AZ EN RU

Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova: Bu il Naxçıvanda 1 iyun uşaqlar üçün əsl bayram ab-havasında keçəcək

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin  səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Uşaqların rəngli dünyası” adlı bayram tədbiri təşkil olunacaq.  
Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülxanım Orucova  tədbirlə bağlı sualları cavablandırdı: – İyunun 1-də Naxçıvan şəhərində yerləşən Əcəmi seyrəngahında “Uşaqların rəngli dünyası” adlı  möhtəşəm tədbir təşkil olunacaq. Tədbirdə digər qurumların – Naxçıvan Muxtar Respublikası Səhiyyə, Gənclər və İdman, Mədəniyyət, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin və Modern Psixoloji Mərkəzin, Naxçıvan Dövlət Universitetinin Texnologiya Mərkəzinin iştirakı nəzərdə tutulub. Tədbirdə müxtəlif  istiqamətlərdə əyləncəli idman oyunları, yarışlar, intellektual oyunlar, müxtəlif mövzularda ustad dərsləri, sərgilər, teatrlar, fləş-mob təşkil olunacaq. 20-yə yaxın personajın iştirakı ilə müxtəlif əyləncəli şou proqramları – köpük şou, kloun şou, üz boyama, canlı musiqi, uşaqların iştirakı ilə konsert proqramı kimi fəaliyyətlər olacaq. Həmçinin uşaqlar üçün tibbi xidmətlər göstəriləcək, müxtəlif müayinələr həyata keçiriləcək. Digər başqa sürprizlərimiz də vardır. Uşaqlara müxtəlif hədiyyələr, sertifikatlar təqdim olunacaq. Ətraflı məlumat və yeniliklər üçün Naxçıvan Şəhər İcra Hakimiyyətinin sosial şəbəkə hesablarını izləyə bilərsiniz. Bir sözlə, 1 iyun uşaqlar üçün əsl bayram ab-havasında keçəcək. Başda şəhid və qazi uşaqları olmaqla bütün uşaqları tədbirə dəvət edirik. 
Qeyd edək ki, tədbir saat 11:00-da başlayacaq və 20:00-dək davam edəcək.  Tədbirdə bütün fəaliyyətlər ödənişsiz olacaq.

Nəşr edilib : 27.05.2024 20:27