AZ EN RU

Naxçıvan Şəhər Xalq Teatrı “Komediyalar aləminə səyahət” tamaşasını nümayiş etdirib

Nümayiş zamanı yazıçı-dramaturq Məhərrəm Əlizadənin “Qəşəmin yuxusu”, Xalq şairi Süleyman Rüstəmin “Çimnaz xanım yuxudadır”, Əməkdar artist Tofiq Seyidovun “Yarım günlük rəis müavini” və Tofiq Həsənovun “Şöhrət ardınca” tamaşalarından parçalar təqdim olunub.

Quruluşçu rejissoru və rəssamı Akif Əsədov, musiqi tərtibatçısı Əkbər Əliyev olan səhnə əsərində Akif Əsədov, Naxçıvan Şəhər Mədəniyyət İdarəsinin tabeliyindəki mədəniyyət evlərinin əməkdaşları Ramiz Cəlilov, Qəmər Babayeva, Naxçıvan Dövlət Universitetinin Aktyor sənəti ixtisası üzrə tələbələri Ayşən Qafarlı, Hülya Əliyeva, Xəlil Hüseynov, Ramin Allahverdiyev müxtəlif obrazları uğurla canlandırıblar.

Tamaşa boyu ustad aktyor Akif Əsədovun yüksək peşəkarlıq nümayiş etdirməsi, gənc aktyorların maraqlı təqdimatı yaradıcılıq məhsulunun böyük anşlaqla keçməsinə səbəb olub.

Qeyd edək ki, Naxçıvan Şəhər Xalq Teatrı 1978-ci ildə yaranıb. Teatr fəaliyyət dövründə C.Cabbarlının “Solğun çiçəklər”, Seyfəddin Dağlının “Adı sənin, dadı mənim”, Ə.Haqverdiyevin “Bəxtsiz cavan”, H.Cavidin “Ana”, B.Vahabzadənin “Yollara iz düşür”, Q.Fiqeyredonun “Ezop”, Səttar Axundovun “Məhəbbət nişanəsi”, Tofiq Həsənovun “Şöhrət ardınca”, Tofiq Seyidovun “Yarım günlük rəis müavini”, Salam Qədirzadənin “Bığ” və digər onlarla səhnə əsərlərinin uğurlu nümayişinə nail olub. Xalq teatrı bu günədək ölkəmizin müxtəlif bölgələrində tamaşalar nümayiş etdirib, müxtəlif müsabiqələrin iştirakçısı və qalibi olub, diplom və mükafatlara layiq görülüb. Naxçıvan Şəhər Xalq Teatrı həm də dövlət teatrları üçün aktyor və rejissorların yetişdirilməsində böyük rol oynayıb.

Tamaşaçılara xoş əhval-ruhiyyə bəxş edən “Komediyalar aləminə səyahət” alqışlarla qarşılanıb.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 20.04.2024 10:46