bu daşların sökülməsi və yerinə gözoxşayan mozaikalı müasir kilid daşlar döşənməsi işləri aparılır. Təmizlənib, yenidən abadlaşdırılan yol kənarlarından istifadə edən sakinlər də onlara göstərilən bu qayğıdan məmnun olduqlarını ifadə edirlər. 

Əli CABBAROV

Nəşr edilib : 05.09.2023 17:22