AZ EN RU

Naxçıvan şəhərində 782 ön ödənişli smartkarttipli elektrik sayğacı quraşdırılıb

    Ötən illərdə enerji təhlükəsizliyi ilə bağlı atılan mühüm addımlar bu sahənin hərtərəfli inkişafına zəmin yaratmaqla muxtar respublikamızın enerji idxalçısından enerji ixracatçısına çevrilməsinə səbəb olub. Diyarımızın energetikasında mövcud təbii potensialdan lazımınca istifadə bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalına imkan verib, qısa müddətdə bu sahədə mühüm nəticələr əldə edilib. Təbii ki, enerjinin əldə olunması ilə yanaşı, onun düzgün paylanılmasına, səmərəli istifadəsinə, israfçılığın qarşısının alınmasına diqqətin artırılması, transformator yarımstansiyalarına, müxtəlifgərginlikli elektrik xətlərinə nəzarətin gücləndirilməsi, texniki itkinin aradan qaldırılması üçün vaxtlı-vaxtında təmir-bərpa işlərinin aparılması da vacib şərtdir. Muxtar respublikamızın paytaxtı Naxçıvan şəhərinin ilbəil daha da böyüməsi, yeni inzibati, yaşayış binalarının tikilməsi, istehsal və sənaye müəssisələrinin qurulması energetika sahəsinə diqqətin daha da artırılmasını, ərazilərdə xidmətin operativ təşkilini zəruri edir. 

    Naxçıvan Şəhər Elektrik Şəbəkəsi ilin bütün dövrlərində sakinlərin, müəssisə və təşkilatların tələbatına uyğun elektrik enerjisi ilə təminatına diqqətlə yanaşır, qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışır. Cari ildə də şəbəkənin balansında olan təsərrüfatlarda bir sıra tədbirlər icra olunub. Aldığımız məlumata görə, 2022-ci ilin 7 ayında 10/0,4 kilovoltluq elektrik hava xətlərində və yarımstansiyalarda təmir işləri aparılıb, yararsız xətt dirəkləri yeniləri ilə əvəzlənib, istismara yararlı, lakin qüsurlu olan xətt dirəklərinə beton altlıqlar vurulub, maşın-mexanizmlərə mütəmadi baxışlar keçirilib. Həmçinin elektrik enerjisinin ötürülməsi zamanı yaranan texniki itkinin minimuma endirilməsi üçün mühəndis-texniki tədbirlər davam etdirilib. Bəhs olunan dövrdə 36 ədəd 10/0,4 kilovoltluq paylayıcı güc yarımstansiyası, texniki təhlükəsizlik normalarına cavab verməyən 165 ədəd elektrik hava xətti dirəkləri əsaslı təmir olunaraq istismara verilib, elektrik hava xətlərində aparılan təmir işlərində 77 dirəyə beton altlıqlar vurulub. 8,6 kilometr uzunluğunda elektrik hava xətti naqilləri yenisi ilə əvəz edilib, qəzalı vəziyyətdə olan 250-dən artıq 10 kilovoltluq dayaq izolyatorları əsaslı təmir olunub. 
    Məlumatda o da qeyd edilir ki, şəhərdə aparılan quruculuq və abadlıq işləri ilə bərabər, Nizami küçəsində gücü 400 kvA olmaqla 1, Ə.Qəmküsar küçəsində “Oksigen” sexində gücü 250 kvA olmaqla 1, “N” hərbi hissədə 1000 kvA 1, 40 kvA 1, Kimya-Biologiya Təmayüllü Liseydə 250 kvA olmaqla 1 yarımstansiya quraşdırılaraq istismara verilib. Əhalinin enerji təchizatının keyfiyyətini yaxşılaşdırmaq üçün inzibati ərazilərdə baxışlar keçirilib, nəzarət-ölçü işləri aparılıb və enerji təchizatının keyfiyyətini yaxşılaşdırmaq üçün əsaslı təmir işləri görülüb. B.Abbasov küçəsində uzun müddət istismar olunan yarımstansiyada 400 kvA gücündə 4 transformatorun istismar müddəti bitdiyindən eyni güclü təzə transformatorla əvəz olunub. Abadlıq işləri aparılan “SMU-6” adlanan ərazidə binatipli yarımstansiya əsaslı təmir edilib, 160 kvA gücündə güc transformatoru quraşdırılaraq istismara verilib. “N” hərbi hissədə aparılan abadlıq işləri ilə əlaqədar gücü 160 kvA olan 2 açıqtipli yarımstansiya əsaslı təmir olunaraq qapalı paylayıcı yarımstansiya ilə əvəz edilib.
    Cari ilin 7 ayında Naxçıvan Şəhər Elektrik Şəbəkəsi tərəfindən texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarının tələblərinə uyğun olaraq işçilər mövsümi geyim dəstləri və əlcəklərlə təmin olunub, maşın-mexanizmlərin saz vəziyyətdə saxlanılması üçün şəbəkədə təmir sahəsi yaradılıb. Bütün nəqliyyat vasitələri cari və əsaslı təmir olunub, texniki baxışdan keçirilib. Bu müddət ərzində şəbəkəyə məxsus 2 ədəd “Qazel” markalı və 1 ədəd “QAZ-52”, 2 ədəd “VAZ 21074” markalı maşınların mühərrikləri əsaslı təmir olunaraq istismara buraxılıb. Abadlıq işləri aparılan ərazilərdə 12 yarımstansiya əsaslı təmir olunub, köhnəlmiş KTP-lər yenisi ilə əvəz edilib. Yeraltı kabelləşmə işlərində 4,6 kilometr uzunluğunda 10 kilovoltluq elektrik hava xətti yeraltı kabellə əvəz olunub, 13800 metr 10 kilovoltluq kabel çəkilib. Ötən müddətdə aparılan təmir işləri zamanı yarımstansiyalarda 32 ədəd 10 kilovoltluq, 46 ədəd 0,4 kilovoltluq ayırıcılar istismara yararsız olduğu üçün yenisi ilə əvəzlənib. Şəbəkənin balansında olan yarımstansiyalarda boyama işləri aparılıb, inventar nömrələri və xəbərdaredici lövhələr vurulub, hazırda bu istiqamətdə işlər davam etdirilir. Naxçıvan şəhəri və inzibati ərazilərdə 2022-ci ilin 7 ayı ərzində 782 ön ödənişli smartkarttipli elektrik sayğacı quraşdırılıb ki, bunlardan 224-ü yeni tikilən evlərin payına düşür. 
    Ümumilikdə, 2022-ci ilin 7 ayı ərzində Naxçıvan Şəhər Elektrik Şəbəkəsinin tələbatçılarına 88 milyon 71 min kvt/saat elektrik enerjisi sərf olunub, bunun müqabilində 6 milyon 873 min manat vəsait toplanıb ki, bu da verilmiş elektrik enerjisinin dəyərinin 100 faizi deməkdir. O cümlədən əhaliyə 32 milyon 652 min kvt/saat elektrik enerjisi sərf olunub, bunun da müqabilində elektrik enerjisinin dəyərinin 100 faizi həcmində, yəni 2 milyon 775 min 50 manat vəsait yığılıb.

Nail ƏSGƏROV

Nəşr edilib : 06.09.2022 18:39