AZ EN RU

Naxçıvan şəhərində mərkəzi kanalizasiya şəbəkəsinə qoşulmayan 100-dən çox yaşayış obyekti müəyyən edilib

Naxçıvan şəhər ərazisində çirkab suların idarəolunması və kanalizasiya xətlərinin olmadığı ərazilərin müəyyən edilməsi üçün Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq əmri ilə nazirlik və Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşlarından ibarət “İşçi Qrup” yaradılıb. “İşçi Qrup” tərəfindən Naxçıvan şəhər ərazisində mərkəzi kanalizasiya şəbəkəsinə qoşulmayan 100-dən çox yaşayış və onlarla qeyri-yaşayış obyekti müəyyən edilib. Həmin obyektlərin rəqəmsal xəritəsi hazırlanıb, o cümlədən databazası yaradılıb.
Bu sözləri “Şərq qapısı”na müsahibəsində Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ekoloji Ekspertiza, Ətraf Mühitə və Təbii Ehtiyatlardan İstifadəyə Nəzarət Xidmətinin rəisi Azər Məmmədov söyləyib.
Xidmət rəisi deyib : “İşçi qrup fəaliyyətə başlamadan əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən keçirilən reyd-yoxlamalar zamanı Naxçıvan şəhərində mərkəzi kanalizasiya şəbəkəsinə qoşulmayan bir sıra hüquqi şəxslərə mərkəzi kanalizasiya şəbəkəsi mövcud olmayan ərazilərdə çirkab suların düzgün idarəolunmaması səbəbindən İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq cərimələr tətbiq edilib və inzibati materiallar baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilib. Hazırda Naxçıvan şəhər ərazisində çirkab suların idarə olunması və kanalizasiya xətlərinin olmadığı ərazilərin müəyyənləşdirilməsi və ətraf mühitə təsirin aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir”.
Azər Məmmədovun sözlərinə görə, Naxçıvan Şəhər Təmizləyici Qurğular Kompleksi texniki tələblərə və standartlara uyğun şəkildə çirkab sularını təmizləmədiyi üçün qurğudan çıxan sular torpaq məcralı kanal vasitəsilə keçdiyi ərazi boyunca ətraf mühitin bir sıra komponentlərini çirkləndirir, antisanitar şərait yaradır və həmin sular açıq su hövzələrinə yönəldilir. Mövcud problemlərin aradan qaldırılması ilə bağlı 2023-cü ildə sözügedən müəssisəyə tərəfimizdən icrası məcburi olan göstərişlə bağlı sənəd göndərilməsinə baxmayaraq, heç bir tədbir görülməyib və müvafiq qurğuların filtrləri bərpa edilməyib və ya yenisi ilə əvəz olunmayıb. Cari ildə qurğudan keçən sulardan nümunə götürülüb və üzərində laborator təhlillər aparılıb.
“Təmizləyici Qurğunun istehsal gücü gündəlik 32 min kubmetr təşkil edir. Riyazi hesablamalar aparsaq il ərzində bu göstəricinin 116 min 80 kubmetr olduğunu görərik. Bir il qurğu tam gücü ilə işləsə 12 mln kubmetr həcmində rezervuarda toplana və ikipilləli nasos vasitəsilə Nehrəm su anbarına vurula bilər. Yaz və payız mövsümündə həmin suların suvarmada (Tumbul, Qaraxanbəyli, Bulqan və Qaraçuq kəndlərinin əkin sahələri) istifadəsi mümkündür. Yeni su rezervuarı yaradılarsa, təsərrüfat məqsədi üçün nəzərdə tutulan suların təmizləyici qurğular vasitəsilə tələb və standartlara uyğun təmizlənməsi zəruridir” ,–deyə o əlavə edib.

Nail ƏSGƏROV

Nəşr edilib : 22.05.2024 17:38