AZ EN RU

Naxçıvan Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib - FOTO

2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar Naxçıvan Şəhər İcra Hakimiyyətində keçirilən müşavirəni İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov açıb.
Müşavirədə Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri Baba Əliyev, İstilik Təsərrüfatı İdarəsinin rəisi Nəsimi Novruzov, Qaz İstismarı İdarəsinin rəisi Mahmud Əbilsoy və digərləri çıxış edərək mövsümə hazırlıqla bağlı görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı aidiyyəti üzrə məlumat veriblər.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov çıxış edərək bildirib ki, Ali Məclis Sədrinin rəhbərliyi ilə Naxçıvan şəhərində aparılan quruculuq işləri, müasir elektrik enerjisi, təbii qaz, içməli su və istilik təminatı sistemlərinin yaradılması sakinlərin rahat yaşayışının təmin edilməsində mühüm rol oynayır. Son illər bu sahədə həyata keçirilən tədbirlər payız-qış mövsümünü problemsiz başa vurmağa imkan yaradıb. 
Qeyd edilib ki, ötən payız-qış mövsümündə Naxçıvan şəhərində əhalinin istilik enerjisi ilə təminatı diqqətdə saxlanılaraq 5 mərkəzləşdirilmiş qazanxana vasitəsi ilə 62 binada 2 min 947 mənzil və 2 müəssisə, 39 fərdi qazanxana vasitəsi ilə 113 binada 4 min 792 mənzil və 24 idarə, müəssisə istiliklə təmin olunub. Ümumilikdə ötən mövsümdə 175 ictimai yaşayış binasında 7 min 739 mənzil və 26 idarə, müəssisə istiliklə təmin edilib. 2021-2022-ci illərin payız-qış mövsümündə 37 min 835 qiqakalori istilik enerjisi istehsal olunub. İstehsal edilmiş enerjinin 24 min 593 qiqakalorisi əhaliyə, 13 min 241 qiqakalorisi təşkilatlara aid olub. İstifadə olunmuş 5 milyon 716 min 952 kubmetr qazın, 1 milyon 98 min 992 kilovatsaat elektrik enerjisinin, 7 min 146 kubmetr suyun dəyəri aidiyyəti müəssisə və təşkilatların hesabına köçürülüb. 
Bildirilib ki, Naxçıvan şəhərində 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar mərkəzləşdirilmiş və fərdi qazanxanaların fasiləsiz işləməsinin təmin olunması məqsədilə texniki baxış keçirilərək, elektrik, təbii qaz, içməli su və istilik xətləri təmir edilib. Əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması üçün də tədbirlər görülüb. Mövsümə hazırlıqla əlaqədar olaraq 36 ədəd 10/04 kilovoltluq paylayıcı güc yarımstansiyası əsaslı təmir edilib və texniki təhlükəsizlik normalarına cavab verməyən 165 ədəd elektrik hava xətti dirəyi əsaslı təmir olunaraq istismara verilib. Şəhərdə aparılan abadlıq quruculuq işləri ilə əlaqədar Nizami küçəsində gücü 400 kilovatt amper olmaqla 1, Əliqulu Qəmküsar küçəsində “Oksigen” sexində gücü 250 kilovatt amper olmaqla 1, “N” hərbi hissədə gücü 1000 kilovatt amper olmaqla 1, 40 kilovatt amper olmaqla 1, Kimya-Biologiya Təmayüllü Liseydə 250 kilovatt amper olmaqla 1 ədəd yarımstansiya quraşdırılaraq istismara verilib. 
Qeyd edilib ki, əhalinin enerji təchizatının keyfiyyətini yaxşılaşdırmaq üçün əsaslı təmir işləri görülüb. Bahadur Abbasov küçəsində uzun müddət istismar olunan yarımstansiyada 400 kilovatt amper gücündə 4 transformator eyni güclü yeni transformatorla əvəz edilib. Abadlıq işləri aparılan 4-cü küçədə bina tipli yarımstansiya əsaslı təmir olunub, 160 kilovatt amper gücündə güc transformatoru quraşdırılaraq istismara verilib. “N” hərbi hissədə aparılan abadlıq işləri ilə əlaqədar gücü 160 kilovatt amper olan 2 açıq tipli yarımstansiya əsaslı təmir olunaraq qapalı paylayıcı yarımstansiya ilə əvəz edilib. Elektrik hava xətlərinin yeraltı kabellərlə əvəz olunması istiqamətində də işlər davam etdirilərək 4,6 kilometr 10 kilovoltluq elektrik hava xətti yeraltı kabellə əvəz olunub, 13 min 800 metr 10 kilovoltluq kabel çəkilib. 2022-ci ilin 8 ayı ərzində Naxçıvan şəhəri və inzibati ərazilərində 782 ön ödənişli smartkarttipli elektrik sayğacı quraşdırılıb. Bunlardan 224-ü yeni tikilən evlərin payına düşür. 
Naxçıvan Şəhər İcra Hakimiyyətinin tabeli müəssisə və təşkilatlarına 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıqla bağlı müvafiq tapşırıqları diqqətə çatdıran Mirsənani Seyidov vurğulayıb ki, Ali Məclisin Sədri tərəfindən verilən tapşırıqlar diqqətdə saxlanılmalı, qarşıya qoyulan vəzifələr tam icra olunmalıdır.

Nail ƏSGƏROV

 

Nəşr edilib : 10.09.2022 16:43