AZ EN RU

Naxçıvan Şəhər İcra Hakimiyyətində Çuy Çyanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib

    Avqustun 10-da Çin Xalq Respublikasının Çunçin şəhərinin Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin sədr müavini Çuy Çyanın başçılıq etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər edib. Qonaqlar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Sonra Heydər Əliyev Muzeyində olan ziyarətçilər dahi şəxsiyyətin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.
    Səfər çərçivəsində Naxçıvan Şəhər İcra Hakimiyyətində Çin Xalq Respublikasından gələn nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov qonaqları salamlayıb, onların dəvəti qəbul edərək Naxçıvana səfərindən məmnun olduğunu bildirib. Qeyd olunub ki, bu gün Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin iştirakı ilə keçirilən görüşdə qarşılıqlı əlaqələrin inkişafına xidmət edən bir sıra məsələlər müzakirə edilib. Əminliklə demək olar ki, bu səfər əməkdaşlıq baxımından səmərəli, təəssürat cəhətdən yaddaqalan olacaq.
    “Cahan Holdinq”in prezidenti, Naxçıvan Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov bildirib ki, səfər zamanı keçirilən görüşdə əhəmiyyətli məsələlər müzakirə olundu. Buna görə də demək olar ki, əməkdaşlığımız yeni mərhələyə qədəm qoyur. Vurğulanıb ki, növbəti gün də əməkdaşlıqla bağlı məsələlər müzakirə ediləcək, təkliflər olacaq, konkret fikirlər əsasında Çunçin şəhərinə səfər təşkil ediləcək.
    Çin Xalq Respublikasının Çunçin şəhərinin Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin sədr müavini Çuy Çyan yüksək qonaqpərvərliyə və səmimi qarşılamaya görə təşəkkürünü bildirib. Qeyd edib ki, 2021-ci ildə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Çin Xalq Respublikasının Çunçin şəhəri arasında dostluq və əməkdaşlıq əlaqələrinin qurulmasına dair imzalanan memorandumda qeyd olunan öhdəlikləri yerinə yetirmək üçün bu səfər təşkil edilib. Diqqətə çatdırılıb ki, görüşün məqsədi pandemiyadan sonra Çin Xalq Respublikası tərəfindən irəli sürülən layihənin icrasını həyata keçirməkdir. Naxçıvanla Çunçin şəhərinin iqlim şəraiti eynidir, hər iki regionun əhalisi istiqanlıdır. Nümayəndə heyəti burada qısa zaman keçirməsinə baxmayaraq, zəngin təəssüratlar əldə edib. “Cahan Holdinq”in prezidenti, Naxçıvan Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasovun başçılığı ilə nümayəndə heyətinin Çunçin şəhərinə səfər edəcəyindən böyük məmnunluğunu bildirən Çuy Çyan vurğulayıb ki, dostluq əlaqələri daha çox ünsiyyət, kommunikasiya tələb edir, beləliklə də, inkişaf, irəliləyiş əldə olunur. 
    Sonra Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov Naxçıvanın simvolu sayılan Haçadağı əks etdirən rəsm əsərini Çin Xalq Respublikasının Çunçin şəhərinin Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin sədr müavini Çuy Çyana təqdim edib. Çuy Çyan isə Çunçin şəhərinin məşhur qırmızı qızıl çayını və şəhər haqqında zəngin məlumatları əks etdirən kitabçanı İcra Hakimiyyəti başçısına hədiyyə edib. 

    Qonaqlar Naxçıvan Şəhər İcra Hakimiyyətinin muzeyində Ulu Öndərin Azərbaycana birinci və ikinci rəhbərliyi, Naxçıvanda Ali Məclisin sədri işlədiyi dövrlərdə çəkilən fotolar, dahi şəxsiyyətin fərman, sərəncam və qərarları ilə tanış olublar. Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikasının üçrəngli Dövlət Bayrağını ilk dəfə məhz bu binada qaldırıb.

    Nümayəndə heyəti Heydər Əliyev Sarayında da olub, tədbirlər zalına baxıb. Naxçıvan Dövlət Rəsm Qalereyası, Miniatür Kitab Muzeyində sərgilənən eksponatlarla tanışlıq qonaqlarda zəngin təəssürat yaradıb. Çin Xalq Respublikasının Çunçin şəhərinin Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin sədr müavini Çuy Çyan muzeydə Çin ədəbiyyatına aid kitabların da yer almasından təsirləndiyini bildirib, bu addımın, təbliğatın mədəni əlaqələrimizin inkişafına böyük töhfə verdiyini diqqətə çatdırıb. Sədr müavini Azərbaycanda Minatür Kitab Muzeyinin yaradılması üçün dəstəyini göstərən Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə ehtiramını ifadə edib, gələcəkdə Naxçıvan Dövlət Rəsm Qalereyasında Çin rəssamlarının əsərlərinin sərgilənməsi ilə bağlı səslənən təklifi yüksək qiymətləndirib, bunun üçün lazımi köməklik göstərəcəyini vurğulayıb. 

Nail ƏSGƏROV

Nəşr edilib : 10.08.2023 19:35