AZ EN RU

Naxçıvan şəhər birinciliyi keçirilib

Naxçıvan Dövlət Universitetinin İdman Kompleksində Vətən müharibəsi şəhidləri Quliyev Şahmar Kəmaləddin oğlu və Məmmədov Araz Qəhrəman oğlunun əziz xatirəsinə həsr olunmuş tam orta məktəblərin oğlan komandaları arasında Naxçıvan şəhər birinciliyi keçirilib. Birinciliyin keçirilməsində əsas məqsəd şəhidlərin əziz xatirəsinin yad edilməsi və basketbol idman növünə marağın artırılması olub. Açılış mərasimində ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Tahir Məmmədli, Naxçıvan Basketbol Federasiyasının sədr müavini Məhəmmədəli Rəhimov və Təhsil Şöbəsinin əməkdaşı Səfər Tağıyev çıxış edərək tədbirin keçirilmə məqsədi və qaydaları haqqında komandalara geniş məlumat verib və onlara qalibiyyət sevinci arzulayıblar. Çıxışlardan sonra birinciliyə start verilib. Birincilikdə 8 komanda iştirak edib. Yekuna əsasən 3 nömrəli tam orta məktəbin komandası bütün rəqiblərinə qalib gələrək I, 17 nömrəli tam orta məktəbin komandası II, 16 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülüb. Sonda qalib komandalara və komanda üzvlərinə təşkilatçıların diplomları təqdim edilib.
Naxçıvan Basketbol Federasiyası, Naxçıvan Şəhər İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsinin birgə təşkil etdiyi birincilik 3 noyabr 2023-cü il tarixdə reallaşıb.

Nəşr edilib : 03.11.2023 17:46