AZ EN RU

Naxçıvan şəhər sakinləri yeni avtobuslarına nə zaman sahib olacaqlar?

    İctimai sərnişin nəqliyyatı dövlətin hər zaman diqqətində olan və mühüm əhəmiyyətli sosial sahədir. Yəni yük nəqliyyatından fərqli olaraq bu sahədə kommersiya maraqları deyil, əhalinin rahat yaşayışı, insanların ucqarlardan köçünün qarşısının alınması, iri şəhərlər daxilində tıxacların aradan qaldırılması, ağır fəsadlı yol-nəqliyyat hadisələrinin minimumlaşdırılması kimi mühüm məqsədlər qarşıya qoyur. Azərbaycan Respublikası da müstəqilliyinin ilk illərindən bu sahədə mühüm tədbirlər reallaşdırmış, yol infrastrukturunun və avtobus parkının yenilənməsi istiqamətində mühüm işlər həyata keçirmiş, gediş haqları Tarif Şurasının qərarları ilə tənzimlənmişdir. Nəticədə, ildən-ilə ölkəmizdə bu sahədəki irəliləyiş göz önündədir.  
    Lakin bununla yanaşı, göz önündə olan elə məsələlər də vardır ki, bunlara laqeyd qalmaq olmur və vətəndaş kimi yaranan suallara gec də olsa, aydınlıq gətirilməsi lazımdır. Söhbət Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 2018-ci il 30 iyul tarixli 7 nömrəli Qərarı ilə hazırda ölkə miqyasında şəhərdaxili gediş haqlarının 30 qəpik olmasına baxmayaraq, Naxçıvan şəhəri daxilində 2022-ci ilin yayından bunun artırılaraq 40 qəpik olmasından gedir. Həm ictimai nəqliyyatdan istifadə edən on minlərlə sakindən biri, həm də uzun müddət məlum səbəblərdən obyektiv tənqidə və müstəqil fikrə susqun buraxılmış bir qəzet əməkdaşı kimi insanların da tez-tez müzakirə etdiyi bu məsələ ilə maraqlanıb, yollandıq Naxçıvan şəhər nəqliyyatına məsul olan təşkilata. 
    İnsafən həmin qurumda bizi yüksək səmimiyyətlə qarşılasalar da burada gediş haqlarının nədən ölkə səviyyəsindən 25-30 faiz baha olması ilə bağlı sorğumuza dərhal cavab verə bilməyib bir az gözlətdirdilər. Halbuki Naxçıvan şəhərində işləyən marşrut avtobuslarının ön pəncərəsində sərnişinlərə 6 yaşdan yuxarı uşaqlar üçün gediş haqqının pullu olduğunu xatırladan bildiriş rəsmi qərarın nömrəsinədək  burada da bizə təqdim olundu.     
    Mən də sizləri çox gözlətdirmədən onu qeyd edim ki, təxminən, yarım saatdan sonra idarə əməkdaşı məni təkrar otağına dəvət edib, direktorun yanına qalxmağı təklif etdi. Təbii ki, bununla razılaşmayaraq, sadəcə, Naxçıvanda gediş haqlarının artırılması barədə rəsmi bir sənəd üçün gəldiyimizi israrla bildirdik. Sonda aldığımız şifahi cavabı olduğu kimi təqdim edirik: “Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti dövlət dəstəyi olmadan yeni avtobuslar alması və kreditlərin ödənilməsi üçün onlara yuxarıdan verilən belə bir göstərişlə, guya, 2022-ci ilin oktyabrın 1-dən (halbuki bütün naxçıvanlılar qiymət artımının bundan azı 3-4 ay öncə olduğunu təsdiq edə bilərlər) gediş haqlarını artırıb. Günün  sonuna qədər bu qərarı da kağız üzərində görə bilmədiyimiz üçün bizdə də belə bir fikir yarandı ki, onda yəqin kreditlər ödəniləndən sonra bu yeni avtobuslar ya bir müddət camaat üçün pulsuz işləməli, ya da kreditləri ödəmiş sadə naxçıvanlılara hədiyyə olunmalıdır. Məncə, qanuni əsası  olmayan bu qərarın belə bir məntiqi sonluğu da olmalıdır. Son söz  isə dövlətimizindir. 
    Qarşı tərəfin də bu məsələ ilə bağlı bir arqumenti varsa, qəzetdə işıqlandırmağa hazırıq.  

Əli CABBAROV

Nəşr edilib : 28.12.2022 22:19